Giriş

Hüquq və dövlət anlayışları hər zaman fəlsəfənin əsas müzakirə obyektlərindən biri olmuş, müxtəlif fikir adamları, filosoflar tərəfindən tədqiq edilmişdir.  Mən isə bu yazımda hüquq fəlsəfəsinin nəhəng simaları Kant və Hegelin hüquqa və dövlətə baxışları arasındakı fərqləri açıqlamağa çalışacağam. Bu dahi isimlərin fəlsəfi baxışlar sistemini bütünlüklə incələmək bilgimin yetərsizliyindən dolayı həddim və yazının məqsədinin fərqli olmasından ötrü vəzifəm deyildir. Bunun üçün də kiçik bir dairə çərçivəsində müəyyən ziddiyyətli məqamları nəzərinizə çatdırmağı hədəfləmişəm.

Fəlsəfənin öz məqsədinə varması üçün ən önəmli vasitə  “düzgün sualların qoyulması”dır; sual qoyulur, suallara müxtəlif müəlliflər tərəfindən cavab axtarılır, verilən cavablar təsdiq və ya inkar edilir, bəzən isə sualların özünün nə dərəcədə düzgün olması mübahisələndirilir; müxtəlif fikirlər, yanaşmalar  irəli sürülür və bütün bu proseslərin nəticəsi olaraq həmin məsələyə dair “baxışlar sistemi” ərsəyə gəlir.

Hesab edirəm ki, yazının məqsədinə varmaq, əsas fərqli məqamları diqqətinizə çatdırmaq üçün mövzunu ələ almağı təmin edəcək bir sualın qoyulması və onun ətrafında məsələyə aydınlıq gətirilməsi daha doğrudur. Bu mənada isə Kanta və Hegelə görə “hüquq nədir” və ya “dövlət nədir” suallarının əvəzinə “dövlət vasitədir yoxsa məqsəd?” sualını verməyin daha doğru olduğu qənaətindəyəm. Həmçinin gedişatda ana sualdan şaxələnən başqa suallar da ortaya çıxacaqdır ki, bütün bu suallara  hər iki müəllifin fəlsəfəsində cavab aramaq yolu ilə  hüquq və dövlətə dair onların fikirlərindəki fərqli məqamları görə biləcəyimizə inanıram.

 İdeal dövlət modeli axtarışında

Bununla bağlı olaraq fikir adamları tərəfindən fərqli yanaşmalar irəli sürülmüş, müxtəlif əsaslandırmalar aparılmışdır. Bəziləri, ümumiyyətlə, dövlət modellərini sistemləşdirmiş, bəziləri isə daha da irəli gedərək bir cəmiyyət üçün ən ideal dövlət quruluşunu tapmağa, hakimiyyətin sərhədlərini müəyyənləşdirməyə çalışmışdır. Düşünürəm ki, filosofların ideal dövlət modelinin nə olduğu ilə bağlı bütün bu yanaşmalarını yazının giriş hissəsində ünvanladığım sualın cavabı formalaşdırır: dövlət vasitədir yoxsa məqsəd? Dövlətin bir vasitə yoxsa bir məqsəd olaraq var olması məsələsi yüz illərdir, müzakirə olunur. Platon “Dövlət” əsərində dövlət və fərd münasibətlərində “məqsəd” probleminə toxunur və ortaya çıxan fikirləri analiz edir. Platon dövlətə tərif verərkən onu hər kəsin xoşbəxtliyini təmin etməyə yönəlmiş bir vasitə olaraq göstərir. Platona görə əsl idarəetmə, idarəedənin “öz mənfəətini deyil, idarə olunanın mənfəətlərinin güdülməsidir”.

Həmçinin, Kant və Hegel fəlsəfəsində də ideal dövlət modelinin nə olduğu, idarəetmənin sərhədləri və s. kimi məsələlər araşdırılmış, bununla əlaqədar fərqli mövqelər ortaya qoyulmuşdur.

Kant ictimai müqavilənin fərdin azadlığına təminat vermək üçün yaradılan bir funksiya olduğunu söyləyir. Kant sistemində dövlət əsas etibarı ilə hüququ müəyyən edən və onu qoruyan strukturdur. Kanta görə dövlətin vəzifəsi fərdlərin xoşbəxtliyini təmin etmək deyil, insan hüquq və azadlıqlarını qorumaqdır. Bunu da qeyd etmək lazımdır ki, Kanta görə vətəndaş dövlət işlərini tənqid etmək ixtiyarında olsa belə, onun dövlətə qarşı qiyamını doğru hesab edilmir. Liberal dövlət fikrini dəstəkləməsinə baxmayaraq, dövlətə qarşı qiyamı qəbul etməməsi onu Con Lokkun təmsil etdiyi təbii hüquq nəzəriyyəsindən qismən uzaqlaşdırmışdır.

Kant ideal dövlət formasının cümhuriyyət olduğunu qeyd edir. Jan Jak Russodan fərqli olaraq Kant nümayəndəli sistemin (millət vəkilləri vasitəsilə təmsil olunma), idarəetmənin normal çalışması üçün mütləq mövcud olması fikri üzərində dayanır.

Kant idarəetmənin üç əsas funksiyasını qeyd edir: qanunvericilik, icraedicilik və məhkəmə. Bu üç funksiya ayrı-ayrı orqanlar tərəfindən həyata keçirilməlidir. Qısa olaraq deyə bilərik ki, Kant hakimiyyətin bölünməsi prinsipi ilə razılaşır.

Hegel isə ictimai müqavilənin dövləti yaratması fikrini tamamilə rədd edir. İctimai müqavilə nəzəriyyəsi dövləti ümumi maraqların gerçəkləşməsinə xidmət edən bir vasitə kimi görür. Hegelə görə isə dövlət “təkbaşına ali bir məqsəddir”.

Hegel xalq hakimiyyətinin mövcudluğunu doğru hesab etmir və ona görə belə bir gücün varlığı mümkün deyildir. Dövlətin funksiyalarının bölgüsündə Kantla razılaşır, lakin Kantdan fərqli olaraq bu üç funskiyanın (qanunvericilik, icraedicilik və məhkəmə) ayrı-ayrı hakimiyyət qollarının əlində cəmlənməsinin dövlətin dağılması ilə nəticələnə biləcəyi fikrini irəli sürür. Bunun nəticəsi olaraq da monarxiyanı ideal dövlət modeli olaraq qəbul edir.

Hegelə görə, dövlət heç bir şey üçün vasitə deyil, başlıca bir məqsəd olduğundan fərddən daha yüksəkdə dayanır və buna görə də dövlətin öz fərdlərindən “fədakarlıq tələb etmə” hüququ mövcuddur. Fərdlərin dövlətə qarşı qiyamı isə qətiyyən yol verilməzdir.

Çünki dövlət “hürriyətin özüdür”.

Dövlətlərarası münasibətlər.

Kant beynəlxalq münasibətlərin hüquq tanımayan primitiv insan cəmiyyətlərindəki münasibətlərə bənzədiyi fikrini irəli sürür və bu münasibətlərin müharibə vəziyyəti xüsusiyyəti daşıdığı qənaətinə gəlir. Buradan isə “güclünün hüququ” məsələsi ortaya çıxır. Yəni, dövlətlərarası münasibətlərdə haqq savaş yolu ilə əldə edilir və bunun üçün də o müvəqqəti xarakter daşıyır, güclər nisbəti dəyişdikcə haqq da dəyişir. Hegel isə dövlətlərarası münasibətləri sivil  bir cəmiyyəti təşkil edən fərdlərin bir-biri ilə olan münasibətlərinə bənzədir. Monizm nəzəriyyəsinin əsas simalarından biri, “tərsinə monizm”in banisi olan Hegel dövlətlərarası münasibətlərin əsasən “tanınma” ilə əlaqədar olaraq yarandığını qeyd edir.

Dövlətlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı hər iki müəllifin yanaşmaları müxtəlifdir. Belə ki, tarixdə ilk dəfə, 1795-ci ildə İmmanuel Kant tərəfindən “dövlətlərüstü” bir qurumun yaradılması fikri irəli sürülmüşdür. Kanta görə belə bir qurumun yaradılması beynəlxalq münasibətlərin tənzimlənməsi üçün konkret normaların müəyyən olunmasını təmin edə bilər. Hətta Kant bu qurumun “Daimi Millətlər Konqresi” adlandırılmasını da təklif etmişdir. Hegel isə bunun əksinə olaraq dövlətlər üzərində hökmran bir gücün mövcud ola bilməyəcəyi qənaətində olmuşdur. Belə bir sistem mövcud olmayacağı üçün də dövlətlərarası münaqişələr müharibə yolu ilə tənzimlənir.

Düşünürəm ki, bu məsələyə dair müəlliflərin yanaşmaları yazının əvvəlində qoyduğum sualın fərqli cavabları ilə əlaqədardır. Dövləti vasitə deyil, məqsəd kimi qəbul edən Hegel fəlsəfəsinə görə dövlətdən üstün bir qurumun mövcudluğunun qəbul edilməsi mümkün deyildir. Yəni, dövləti hər şeydən ümdə qəbul edən bir baxış bucağı “dövlətlərüstü” bir qurumun varlığı ilə razılaşa bilməz, çünki belə bir razılıq “dövlət vasitə deyil, məqsəddir” prinsipini inkar etmiş olardı.

Kant fəlsəfəsi isə fərdi başlıca məqsəd kimi qəbul edir və dövləti fərdlərin azadlıqlarını qorumağa xidmət edən vasitə kimi dəyərləndirir. Bunun məntiqi yekunu olaraq da dövlətlərüstü bir qurumun mövcudluğu mümkündür. Kant müharibələri dövlətlər hüququnun tərkib hissəsi kimi qəbul edən fikirlərlə qətiyyən razılaşmır. Dövlətlərarası münasibətləri tənzimləyən bir sistemin varlığının müharibələrə son verib, əbədi barışı qoruya biləcəyinə inanır.

1945-ci ildə yaradılan və bu gün də beynəlxalq münasibətləri tənzimləyən əsas qurum olan BMT-in mövcudluğu bu tarixdən 150 il öncə belə bir qurumun mövcud ola biləcəyini bildirən böyük mütəfəkkir Kantın dahiliyinin göstəricisidir. Bu qurumun hər nə qədər öz vəzifəsini ədalətli yerinə yetirməsi məsələsi isə mənim qeyd etmək istədiklərimdən çox uzaqdır.

Nəticə

Adətən müxtəlif araşdırmalarda nəticə hissəsinə daha çox yer ayırılmasına baxmayaraq, mən yazının formatı ilə əlaqədar olaraq buna ehtiyac olmadığını düşünürəm. Zənnimcə, yazının bütün gedişatı boyunca müxtəlif məsələlərlə bağlı müəlliflərin fərqli mövqelərinin, yanaşmalarının təqdim edilməsi oxucuya müəyyən bir nəticəyə gəlməyə imkan verir.

Elə yazının başlanğıcında da qeyd etdiyim kimi bu fikirlərin doğruluğunu araşdırmaq mənim məqsədlərim xaricindədir. Bacardığım qədərilə subyektivlikdən yayınaraq hüquq və dövlətə dair bu şəxsiyyətlərin fikirlərini qarşılaşdırmağa, fərqli məqamları təqdim etməyə çalışdım.

Yüz illərdir fəlsəfənin ən əsas qütblərində yer alan bu dahilərin – Kant və Hegelin mövqeləri və baxışları ilə hansı dərəcədə razı olunması, seçimin edilməsi isə (təqdim etməyə çalışdığım qədərilə) oxucunun ixtiyarındadır.

İstifadə edilən ədəbiyyat siyahısı

Adnan Güriz, Hukuk felsefesi, Ankara, 2017.

İsmet Tekerek, Hegelin Hukuk Felsefesi ve Özgürlük, İzmir, 2013.

Hegel, The Philosophy of Right, Great Books of the Western world, 1952.

Kant, Ahlak Metafiziğinin Temellendirilmesi. Tərcümə: Kuçuradi Joanna, Ankara 1982.

Kant, Ebedi Barış üzerine felsefi deneme, 1960, Ankara.

“Kant’s Just War Theory”, Brian OrendJournal of the History of PhilosophyJohns Hopkins University Press, Volume 37, Number 2, April 1999

Dr. Jale Karakaş, Hegelin Hukuk Felsefesinin Temelleri ve Temeli Olduğu Hukuk Felsefesi. Hukuk, Ekonomi ve Siyasal Bilimler Aylık İnternet Dergisi, 2011. www/.e-akademi.org

Murad Alızadə

Bütün yazıları göstər