Ana səhifə / Məqalə / Türklərin qovduğu türk – Rəhim Cavadbəyli

Türklərin qovduğu türk – Rəhim Cavadbəyli

Türklərin qovduğu türk, ikinci Boraltan faciəsi və ya Quzeydən qaçan güneyli. Sözün düzü, Rəhim bəyi necə təqdim etməklə bağlı çox tərəddüd etdim. Öncə qeyd edim ki, Rəhim Cavadbəyli 1976-cı ildə Təbrizdə anadan olub. Orta məktəbi də orada bitirdikdən sonra ali təhsil alıb. Güneydə professor Zehtabinin rəhbərliyi ilə başlayan Babək Qalası yürüşlərinin ilk iştirakçılarından olub. Daha sonra 2001-ci ildə ən yaxın fikirdaşları ilə birlikdə “İlqar” Mədəni Cəmiyyətində fəaliyyətini davam etdirib. 2003-cü ilin sentyabrında təzyiqlər artdığına görə R. Cavadbəyli Güney Azərbaycanı tərk edərək Quzey Azərbaycana mühacirət etməyə məcbur olub. Azərbaycana mühacirət edəndə ümidləri böyük olur. Burada BMT-nin Qaçqınlar Komitəsinin xüsusi nəzarətində olan qaçqın statusu alır. Bununla yanaşı BMT-nin Qaçqınlar Komitəsinin Bakı nümayəndəliyində İrandan gələn mühacirlərin nümayəndəsi seçilir. Lakin Bakıda yaşadığı 8 ildə etdiyi cəhdlərə baxmayaraq qaçqın kimi heç bir hüququ təmin olunmadığından qaçaq yolla Gürcüstana qaçır. O özü bu hadisələri belə təsvir edir:

“Azərbaycan Respublikası 1993-cü ildə BMT-nın siyasi mühacirlərlə bağlı konvensiyasına qoşulub. Amma Güney Azərbaycandan olan siyasi mühacirlərə münasibətdə konvensiyadan irəli gələn öhdəliklər yerinə yetirilmir. Biz Azərbaycan Respublikasına bir türk və siyasi fəal kimi gəlmişdik, mübarizə aparırdıq. Bəs bizə münasibət necə idi? Biz səkkiz ildən sonra canımızı götürüb Azərbaycan Respublikasından qaçmışıq. Bu bir faciədir. Bir türkün Azərbaycanda son aqibəti belə olur. Orada səkkiz il mandatla yaşadıq. Nə pasportumuz, nə vəsiqəmiz oldu, nə minimum yaşayış şəraitimiz, nə də sərbəst gəzmək üçün təhlükəsizliyimiz təmin edildi. Havadan asılı qalmışdıq, daima təhlükə, qorxu, stress altında yaşayırdıq. Buna yaşamaq da demək olmaz. Azərbaycan Respublikası üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq bizə şəxsiyyət vəsiqəsi, pasport verməliydi, təhsil, işsizlik, mənzil problemlərimizin həllinə kömək etməliydi. Bunların heç birini etmədi. Azərbaycan höküməti bizimlə səmimi olsaydı, bizi dəstəkləsəydi, biz Azərbaycanı tərk etmək məcburiyyətində olmazdıq. Bu hökümət Azərbaycan dövlətini təmsil edirsə, bu dövlətə layiq davranmalı, öz milli öhdəliklərini yerinə yetirməlidir”.

Sərhədi öncə Zaqatala bölgəsindən keçməyi düşünürlər, lakin burada olarkən həbs olunurlar. Rəhim bəy bir gün sonra azadlığa çıxsa da, solçu Mahmud Ərdəhalidən bir xəbər alınmır. Bir müddət sonra isə onun İranda həbs olunduğu haqqında ailəsinə xəbər gəlir. Rəhim bəy bununla bağlı yazırdı:
“Mahmud bəy haqqında deməliyəm ki, o, şəxsiyyət olaraq olduqca dəyərli, ləyaqətli və vicdanlı biridir. Milliyyətcə saf türkdür. Sulduz mahalının böyük mülkədar və böyük xanlarından olan Araz xanın nəvəsidir. O ailəni Sulduzun yaşlı camaatı çox gözəl tanıyır. Qardaşı inqilab öncəsi güllələnmişdir. Rusiyanı başqa imperialist qüvvələrlə birlikdə çalışan böyük imperialist qüvvə kimi xarakterizə edən təfəkkürlə formalaşmış bir solçudur. Solçu olaraq bölgənin həqiqi sülh ve demokratiyasını millətlərin gerçəkdən özünü təyin etməsində görən bir milli baxışa sahibdir. O, Güney Azərbaycanı müstəqil və Quzeylə birgə vahid bir dövlətin qurulmasına inanan biridir. Mahmud bəy ilk dəfə 1983-cü ildə İran Azərbaycanlılarının Milli-Demokrat Devrimçilər Birliyi təşkilatını yaratmış, Urmu dağlarında rejimə qarşı silahlı döyüşlərə başlamış və ona rəhbərlik etmişdir. Talibani, Bərzani, xüsusilə Qasumlu ilə çox yaxından tanışlığı olmuşdur. Demokratlarla Azerbaycanın milli-demokratları birgə fəaliyyətlərdə olmuşlar…Milli hərəkətimizin yeni dalğasının elmi-nəzəri əsaslarını yazıb-yaradan şəhid Zehtabinin 1360-cı illərdə, bir neçə nəfər İraqa göndərdiyi dövrlərdə onları Qasumlu Mahmud bəyin yanına göndərmişdir..Onları Mahmud bəy ağırlamışdır… Bu olduqca geniş məsələdir….Mən çox təəssüf edirəm ki, bu qədər milli hərəkətimiz üçün önəmli şəxslərimiz və çağdaş tariximiz haqqında o qədər zəif davranırıq ki, bu böyüklükdə şəxsiyyətlərimiz diri ola-ola o-bu tərəfindən rahatca təxrib olunur, özü səhldir, milliyyəti də danılır… Özünün də ki danışmağa imkanı yoxdur… Yazıqlar olsun bizə. Biz milli hərəkət olaraq şəxsiyyətlərimizə sahib dura bilmirik”.

Ərdəhali İrandakı rejimə qarşı mübarizə aparanlardan biridir. O, 1988-ci ildə Türkiyə mühacirət edərək oradan da Almaniyaya köçüb, 1991-ci ildə isə Azərbaycana gəlib. Azərbaycanda ikinci dəfə ailə həyatı qurub. 2012-ci ildə İranda həbs olunub.

Ağrı Qaradağlı ilə Gürcüstana keçən Rəhim Cavadbəyli bir müddət sonra 2014-cü ildə Türkiyəyə mühacirət edir. Mühacirətdə olduğu dövr ərzində daim güney mövzusunu diqqətində saxlayıb, baş verən hadisələr haqqında geniş müsahibələr verib, yazılar yazıb. Bundan başqa İrandakı, ümumiyyətlə, bölgəmizdəki türklər haqqında geniş ətraflı tədqiqat işləri aparıb, kitablar yazıb, kitablar tərcümə edib. Və təəssüflər olsun ki, hazırda bu milli mədəni fəalımız Türkiyə höküməti tərəfindən həbs edilib, Vanda yerləşən qaçqın düşərgəsinə köçürülüb. Bu isə müvəqqəti saxlanma düşərgəsidir. Bundan sonra onu İrana ekstradisiya etmək niyyətindədirlər.Halbuki buna hüquqları çatmır, çünki  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nəzarətində olan qaçqının azadlığına qarşı bir təhlükə varsa, onu başqa bir dövlətə ekstradisiya etmək olmaz. Həm də illərlə qarşı çıxdığı dövlətə, ölüm hökmünün olduğu dövlətə. Ölüm hökmünə məhkum edilməsə belə, adicə həbs olunması belə onun ölümü deməkdir, müsahibələrinin birində səhhəti ilə bağlı verdiyi məlumatlar da bunu təsdiqləyir. Türkiyədə mövzunu İYİ partiyasının sədri Meral Akşener qabardıb, öz tvitter hesabında Rəhim bəyin İrana verilməsinə qarşı çıxaraq “Gardaşımızı İran’a teslim etmeyin. Yeni bir “Boraltan Köprüsü” acısı yaşatmayın, sayın R.T.Erdoğan”  tvitini atıb.

İndi keçək başqa məsələyə. Nədənsə fərqli cəbhələrdə olan şəxslər (əks yox elə fərqli deyəcəyəm, bu da bizim fərqimizdir), insan hüquqlarından, sərhədsiz dünyadan, insanların qardaşlığından danışanlar daima Türkiyə ilə Azərbaycanın əlaqələrinə, vətənimizin güneyində gedən mübarizəyə dırnaq arası baxırlar. Onlar güneydəki haqlı mübarizəni, ən vacib ana dili istəyini, pozulan qadın hüquqlarını daima görməzdən gələcəklər. Onlar daima Azərbaycan və Türkiyə xalqlarının arasında olan təbii bağa, qardaşlıq münasibətlərinə don geyindirməyə çalışacaqlar.  Və onların daima istifadə etdikləri mövzu məhz Boraltan körpüsündə baş verən faciədir. Onlar Türkiyə hökumətinin həmin şəxsləri təhvil verməyini daha çox şişirdib tam sərhəddə onları güllələyən sovet əsgərlərini görməzlikdən gələn insanlardır. Ən azından onlara tənqid üçün yeni mövzu vermək lazım deyil. Tarixdə bizi ayıracaq bir mövzu daha yaratmaq lazım deyil. Boraltan faciəsi ilə bağlı deyilən ağıdakı kimi Rəhim bəyi siz özünüz vurun, amma düşmənə təslim etməyin. Nə də olsa bir ölüb min dirilərik, yetər ki, birimizin ölümü sonrakı minə üz qarası olmasın.

“Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız, bu gavurun yerinə.”

Haqqında Rəcəb Həsənbəyov

Rəcəb Həsənbəyov

Həmçinin bax

moralbook

“Geridəqalmış cəmiyyətin mənəvi əsasları” kitabından bir hissə

“Geridəqalmış cəmiyyətin mənəvi əsasları” kitabı 1958-ci ildə nəşr olunmuşdur. Kitabın yazarı Edward C. Banfield araşdırma ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *