Ana səhifə / Məqalə / Şərqi Türküstanda nələr baş verir?

Şərqi Türküstanda nələr baş verir?

Uyğurlar qədim Türk xalqlarından biridir. Dərin mədəniyyətə malik olan bu xalq qədim dövrlərdən hal-hazırda yaşadığı ərazilərdə var olmuşdur. Tarixdə böyük imperiyalar yaradan uyğurlar, 1912-ci ildə Tzin sülaləsinin ləğv edilməsindən sonra   Sintszyan bölgəsində hakim olan sərkərdə Yang Zengxin ilə mübarizəyə başlamışdır. Pan-türkist və İslamçı Cədidçilərin rəhbərlik etdiyi mübarizə  və bir sıra xalq üsyanları nəticəsində 1933-cü ilin noyabr  ayının  12-də Birinci Şərqi Türküstan Respublikası yaradılmışdır. Birinci Şərqi Türküstan Respublikası müsəlman olan, lakin etnik çinli olan generallar Ma Zhancang and Ma Fuyuanın hücumundan sonra 1934-cü ilin aprel ayının 16-da süqut etmişdir. İkinci Şərqi Türküstan Respublikası isə uzun mübarizədən sonra 1944-cü ilin noyabr ayının 12-də elan edilmişdir. Çində vətəndaş müharibəsinin sonunda kommunistlər qalib gəldikdən sonra Çin ordusu 1949-cu ilin dekabr ayında Şərqi Türküstana göndərilmiş və beləcə, ikinci respublika da süqut etmişdir. Bu dövrdən etibarən Şərqi Türküstan torpaqları Çinə tabedir.

1

Birinci Şərqi Türküstan Respublikasının elanı

 

Son dövrlərdə Çində uyğurların və digər türk-müsəlman etnik azlıqların kütləvi şəkildə yenidən təhsil və ya islah düşərgələrində məcburi şəkildə saxlanması xəbərləri geniş şəkildə müzakirələrə səbəb olmuşdur. Çin 2014-cü ildən tətbiq etməyə başladığı bu proqramı “yenidən təhsil düşərgələri” adlandırsa da, bir çox hallarda ingilisdilli mətbuatda bu düşərgələr “Etnik QULAQ” adlandırılır [1]. Çin dövlətinin rəsmi şəkildə verdiyi məlumata əsasən bu düşərgələr ekstremizmə və terrorizmə qarşı mübarizə aparmaq üçün yaradılmışdır [2] [3].

Çin hakimiyyətinin yüz minlərlə uyğuru, qazaxı, qırğızı, etnik çinli olan, lakin müsəlman hueyləri və s. etnik azlıqları, həmçinin, bu bölgədə yaşayan Qazaxıstan Respublikası vətəndaşları kimi xarici vətəndaşları, demək olar ki, regionun hər yerinə səpələnmiş düşərgələrdə saxlaması təxmin edilir. Həbs edilənlərə müsəlmanlarla yanaşı, xristianlar da daxildir [4] [5] [6].

Çindəki gizlədilmiş düşərgələr BBC-in 2018-ci ilin 24 oktyabrda dərc etdirdiyi geniş araşdırmadan sonra dünya gündəmində müzakirə edilən əsas mövzulardan biri olmuşdur [7]. Çin hakimiyyətinin bu siyasəti dünyanın nüfuzlu akademik jurnalları tərəfindən “mədəni soyqırım” adlandırılmışdır [8] [9].

2009-cu ildəki Urumçi hadisələrinə qədər Vanq Lequan Kommunist Partiyasının Sintszyan-Uyğur Muxtar Rayonu Komitəsinin baş katibi idi və geniş səlahiyyətlərə malik idi. Vanq Baş Katib olduğu dövrdə regionun iqtisadi inkişafı naminə çalışmaqla yanaşı, yerli uyğur və s. etnik azlıqların sıxışdırılması ilə də məşğul olmuşdur. Onun qərarlarına əsasən ibtidai məktəblərdə uyğur dili təhsil dili olmaqdan çıxarılaraq Mandarin dili ilə əvəz edilmiş, regiondakı dövlət işçilərinə (bu regionda ən böyük işverən dövlətdir) milli baş geyimi taxmaq, oruc tutmaq, saqqal saxlamaq və ibadət etmək qadağan edilmişdir [10] [11].

2

Sintszyan partiya komitəsinin sədri Vanq Lequan (solda) və vilayətin qubernatoru Nuer Baykeli

2010-cu ilin aprel ayında Vanq Lequan Zhanq Chunxian ilə əvəzləndi. Zanq Chunxian Vanq Lequanın siyasətini davam etdirdi və daha da gücləndirdi. 2011-ci ildə Zhanq  öz siyasətini açıqlayarkən qeyd etdi ki, “müasir mədəniyyət (uyğur adət-ənənələri bura daxil edilmirdi) regiondakı inkişafa rəhbərlik etməlidir” [12]. Bu bəyanatdan sonra Zhanq öz “mədəni siyasətinin” tətbiqinə başladı.

2012-ci ildə Zhanq  “de-ekstremizm” (çincə: 去极端化) kampaniyasına başladığını bildirdi və “vəhşi imamların” (çincə: 野阿訇), “ekstremistlərin” (çincı: 极端主义) islahına başlandığını elan etdi [13][14]. Onun bu kampaniyası artıq 2014-cü ildən Çin mərkəzi hakimiyyəti tərəfindən “terrorla xalq müharibəsi” olaraq ictimaiyyətə bildirilirdi [15][16]. Bundan sonra əvvəlki qadağalarla yanaşı, yeni qadağalar da qüvvəyə minməyə başladı. Əvvəlki qaydalar əsasən dövlət işçilərinə aid edilirdisə, yeni qaydalar artıq hamıya şamil edilirdi. Qadağalara görə, “anormal” saqqal saxlamaq, niqab geyinmək, uşaqlara “ifrat dini bağlılığın göstəricisi olan” adlar (Məhəmməd, Fatimə və s. kimi adlar)  qoymaq qadağan edilirdi [17][18].

2016-cı ilin avqust ayında Tibetdəki qəddar metodlarına görə xeyli “məşhurlaşan” və Tibetin tabe olmasının əsas səbəbkarı olaraq qəbul edilən Chen Quanquo Sintszyanın rəhbəri təyin edildi.

Chenin gəlişindən sonra mərkəzi Çin hakimiyyətinin yerli hakimiyyət nümayəndəliyi 90,000 etnik çinlini polis vəzifələrinə işə qəbul etdi. Qeyd etmək lazımdır ki, bu rəqəm yerli hakimiyyətin son 7 ildə işə qəbul etdiyi polis sayının 2 qatı idi [19]. Regionda 7300 buraxılış məntəqəsi yaradıldı, bu məntəqələrdə polis qüvvələri ilə yanaşı, ağır zirehli hərbi texnikalar da cəmləşdirilmişdir. Regionda tədricən dünyada ən çox polis nəzarəti olan regionlardan birinə çevrilirdi. Artıq bu zaman mərhələ-mərhələ “təhsillə transformasiya etmək” konsepsiyası meydana çıxdı və bu konsepsiya “de-ekstremizm” (ingiliscə: de-extremification) kampaniyası ilə əlaqələndirildi. Bu hadisələrdən sonra Sintszyan-Uyğur Muxtar Rayonu dünya mediası tərəfindən dünyanın ən sərt polis-dövləti adlandırılmışdır [20] [21].

Regionda sürətlə güclü polis nəzarətinin yaradılması və kütləvi həbslər islah düşərgələrinin yaradılması prosesini daha sürətləndirdi. 2017-ci ilin statistikasına əsasən, uyğurlar ümumi Çin əhalisinin 1,5 faizini təşkil etsələr də, bütün Çində müxtəlif səbəblərdən həbs edilənlərin 21 faizini  təşkil edirdi. Bu göstərici 2016-cı il ilə müqayisədə 7 dəfə çox idi [22].

Həbslərin bu qədər artmasından sonra islah düşərgələrinin və ya yenidən təhsil düşərgələrinin (ingiliscı:re-education camps) tikilməsi üçün Çinin müxtəlif şəhərlərindən və şirkətlərindən inşaat layihələri təklif edilməyə başlandı. Tədricən, regionda dini inanclarına və etnik kimliyinə görə həbs edilmiş yüz minlərlə insanın saxlanıldığı düşərgələr meydana çıxmağa başladı [23].
7

Sintszyanda yenidən təhsil düşərgələrinin tikilməsi üçün dövlət tərəfindən keçirilən tenderlərin sayı haqda statistika

Yenidən təhsil düşərgələri

Sintszyanda yenidən təhsil düşərgələri gizli formada idarə olunur. Yenidən təhsil düşərgələri şəhər yerlərində keçmiş məktəblər, düşərgələrdə, Kommunist partiyası məktəblərində, orta məktəblərdə və digər dövlət tikililərində yerləşir. Şəhərətrafı və ucqar yerlərdəki düşərgələr isə məxsusi olaraq bu məqsəd üçün tikilmişdir. Bu düşərgələr xüsusi polis və ya ordu tərəfindən mühafizə edilir və özünün gözətçi qüllələri, nəzarət-buraxılış məntəqələri, mühafizəçi otaqları, həbsxanalarda olduğu kimi giriş qapıları vardır [24] [25].  Bütün bunları peyk çəkilişlərində aydınlıqla görmək olur.

2018-ci ilin noyabr və dekabr aylarında Çinin məşhur onlayn jurnalı olan “Bitter Winter” Sintszyanın Külcə şəhərindəki 2 düşərgədən çəkilmiş 3 video yayımladı. Bununla da, jurnal sübut etməyə çalışırdı ki, yenidən təhsil düşərgələri adi düşərgələr və ya hər hansısa təhsil düşərgəsi yox, məhz həbs düşərgəsidir. Digər nüfuzlu nəşr olan “Business Insider” videoları təftiş etdikdən sonra dərc etdiyi yazıda bildirdi ki, “Bitter Winter”in ikinci videosunun doğruluğu əvvvəllər bu düşərgələrdə olmuş və sonradan müxtəlif yollarla buradan xilas ola  bilmiş şəxslər tərəfindən  təsdiqlənmişdir [26].

Düşərgələrin sayı barədə rəsmi və dəqiq məlumat yoxdur. Vaşinqtonda yerləşən Ceymstaun Fondunun 2017-ci ilin may ayının 15-də nəşr etdirdiyi araşdırmasına görə, təkcə dövlət tərəfindən 73 düşərgənin tikilməsi üçün tender keçirilmişdir (qeyd etmək lazımdır ki, düşərgələrin çox hissəsini köhnə və dövlətə aid tikililər təşkil edir) [27]. Radio Free Asianın araşdırmasına görə təkcə Karğılıq ərazısındə ən azı 8 düşərgə mövcuddur [28]. Britaniya Kolumbiyası Universitetinində çalışan Shawn Zhang  peyk görüntülərindən istifadə edərək düşrəgələrin sayını müəyyən etməyə çalışmışdır. O, bu işdə dövlət məmurlarının ölkə daxili səyahət hesabatları, dövlət büdcəsinindən xərcləmələr haqqında hesabatlar və s. rəsmi dövlət sənədlərindən istifadə etmişdir. Google Earth Prodan və Çin dövlətinin rəsmi sənədlərindən istifadə edərək  Shawn Zhang  Sintszyanda 31 düşərgəni müəyyən edə bilmişdir [29].

4

Shawn Zhang 

Mühacirətdə olan bir çox uyğur bildirir ki, onların ailəsindən ən azı 1 nəfər bu düşərgələrdə saxlanılır [30]. Bir çox yerli və xarici media orqanın bildirdiyinə görə, yüz minlərlə uyğur, habelə qazax, qırğız və digər etnik azlıqa mənsub olanlar  hər hansısa məhkəmə olmadan bu düşərgələrdə saxlanılır [31][32]. 2018-ci ilin yanvar ayında bildirilən məlumata görə, təkcə uyğurlardan 120 min nəfər bu düşərgələrdə saxlanılır [32][33][34]. Digər mənbələrə görə isə uyğurların 10 faizi bu düşərgələrdə saxlanılır (Çin uyğurlarının sayı 11-15 milyon göstərilir) [35][36].

2005-ci ildən sürgündə olan və ABŞ-da yaşayan Rəbiyyə Qədir bildirmişdir ki, qardaş-bacılarının, övladlarının, nəvələrinin və s. kimi yaxın qohumlarından 30 nəfər bildirilməyən səbəblərə və bilinməyən müddətlik bu düşərgələrə həbs edilmişdir [37]. Həmçinin, “Free Radio Asia”nın uyğur bölməsinin 3 əməkdaşının da onlarla qohumu  eyni taleyi yaşamışdır. Bütün bu həbs edilənlər barədə heç bir xəbər yoxdur və Çin höküməti rəsmi heç bir açıqlama verməmişdir [38] [39].

“Radio Free Asia”nın üzvləri bölgədəki bəzi polis və ədliyyə sistemi işçilərindən telefon vasitəsilə müsahibə götürə bilmişdir:

2017-ci ilin 20 noyabrında Bulaqsu bölgəsindən olan polis bildirmişdir: “Bulaqsu bölgəsində 2514 nəfər həbs edilmiş və 806 nəfər yenidən təhsil düşərgələrinə göndərilmişdir.”

2018-ci ilin 21 iyununda Qaraqaş bölgəsinin Tuvet nahiyəsindən olan təhlükəsizlik işçisi bildirmişdir: “1731 nəfər həbs edilmiş və 1721 nəfər yenidən təhsil düşərgəsinə göndərilmişdir.”

2018-ci ilin 2 avqustunda Quçar bölgəsinin Hankitam nahiyəsinindən olan polis bildirmişdir: “Biz təxminən 5 min nəfəri yenidən təhsil düşərgələrinə göndərmişik və hələki, onlardan heç kim azad edilməyib.”

5

Yenidən təhsil  düşərgəsi

2018-ci ilin 21 avqustunda Keriya bölgəsində çalışan polis bildirmişdir:  “Bölgəmizdə 4 yenidən təhsil düşərgəsi mövcuddur. Onlarda biri əvvəllər həbsxana kimi istifadə edilmişdir, ikincisi isə onun yanında təzəlikcə tikilmişdir. III və IV düşərgə isə son dövrlərdə sənaye bölgəsində tikilmişdir. Hal-hazırda, təxminən 30 min adam bu düşərgələrdə saxlanılır.”

Bu müsahibədən bir gün sonra RFA (Radio Free Asia) nümayəndəsi həmin Keriya bölgəsinin Yengibağ nahiyəsindən olan dövlət işçisi ilə əlaqə qura bilmişdir. Həmin şəxs müsahibəsində bildirmişdir:

“242 nəfər yenidən təhsil düşərgəsinə göndərilmişdir. Onların bank borcları olmuşdur. Onlardan 31-42 yaşlarında olan 7 nəfər düşərgələrdə ölmüşdür. Ölənlərdən 3-ün bank borcu ləğv edilmişdir, digər 4-ün borcu isə ləğv edilmə mərhələsindədir.”

RFA-ın 2018-ci ilin 18 dekabrda dərc edilmiş məlumatına görə, Çin höküməti etnik uyğur olan və yerli məhkəmədə yüksək vəzifədə çalışan Qalib Qurbanı həbs etmişdir. Qalib Qurbanın həbsi onun son dövrlərdə özünün də aid olduğu etnik qrupdan kütləvi həbslərin olmasından narahatlıq duymasını bildirdikdən sonra olmuşdur.  Bu  müsahibədən sonra Qalib Qurban Çin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dindirilmə üçün çağırılmış və bir daha ondan xəbər alınmamışdır. Ailəsi və dostları yalnız 1 ay sonra onun həbs edilməsini öyrənə bilmişdir. RFA-ın müsahibə aldığı və Xalq Məhkəməsində çalışan şəxs bildirmişdir ki, Qalib Qurban təxminən 6-12 ay əvvəl işdən çıxarılmışdır. Lakin, həmin  şəxs Qalib Qurbanın həbs  ya yenidən təhsil düşərgələrinə göndərildiyini bilmədiyini demişdir [40].

6

Yenidən təhsil düşərgəsinin peykdən çəkilmiş fotosu

Yenidən təhsil düşərgələrində orada saxlanılan insanlara dəqiq olaraq necə münasibət göstərildiyi bilinmir. İndiyə kimi yenidən təhsil düşrəgələrindən çox az insan xilas ola bilmişdir. Uyğur biznesmeni olan Əbdürrəhman Həsən “BBC NEWS”a verdiyi müsahibədə yenidən təhsil düşərgələrindəki insanlıqdan kənar münasibət və işğəncələri öyrəndikdən sonra, orada saxlanılan  68 yaşlı anası ilə 22 yaşlı həyat yoldaşının belə münasibət görməsindənsə, onların güllələnməsini Çin hökümətindən istəmişdir [41]. Əslən Sintszyandan və etnik qazax olan Kayrat Səmərqənd qazax vətəndaşı olmasına baxmayaraq, həbs edilərək yenidən təhsil düşərgəsinə salınmışdır. Burada 3 ay qaldıqdan sonra Qazaxıstan Xarici İşlər Nazirliyi Çinə nota vermiş və vətəndaşının azad edilməsini tələb etmişdi. Azad edildikdən sonra Səmərqənd yenidən təhsil düşərgələrində yaşadıqlarını ictimaiyyətlə  bölüşmüşdür. O bildirmişdir ki, orada durmadan davam edən beyinyuma və alçaltma ilə qarşılaşmış, hər gün saatlarla kommunist propaqandasını öyrənməyə məcbur edilmiş, məcburi şəkildə və toplu halda kommunizm və Kommunist partiyasının Birinci Katibi Şi Tsinpin lehinə şüarlar səsləndirməyə məcbur edilmişdirlər [42].

Yenidən təhsil düşərgələrindən qurtula bilən az saylı insanlardan biri də Mihrigül Dursundur.  Mihrigül Dursun Misirdə yaşamasına baxmayaraq, ailəsinə baş çəkmək üçün Çinə getmiş və burada olan zaman 3 dəfə həbs edilmişdir. Üçüzləri olan Mihrigülün övladlarından biri o həbsdə olan zaman müəmmalı şəkildə vəfat etmişdir.  Digər iki övladı isə əməliyyat olmuşdur [43].

Mihrigülə 3 il müddətinə ölkəni tərk etməyə icazə verilməyib, nəhayət 2018-ci ilin yayında ona geri dönmək şərtilə Misirə (Mihrigülün həyat yoldaşı misirlidir) getməyə icazə verilmişdir. O, Misirdə ABŞ diplomatları ilə təmasa keçmiş və ABŞ-a gəlmişdir.

Yenidən təhsil düşərgələrində saxlanılanlarla nələrin edilməsini öyrənməyə Mihrigülün “Congressional-Executive Commission on China və National Press Club”a verdiyi müsahibələri kömək edə bilər [44] [45] [46] [47]:

“Məni yerin altında və heç bir pəncərəsi olmayan kameraya göndərdilər. Orada hər şeyə nəzarət etmək üçün 4 divarın dördündə də videokameralar quraşdırılmışdı. Kamerada mənimlə birgə 60-a yaxın adam var idi. Gecələr 15 qadın digərləri rahat yata bilsin deyə, ayaq üstə dururdular. Biz hər iki saatdan bir yerimizi dəyişirdik.

– Su və az miqdarda düyüdən ibarət səhər yeməyindən öncə biz Kommunist partiyasını tərənnüm edən mahnılar oxumalı idik. Onlar bizə bilmədiyimiz dərmanlar və ağ maye içirirdilər. Dərmanlardan sonra qadınların bir çoxunda ginekoloji problemlər yaranırdı və bəziləri hətta ölürdü.

– Məni hündür oturacaq olan xüsusi otağa apardılar. Əllərimi və ayaqlarımı xüsusi lentlə oturacağa bağladılar. Gözətçilər keçəl qırxılmış başıma xüsusi dəbilqə taxdılar. Hər dəfə bədənimdən elektrik keçirəndə bədənim əsirdi və mən damarlarımda ağrı hiss edirdim. Məni təhqiramiz sözlərlə alçaldırdılar və günahımı boynuma almağım üçün təzyiqlər göstərirdilər. Onlar mənə anam və oğlumun öldüyünü, atamın isə ömürlük cəzaçəkmə məntəqəsində həbsdə olduğunu söyləyib, mənim ailənin “parçalanmasına” səbəb olduğumu bildirirdilər.

– Sonuncu dəfə məni elə bərk döydülər ki, yalvardım ki, məni öldürsünlər.”

“CNN”-in bu barədə xəbər hazırlamasından sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying bu barədə açıqlama vermişdir. Açıqlama görə, Mihrigül 2017-ci ilin aprel ayının 21-də Qiemo bölgə polisi tərəfindən etnik qarşıdurma yaratmağa cəhd və diskriminasiyaya görə gözaltına alınmış,  20 gündən sonra sərbəst buraxılmışdır.  O, heç vaxt nə həbs edilmiş, nə də yenidən təhsil düşərgəsinə göndərilməmişdir [48].

İnsan Hüquqlarının Çin üzrə nümayəndəsi Li Syaotsyun sentyabrın 13-də “Reuters”-ə verdiyi müsahibəsində işgəncə və təzyiq hallarını danıb və bunları bildirib:

“Mərkəzlərdə heç bir təzyiq yoxdur. Onlar təlimlər keçərək yenidən kvalifikasiyalarını artırırlar. Sonra daha yaxşı iş tapacaqlar və əsas qanunları öyrənəcəklər.”

2018-ci ilin sentyabr ayında isə “Human Rights Watch” beynəlxalq təşkilatı Çində məhbusların ağır saxlanma şərtləri barədə hesabat dərc edib. Təşkilat Çin hökümətini tənqid edərək, rəsmi Pekini düşərgələrdəki məhbusları azad etməyə çağırıb [49].

Şahidlərin bildirdiklərinə görə, yenidən təhsil düşərgələrində saxlanılanlara İslamda qadağan edildiyinə görə donu əti məcburi şəkildə yedirdilir və spirtli içki qəbul etdirilir. Bilinən işğəncə növləri ilə yanaşı, bilmədiyimiz işğəncə növlərinin də tətbiq edildiyi güman edilir [50]. Həmçinin, naməlum həblərin qəbulu nəticəsində məhkumlarda müxtəlif problemlərin meydana çıxdığı bildirilir və ehtimal edilir ki, bu həblərin təsiri altında uyğur alim Məhəmməd Salih Hacı və Dünya Uyğur Konqresinin prezidenti, aktivist Dolkun İsanın anası intihar etmişdir [51].

Başda BMT olmaqla, müxtəlif beynəlxalq təşkilatlar və müxtəlif dövlət Çinin bu siyasətinə öz etirazlarını bildirmişdir. ABŞ-da bu mövzu ilə əlaqədat Konqres Komissiyası yaradılmışdır. Məsələ BMT-də müzakirə edilmişdir. ABŞ Dövlət Katibi Mayk Pompeo İranın Ali Dini Lideri rəhbəri  Əli Xamaneyini Çinin müsəlman Uyğurlara qarşı tədbiq etdiyi repressiyanı qınamağı rədd etdiyi üçün tənqid etmişdir [52]. 2019-cu ilin fevral ayında  Türkiyə Respublikası Çini Sintszyan-Uyğur Muxtar Rayonunda Uyğurların və digər müsəlman qrupların təməl insan haqlarının pozulması hallarını qınamışdır [53].

 

Lakin, bütün bunlar Çinin, 2018-ci ildə bütöv bir etnosa qarşı bu cür insanlıqdan kənar siyasətı davam etdirməsinə mane ola bilməmişdir. Çin kommunist olan Stalin və Mao Tszedunun XX əsrin ortalarında həyata keçirdiyi repressiyalara bənzər ( “Böyük təmizləmə” və “Mədəni inqilab”)  kampaniyasını XXI əsrdə və bütün dünyanın gözü qarşısında hələ də, davam etdirir.

 

Ədəbiyyat siyahısı

  1. https://foreignpolicy.com/2018/02/28/a-summer-vacation-in-chinas-muslim-gulag/
  2. https://learningenglish.voanews.com/a/uyghers-targeted-for-reeducation-camps/4064487.html
  3. http://stream.aljazeera.com/story/201806112108-0025659
  4. http://www.spiegel.de/international/world/china-s-xinjiang-province-a-surveillance-state-unlike-any-the-world-has-ever-seen-a-1220174.html
  5. https://www.irishtimes.com/news/world/asia-pacific/rights-groups-criticise-sharp-rise-in-arrests-in-china-s-xinjiang-province-1.3577158
  6. https://www.vox.com/2018/10/24/18018282/china-reeducation-camps-uighur-muslims
  7. https://www.bbc.co.uk/news/resources/idt-sh/China_hidden_camps
  8. https://www.foreignpolicyjournal.com/2018/11/07/xi-jinpings-genocide-of-the-uyghurs/
  9. https://www.cwis.org/2018/01/156-fourth-world-nations-suffered-genocide-since-1945-the-indigenous-uyghurs-case/
  10. https://www.thetimes.co.uk/
  11. https://www.nytimes.com/2009/07/11/world/asia/11xinjiang.html
  12. https://www.eurasiareview.com/23082012-integrating-islam-the-key-to-modern-culture-in-xinjiang-oped/
  13. https://www.whatsonweibo.com/chinas-imams-online-preaching-on-weibo/
  14. https://www.rfa.org/english/news/uyghur/xinjiang-imams-10162017132810.html
  15. https://thediplomat.com/2017/04/why-is-china-banning-baby-names-and-beards-in-xinjiang/
  16. https://www.nbcnews.com/news/world/china-bans-veils-abnormal-beards-western-province-xinjiang-n741501
  17. https://www.opslens.com/2018/07/semi-autonomous-region-of-china-with-terrorist-ties-xinjiang-and-the-uyghur/
  18. https://www.almasdarnews.com/article/xinjiang-china-ignores-lessons-from-the-past/
  19. https://jamestown.org/program/chen-quanguo-the-strongman-behind-beijings-securitization-strategy-in-tibet-and-xinjiang/
  20. https://www.businessinsider.com/xianjiang-province-china-police-state-surveillance-2018-7
  21. https://www.bbc.com/news/av/world-asia-china-42911468/china-xinjiang-police-state-fear-and-resentment
  22. https://www.businessinsider.com/xianjiang-province-china-police-state-surveillance-2018-7
  23. https://chinadigitaltimes.net/2018/07/international-attention-on-crimes-against-humanity-in-xinjiang/
  24. https://www.economist.com/china/2018/08/18/china-suggests-its-camps-for-uighurs-are-just-vocational-schools
  25. https://foreignpolicy.com/2018/08/22/chinas-mass-internment-camps-have-no-clear-end-in-sight/
  26. https://www.businessinsider.com/china-camps-for-muslims-look-like-jail-cells-in-purported-video-2018-11
  27. https://jamestown.org/programs/cb/79853-2/
  28. https://www.rfa.org/uyghur/xewerler/qanun/yepiq-terbiyelesh-05142018161202.html?searchterm:utf8:ustring=%D9%82%D8%A7%D8%BA%D9%89%D9%84%D9%89%D9%82
  29. https://www.theglobeandmail.com/world/article-ubc-student-uses-satellite-images-to-track-suspected-chinese-re/
  30. https://www.aa.com.tr/en/asia-pacific/china-tightens-grip-on-xinjiang-region-report/1221234
  31. https://www.nytimes.com/2018/05/15/opinion/china-re-education-camps.html
  32. https://chinadigitaltimes.net/2018/01/rfa-120000-uyghurs-held-kashgar-re-education-camps/
  33. https://world.wng.org/2018/03/china_s_reeducation_camps
  34. https://sputniknews.com/asia/201801261061078427-xinjiang-uighur-reeducation-camps-120000/
  35. https://supchina.com/2018/06/27/9-billion-spent-on-surveillance-tech-in-xinjiang-in-2017/
  36. https://www.rfa.org/english/news/uyghur/target-06292018132506.html
  37. https://www.nationalreview.com/2018/05/new-gulag-in-china-uyghurs-thrown-into-reeducation-camps/
  38. https://www.rfa.org/english/news/special/uyghurfamilies/
  39. https://www.rfa.org/english/news/uyghur/camps-01262018140920.html?searchterm:utf8:ustring=qaraqash
  40. https://www.rfa.org/english/news/uyghur/arrest-12182018153514.html
  41. https://freedomsherald.wordpress.com/2018/01/21/china-execute-my-mother-and-my-wife-instead-i-will-pay-for-the-bullets/
  42. http://muslimcouncil.org.hk/muslim-inmates-in-china-detention-camp-forced-to-eat-pork-drink-alcohol-and-physically-tortured-as-some-commit-suicide/
  43. http://www.globaltimes.cn/content/1129284.shtml
  44. https://www.independent.co.uk/news/world/asia/uighur-muslim-china-mihrigul-tursun-torture-reeducation-camps-a8656396.html
  45. http://time.com/5467628/china-uighur-congress-torture/
  46. https://religionnews.com/2018/12/04/chinas-repression-of-uighurs-wont-stop-until-the-international-community-intervenes/
  47. https://thehill.com/homenews/senate/418913-uyghur-mother-asks-congress-to-take-strong-action-against-those-responsible
  48. https://www.fmprc.gov.cn/mfa_eng/xwfw_665399/s2510_665401/2511_665403/t1631149.shtml
  49. https://www.hrw.org/news/2017/09/10/china-free-xinjiang-political-education-detainees
  50. https://www.independent.co.uk/news/world/asia/china-re-education-muslims-ramadan-xinjiang-eat-pork-alcohol-communist-xi-jinping-a8357966.html
  51. https://www.washingtonpost.com/world/asia_pacific/former-inmates-of-chinas-muslim-re-education-camps-tell-of-brainwashing-torture/2018/05/16/32b330e8-5850-11e8-8b92-45fdd7aaef3c_story.html?noredirect=on&utm_term=.3227f6374985
  52. https://thediplomat.com/2018/09/irans-careful-approach-to-chinas-uyghur-crackdown/
  53. https://thediplomat.com/2019/02/why-is-turkey-breaking-its-silence-on-chinas-uyghurs/

 

Haqqında Qulamhüseyn Məmmədov

Qulamhüseyn Məmmədov

Həmçinin bax

Siyasi və ictimai kimlik zəifləməsi

Giriş Çox vaxt kimlik sözünü istifadə etdiyimiz zaman əksər insanların ağlına öz adları, peşəsi və ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *