Ana səhifə / Sosiologiya / Maks Veber – Millət

Maks Veber – Millət

Bu hissin (millət olma) mənəvi gücü başlıca olaraq iqtisadi qaynaqlardan gəlmir. Prestij hissinə əsaslanır, bu da tarixləri qüdrətli zəfərlər baxımından zəngin siyasi quruluşların kiçik burjua kütlələrində lap dərinlərə enir. Siyasi prestijə bu bağlılıq gələcək nəsillərə qarşı müəyyən bir məsuliyyət inancı ilə də birləşə bilər. Beləliklə, böyük siyasi quruluşlarda güc və prestijin başqa yad siyasi quruluşlarla necə bölüşdürüldüyü ilə bağlı bir məsuliyyət yaranır. Qeyd etməyə ehtiyac yoxdur ki, hər hansı bir siyasi quruluşun ortaq davranışını müəyyən edəsi gücü əlində tutan bütün qruplar bu gücə bağlı prestij idealının şövqü ilə hər kəsdən çox alışırlar. Onlar dövlətin qeyd-şərtsiz bağlılıq istəyən imperialist iqtidar forması olduğu düşüncəsinin xüsusi və ən etibarlı daşıyıcıları hesab olunurlar.

Yuxarıda bəhs olunan birbaşa və maddi imperialist mənfəətlərə əlavə olaraq bir siyasi topluluq daxilində fərqli növ intellektual imtiyazlar qazanmış təbəqələrin də qismən dolayı və maddi və qismən də ideoloji mənfəətləri mövcud olur. Onlar özlərini siyasi qurumun üzvləri arasında yayılmış xüsusi bir “kültür”ün xüsusi “təmsilçi”ləri hesab edənlərdən ibarət olurlar. Bu çevrələrin təsiri ilə gücün çılpaq prestiji qaçınılmaz şəkildə prestijin digər spesifik formalarına və özəlliklə, “millət” düşüncəsinə çevrilir.

“Millət” anlayışına hər hansı konkret formada tərif veriləsi olsaydı belə, bunun millətin üzvü sayılan fərdlərə məxsus ortaq empirik keyfiyyətlər kimi ifadə edilə bilinməyəcəyi dəqiqdir. Müəyyən bir anda bu ifadəni işlədənlərin nəzərdə tutduğu mənada millət anlayışı, şübhəsiz, hər şeydən əvvəl müəyyən  qrup insanda başqa qruplara qarşı müəyyən həmrəylik hissinin hərəkətə keçirə bilinəcəyi mənasına gəlir. Bu o deməkdir ki, millət fenomeni dəyərlər aləminə aid anlayışdır. Lakin bu qrupların necə adlandırılacağı və ya bu həmrəylikdən hansı ortaq fəaliyyətin yaranacağı mövzusunda konkret fikir yoxdur.

Gündəlik dildə “millət” “dövlətin xalqı”, yəni müəyyən siyasi quruluşun üzvləri mənasında istifadə olunmur. Bir çox dövlətlər vardır ki, daxilində mövcud olan bəzi qruplar öz “millət”lərinin müstəqilliyini digər qruplara qarşı təkidlə irəli sürürlər və yaxud müxtəlif qrupların bəzi üzvləri içərisində mövcud olan qaradərili toplumun eyni millət olduğunu elan edirlər (misalçün, 1918-ci ildən əvvəlki Avstriya). “Millət” eyni dili danışan topluluqla eynilik təşkil etmir, başqa sözlə ifadə etsək, bu kifayət edəcək bir özəllik deyil. Məsələn, serblər və xorvatlar, şimali amerikalılar, irlandlar və ingilislər. Əksinə, ortaq dilin “millət” üçün mütləq şərt olmadığı aydın olur. Rəsmi sənədlərdə “İsveçrə xalqı”ndan başqa “İsveçrə milləti” ifadəsinə də rast gəlinir. Bəzi dil qruplarının daşıyıcıları da özlərini ayrı millət kimi görməzlər. Buna misal olaraq yaxın tarixlərinə qədər belarusları göstərmək olar. Digər tərəfdən xüsusi bir “millət” olmaq iddiası, əksər hallarda kütlələrin kültür dəyəri olaraq irəli çəkdikləri ortaq dil düşüncəsi ilə paralel gedir. Bu, dil mübahisələrinin klassik ölkəsi Avstriya olduğu qədər, Rusiya və Şərqi Prussiya üçün də keçərlidir. Ortaq dil ilə “millət” arasındakı bu münasibətin sıxlığı dəyişkəndir; misalçün, ABŞ və Kanadada çox zəifdir.

Eyni dili danışan insanlar arasında “milli” həmrəyliyin olub-olmaması mübahisəli məsələdir. Bunun əvəzində həmrəylik kütlələrin digər kültür dəyərləri arasındakı fərqliliklərlə, yəni serblərdə və xorvatlarda olduğu kimi, dini inanclarla əlaqələndirilə bilər. Milli həmrəylik, reyx almanlarına qarşı isveçrəli və elzaslı (Alsatian) almanlarda və ingilislərə qarşı irlandlarda olduğu şəkildə, fərqli sosial quruluşa və törələrə, buna görə də etnik faktorlara bağlana bilər. Amma milli həmrəylik, hər şeydən əvvəl başqa millətlərlə ortaq siyasi tale yaddaşı ilə birləşdirilə bilər. Ortaq qəhrəmanlıq çağlarını təmsil edən inqilab müharibələrindən bəri elzaslılarla fransızlar arasındakı və Baltik baronları ilə siyasi talelərinə yön verdikləri ruslar arasındakı siyasi yaddaş  kimi.

Təbii ki, “milli” bağlılıqların mütləq qan birliyinə sahib olanlar arasında olması gərək deyil. Doğrudan da, hər yerdə, xüsusilə radikal “milliyyətçilər” adətən yad köklərdən gəlir. Xüsusi bir antropoloji tipə qaldıqda isə bu, milliyyət üçün kənar mövzu olmasa da, millət qurmaq üçün nə lazımlı, nə də yetərli şərtdir. Yenə də, “millət” düşüncəsi ortaq köklər və bəzən qeyri-müəyyənlik göstərsə də, homogenlik fikirlərini özündə ehtiva etməyə meyillidir. Millətin bu ideyaları müxtəlif qaynaqlardan qidalanan etnik həmrəylik hissi ilə oxşarlıq təşkil edir. Amma etnik həmrəylik öz-özlüyündə millət meydana gətirməz. Şübhəsiz, belaruslar belə böyük ruslar qarşısında həmişə etnik həmrəylik hissinə sahib olmuşdur, fəqət bu gün ayrı bir “millət” olduqları iddiası ilə ortaya çıxa bilməzlər. Yaxın dövrlərədək Yuxarı Sileziya lexləri, “lex milləti” ilə hər hansı həmrəylik hissi daşımırdılar. Özlərini almanlara qarşı ayrı etnik qrup kimi görürdülər, amma Prussiya təbəəsi olmaqdan başqa düşüncələri də yox idi.

Yəhudilərin “millət” sayılıb-sayılmayacağı isə köhnə problemdir. Rusiya yəhudilərinin, assimilyasiya olmuş qərbi Avropa və Amerika yəhudilərinin və sionistlərin əksəriyyəti bu suala mənfi cavab verəcəklər. Cavabları da təbiət və ölçü baxımından fərqlənəcəkdir. Məsələn,  Rusiya yəhudilərinin və Amerika yəhudilərinin cavabları çox fərqli olacaq – ən azından bir ABŞ prezidenti bunu rəsmi sənədlərdə bildirdiyi kimi amerikan və yəhudi xarakterinin özlüyündə bənzər olduğunu hələ də iddia edilir.

Alman “millətinə” bağlı olmağı rədd edən və Fransa ilə siyasi birlik yaddaşını qoruyan və almanca danışan elzaslılar belə etməklə özlərini fransız “millət”indən hesab etmiş olmurlar. ABŞ qaradərililəri də heç olmasa, bu gün özlərini amerikan millətinin parçası sayırlar, amma güneyli ağlar bu məsələyə tam olaraq belə baxmırlar.

Uzaq Şərq haqqında məlumatlı şəxslər on beş il əvvələ qədər çinlilərin “millət” olmadığını, sadəcə bir “irq” olduğunu iddia edirdilər. Buna baxmayaraq, bu gün təkcə Çinin siyasi liderləri deyil, həm də adi müşahidəçilər də fərqli fikirlərə sahibdirlər. Deməli, müəyyən insan topluluğu, müəyyən şərtlər altında müəyyən davranışlar sərgiləyərək “millət” olma keyfiyyətini qazana bilər və ya qazandığını iddia edə bilər.

Digər tərəfdən, tək bir millətə hissi bağlılıq mövzusunda laqeydlik bildirən, ya da konkret şəkildə bundan imtina edən sosial qruplar vardır. Bu günlərdə müasir proletariatın sinfi mübarizəsinə liderlik edən xüsusi təbəqələr bu tip laqeydliyi və imtinanı nailiyyət hesab edirlər. Siyasi və linqvistik bağlarına və proletariatın hansı təbəqələrindən bəhs olunduğuna görə bu münasibət formaları dəyişkən dərəcələrdə uğurlu olur, amma günümüzdə bu uğurlar, ümumilikdə, azalmaqdadır.

İstər cəmiyyətin təbəqələrində, istərsə də gündəlik dildə “millət” keyfiyyəti yaraşdırılan qrupların içərisində “millət” düşüncəsinə qarşı olduqca fərqli formalarda münasibətlərlə qarşılaşmaq olur. Bu münasibət formaları şiddətli razılıqdan şiddətli rəddə və hətta Lüksemburq vətəndaşlarında və milli duyğuları “oyanmamış” xalqlarda görülən xüsusiyyət olan total laqeydliyə qədər müşahidə olunur. Feodal təbəqələrdə, bürokratik kəsimlərdə, təşəbbüskar burjua təbəqələrinin müxtəlif kateqoriyalarında və “intellektual”lar arasında bu düşüncəyə qarşı eynitipli və tarixi davamlılığı olan münasibətlər gözə çarpmır.

Fərdin bir milləti təmsil etdiyi inancının səbəbləri də, millətə bağlılıq hissinin varlığından və ya yoxluğundan qaynaqlanan faktiki davranışlar kimi böyük dəyişikliklər göstərir. Alman, ingilis, şimali amerikalı, ispan, fransız ya da rusların “milli hissləri” eyni davranış formalarına yol açmır. Ən bəsit nümunə kimi deyə bilərik ki, milli hisslər siyasi topluluqlara görə fərqlənir və millət düşüncəsi məlumatlı siyasi birliklərin empirik siyasi əhatəliliyi ilə ziddiyyətli hala gələ bilir. Bu ziddiyyət isə çox fərqli nəticələrə yol açacaqdır.

Avstriya dövlət-birliyi daxilində olan italyanların ancaq məcbur qaldıqları halda italyan birlikləri ilə döyüşə girəcəyi aydındır. Bu gün avstriyalı almanların böyük hissəsinin Almaniyaya qarşı ancaq könülsüz şəkildə döyüşəcəkləri də aydın məsələdir, buna görə də onlara güvənmək olmaz. Buna baxmayaraq, alman amerikalılar – “milliyyət”inə  ən vurğun olanlar belə –  Almaniyaya qarşı istəyərək olmasa da, lazım olarsa, qeyd-şərtsiz savaşa bilərlər. Alman dövləti içərisindəki polyaklar da rus-lex ordusuna qarşı döyüşəcəklər, lakin müstəqil Polşa ordusuna qarşı, əlbəttə, belə davranmazlar. Avstriyalı serblər isə Serb dövlətinə qarşı qarışıq hisslərlə və sadəcə olaraq ortaq muxtariyyət qazanmaq ümidi ilə döyüşərlər. Rus lexləri də alman ordusuna qarşı avstriyalılara qarşı döyüşəcəklərindən daha ürəklə mübarizə aparacaqlar.

Başqalarına qarşı duyulan həmrəyliyin sıxlıq və gücünün eyni millət içində belə çox dəyişkən olduğu bilinən tarixi gerçəklikdir. Ümumi olaraq bu hiss daxili mənfəət münaqişələrinin azalmadığı yerlərdə də güclənməkdədir. Hələ altmış il əvvəl Kreuzzeitung (Prussiya dövlət orqanı) Rusiya İmperatorunun Almaniyanın daxili işlərinə müdaxilə etməsi üçün çağırışlar edirdi, ancaq bu gün yüksələn sinfi qarşıdurmalara baxmayaraq, belə bir şeyi təsəvvür etmək belə çətindir.

Hər halda, milli hislərdəki fərqliliklər həm önəmli, həm də dəyişkəndir və hər sahədə olduğu kimi bu suala da fərqli-fərqli cavablar verilə bilər: Bir qrup insan, içlərindəki “milli hissdən” nə kimi nəticələr almağa hazırdırlar? Aralarında nə qədər güclü və subyektiv şəkildə səmimi bir pafos olur olsun, hansı tərzdə konkret ortaq fəaliyyət göstərməyə hazırdırlar? Bir ənənənin diasporada “milli” özəllik olaraq görülməsinə münasibət nə qədər dəyişkəndirsə, ortaq ənənələrin ayrı bir “millət”in varlığına olan inanc baxımından önəmi də o qədər dəyişkəndir. “Millət düşüncəsi” ilə əlaqədar bu empirik olaraq qeyri-müəyyən olan dəyər anlayışları səbəbindən sosioloji tipologiyanın hər cür ictimai həmrəylik duyğusunu yaranma şərtləri daxilində və üzvlərinin ortaq fəaliyyətləri aspektindən məna və nəticələri ilə birlikdə təhlil etməsi lazımdır. Bu isə burada girişə biləcəyimiz bir iş deyil.

Onun yerinə millət düşüncəsini müdafiə edənlər üçün “prestij”, iddia və mənfəətləri ilə çox sıx münasibət içərisində olduğu həqiqətini bir az da araşdıracağıq. Millət düşüncəsinin ən erkən və ən hərarətli ifadə olunmalarında üstüörtülü də olsa, bu və ya digər şəkildə ilahi “missiya” fenomeninin yer aldığını görürük. Bu düşüncənin təmsilçiləri təsir göstərmək istədikləri şəxslərdən, həmişə bu missiyanı qəbul etməklərini istəmişlərdir. Millət düşüncəsinin ilk örnəklərində yer alan başqa bir element də, bu missiyanın ancaq millət olaraq adlandırıla biləcək qrupun xüsusiyyətlərinə söykənərək yerinə yetiriləcəyidir. Buna görə də, öz əsaslandırması özünün daxili dəyərlərində axtarıldığı müddətdə bu missiya ardıcıl olaraq ancaq xüsusi “kültür” missiyası kimi görülə bilər. “Millət”in önəmi, əksər hallarda ancaq bir qrupun özəlliklərinin işlənməsi ilə qorunulacaq və inkişaf etdiriləcək kültür dəyərlərinin üstünlüyü ya da ən azından bərabərsizliyi tezisinə dayanır. Bu səbəblədir ki, qısaca intellektuallar deyə adlandırılan insanların bir tərəfdən“millət düşüncəsi”ni yaymaq kimi taleləri vardır, eynilə cəmiyyətdə siyasi gücü əlində tutanların dövlət fikrini yaymaq məcburiyyətində olduqları kimi.

“İntellektual” dedikdə xüsusi fəzilətləri sayəsində kültür kimi dəyərlərə özəl kommunikasiya imkanları olan və buna görə də kültür topluluğunun liderliyini tutan insanlar qrupunu nəzərdə tuturuq.

Haqqında Zakir Rzazadə

Həmçinin bax

armenian-question-launch-2

Tadeuş Svetoxovski-İntellektual Ferment

  Azərbaycan təcrübəsində yeni olan qısaömürlü siyasi partiyalar öz gücünü bərpa etmiş çar rejiminin basqısına ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *