Ana səhifə / Məqalə / Azərbaycan Xalq Cümhuriyyəti Ordusu

Azərbaycan Xalq Cümhuriyyəti Ordusu

Türkmənçay sülhündən sonra Şimali Azərbaycanın işğalını başa çatdıran Rusiya İmperiyası ilk dövrlərdə xanlıqların daxili asayişi qorumaq üçün saxladığı və təxmini sayları 2-3 min olan qoşunlarını ləğv etmədi.

XIX əsr boyunca Rusiya İmperiyasının Osmanlı İmperiyası ilə münasibətlərinin gərgin olması səbəbindən azərbaycanlı hərbi qüvvələrin saxlanılması məsələsi Peterburqda yenidən gündəmə gətirildi. Peterburqda düşünülürdü ki, Osmanlı ilə Qafqazda ola biləcək müharibədə Qafqaz türkləri Osmanlılara yardım edəcək. Şimali Qafqazda Şeyx Şamil üsyanı zamanı yaşananlar bu düşüncələrin həqiqət olduğunu bir daha sübut etdi. Belə ki, keçmiş xanlıq ordularında xidmət etmiş bir çox hərbiçi Şeyx Şamil üsyanına qoşuldu.

1887-ci ilə qədər xanlıqlar dövründən qalmış hərbiçilər çox az sayda olsa da, orduda xidmət etmişdir. 1887-ci ildə hərbi mükəlləfiyyət haqqında qanunun qəbulu ilə ali müsəlman silkindən olmayanların orduya götürülməsi qadağan edilirdi. Bunun əvəzində müsəlman əhali hərbi xidmət etmədiyinə görə vergi verməli idi. Bu qanun bəzi istisnalar xaric olmaqla, bütün müsəlman əhalisinə aid edilirdi.

Lakin bütün məhdudiyyətlərə baxmayaraq Rusiya İmperiyası dövründə Ali Müsəlman Silkindən onlarla general çıxmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti ordusu əsasən Tatar Süvari Alayının bazasında formalaşdırılmışdır. I Dünya müharibəsi başladıqdan sonra ilk dəfə olaraq Çar hökuməti Qafqazda Ali Müsəlman Silkindən olmayan şəxsləri də könüllülük prinsipi əsasında ordu sıralarına cəlb etməyə başladı.

Daha çox “Vəhşi diviziya” adı ilə məşhur olan Qafqaz yerli süvari diviziyası Qafqaz və Cənubi Qafqazın o dönəmin qanunvericiliyinə görə hərbi xidmətə çağırılmayan könüllü müsəlmanlarından ibarət olmuşdur. 1914-cü ilin iyulun 26-da Qafqaz hərbi dairəsinin baş komandanı, Kavaleriya generalı, general-adyutant, qraf İ.İ.Vorontsov-Daşkov Hərbi nazir vasitəsi ilə İmperator II Nikolaya müraciət edərək hərbi hissələr qurmaq üçün döyüşkən Qafqaz xalqlarından istifadə etmək təklifini irəli sürür. Bir gün sonra, iyulun 27-si çar döyüş əməliyyatları davam etdiyi müddətdə Qafqaz və Cənubi Qafqaz əhalisindən bir sıra alay formalaşdırmaq əmri verir. Təsdiq edilmiş ştatlara əsasən, hər süvari alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 kiçik rütbəli sıravi (atlılar) və 68 xarici kiçik rütbəlilərdən ibarət olmalı idi. Azərbaycanlı süvari alayı, çeçen alayı ilə birgə diviziyanın 2-ci briqadasının tərkibində idi və bu briqadaya polkovnik Konstantin Xaqandokov rəhbərlik edirdi. Diviziyanın komandiri II Nikolayın doğma qardaşı general-leytenant, ali knyaz Mixail Aleksandroviç Romanov, baş qərargahın rəisi isə müsəlman olan Litva tatarı polkovnik Yakov Davidoviç Yuzevofiç təyin olunmuşdu.  Tatar alayına gəldikdə, buraya komandir vəzifəsinə baş qərargahın polkovnik-leytenantı P.A. Polovtsov, komandir köməkçisi vəzifəsinə – Bakıda doğulmuş polkovnik-leytenant V.D. Staroselskiy, rotmistr (kapitan) vəzifəsinə isə Şahverdi xan Ziyadxanov təyin edilmişdilər. Həmçinin alaya 10-cu draqun alayının polkovnik-leytenantı şahzadə Feyzulla Mirzə Qacar da təhkim edilmişdi. 1914-cü ilin avqustunda formalaşdırılan alaylara könüllülərin qəbulu haqqında elan verilmişdi. Yelizavetpol qubernatorunun məlumatına görə alaya könüllü yığımının elan edildiyi ilk gündəcə 2 min nəfər müraciət etmişdi. Həmçinin Yelizavetpol quberniyasından 400 nəfər, Borçalıdan 100 nəfər azərbaycanlının müraciətləri isə yerlər artıq tutulduğuna görə geri qaytarılmışdı.

1914-cü ilin noyabrında Tiflisdə olarkən, II Nikolay müsəlmanların nümayəndə heyətinə bu sözlərlə müraciət edir:

“Bu ağır günlərdə, bizi tək qoymayan və 6 alay hazırlayaraq qardaşımın rəhbərliyi altında ümumi düşmənə qarşı vuruşmağa yollanan Tiflis və Yelizavetpol quberniyalarının müsəlmanlarına dərin təşəkkürümü bildirirəm”.

1917-ci ilin sonlarında  Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə diviziya ləğv edilir.

1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında xüsusi hərbi hissələrin yaradılması ilə məşğul olan büronun təsis edilməsi haqqında qərar qəbul edildi.  Müsavat partiyasının  1917-ci ilin oktyabr ayının 26-da keçirilən birinci qurultayında milli ordu yaradılması məsələsi tələb edilirdi. Həmin ilin noyabr ayının 5-də Gəncədə keçirilən Qafqaz Müsəlman Hərbi Qurultayı şəhərə gələn tatar (azərbaycanlı) atlı batalyonu bazasında Azərbaycan korpusunun yaradılmasını tövsiyə etdi. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq nəzərdə tutulan tədbirlər çox çətinliklə və ləng həyata keçirilirdi.

1917-ci ilin sonunda Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında Müsəlman (Azərbaycan) korpusunun yaradılmasına start verilir. Korpus 1918-ci ilin aprel-may aylarında tam formalaşır. Qeyd etmək lazımdır ki, korpusun tərkibinə həmçinin Tatar süvari alayı da daxil olur. 1918-ci ilin 28 may tarixində, Azərbaycan Demokratik Respublikasının (ADR) və milli ordunun yaranmasından sonra Tatar (azərbaycanlı) Süvari alayı I diviziyanın tərkibinə keçir.

1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin Müdafiə naziri vəzifəsinə general Xosrov Paşa bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artileriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi və dəmir yol batalyonu təşkil edilməli idi.

300 nəfərlik hərbi təlimatçı ilə Gəncəyə gəlmiş Nuru paşa  Qafqaz Qızıl Taborunun  Gəncəyə gözlənilən hücumunun və Bakı Xalq Komissarları Sovetinin yürüşünün qarşısını almaq üçün Şərq Qoşunları Komandanı Vahab paşadan təcili hərbi yardım istədi. Batum müqaviləsinin də imzalanması ilə hər şey rəsmi forma aldı.

Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Gəncədə olan zaman azərbaycanlılardan ibarət qoşunun təşkilinə başladı. Cənubi Qafqaz Komissarlığının Tatar Süvari Alayı əsasında təşkil etdiyi Müsəlman Korpusunun adı 1918-ci il 26 iyunda dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu ilə əvəz edilir. 1918-ci il iyul ayının 3-də AXC rəhbərliyi hərbi mükəlləfiyyət barədə qanun qəbul edir. Bu qanuna görə 19 yaşına  çatmış və sağlam olan bütün kişilər hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunurdular. Beləliklə, Bakı Xalq Komissarları Soveti ilə döyüşlər zamanı Əlahiddə Azərbaycan Korpusunun 5 min nəfərlik canlı qüvvəsi var idi. Komandanı Əliağa Şıxlınski, Baş Qərərgah Rəisi isə polkovnik Həbib bəy Səlimov idi.

1918-ci ilin sentyabr ayına, yəni Bakının işğaldan azad edilməsinə qədərki dövrdə Əlahiddə Azərbaycan Korpusu və Qafqaz İslam Ordusu Qaraməryəm, Göyçay, Kürdəmir, Salyan, Ələt, Ağsu, Şamaxı döyüşlərində iştirak etdilər. Böyük əzmkarlıq və fədakarlıqlar sayəsində Bakını işğaldan azad etmək mümkün oldu.

Əsas qüvvələrin Bakıya doğru irəlilədiyi zaman Bakının azad edilməməsində marağı olan Almaniya İmperiyasının təhriki ilə Gürcüstan Demokratik Respublikası Zaqatala və Qazax istiqamətində bir sıra hücumlar həyata keçirir. Əlahiddə Azərbaycan Korpusunun bir neçə zabitinin təşkil etdiyi dəstələrlə Gürcüstanın hərbi qüvvələri arasında baş vermiş Sınıq körpü döyüşündə sayları az olmasına baxmayaraq, Cümhuriyyət qüvvələri qalib gəldi.

Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövründən əməli olaraq başladığı ordu quruculuğu Cümhuriyyətin Bakı dövründə daha da sürətləndirildi. Azərbaycanlı zabitlərin əksəriyyətinin çar ordusu ənənəsinə, Qafqaz İslam Ordusu zabitlərinin isə Osmanlı ənənəsinə sahib olmaları ilk əvvəllər müəyyən problemlərə səbəb olurdu. Lakin bu problem tədricən aradan qaldırıldı.

I Dünya müharibəsində məğlub olan Osmanlı imperiyası Qafqazdakı ordusunu geri çağırmağa məcbur qaldı. Mudros müqaviləsinin (1918) şərtlərinə əsasən türk hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra ölkənin müdafiəsinin təşkilində yeni mərhələ başlandı. Bu mərhələdə bütün ağırlıq Azərbaycan Hökumətinin üzərinə düşdü. Türk hərbi qüvvələri Azərbaycanı tərk edəndə ölkənin müdafiəsini öz üzərinə götürməyə qadir olan müstəqil milli ordu hələ formalaşmamışdı. Bir tərəfdən əsas diqqətin döyüşlərin aparılmasına yönəldilməsi, digər tərəfdən də milli ordu quruculuğuna rəhbərlik edən bəzi türk zabitlərinin əsaslandırılmamış struktur eksperimentlərinə, xidmətin təşkilində və çağırış-səfərbərlik işlərinin aparılmasında nöqsanlara yol vermələri Azərbaycan ordusu hissələrinin formalaşmasını ləngidirdi. Bu vəzifənin həllinə nail olmadan ölkənin müdafiəsini də etibarlı şəkildə təşkil etmək mümkün deyildi. Ona görə də Nazirlər Şurası Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Hərbi nazir vəzifəsi ilk vaxtlar Hökumətin sədri Fətəli xan Xoyskiyə həvalə olundu. Hərbi Nazirliyin təşkili və ordu quruculuğuna birbaşa rəhbərlik isə əvvəlcə nazir müavini, 1918 il dekabrın 25-dən isə hərbi nazir təyin edilmiş Səməd bəy Mehmandarova tapşırıldı. Qısa müddətdə Hərbi Nazirliyin aparatı formalaşdırıldı. Buraya Ümumi qərargah, Ləvazimat idarəsi, Topçu idarəsi, Hərbi-tibb idarəsi, Hərbi-baytar idarəsi, Generalkvartirmeyster şöbəsi və digər strukturlar daxil idi. Bundan başqa, Hərbi Nazirliyin ştatı barədə qanun, Əxzi-əsgər (çağırış) təşkilatının yaradılması haqqında qanun, Hərbi və polk məhkəmələrinin yaradılması barədə qanun qəbul edildi. Kifayət qədər hərbi biliyə və təcrübəyə malik zabitlər olan Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Murad Gəray Tlexas, İbrahim ağa Usubov, Həmid bəy Qaytabaşı, İbrahim ağa Vəkilov, Süleyman bəy Əfəndiyev, İbrahim ağa Usubov, Teymur bəy Novruzov, Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar, Feyzulla Mirzə Qacar və başqaları məsul vəzifələrə təyin edildilər. Nazirlər Şurasının sədri Fətəli xan Xoyski 1918 il dekabrın 26-da Azərbaycan Parlamentində çıxış edərkən ordunun üzərinə düşən vəzifəni belə səciyyələndirirdi:

“Gərək hər bir dövlət daima özünü müdafiə etmək iiçün qüvvə hazırlasın. Ona görə bizim həm xarici düşmənlərimizə qarşı, bizim istiqlalımıza hücum edənlərə qarşı müdafiə edəcək bir qüvvəmiz olsun”.

Parlamentdə hərbi məsələlər üzrə xüsusi komissiya yaradılmışdı. Komissiyanın üzvləri, həmçinin digər millət vəkilləri müvafiq sənəd layihələrini hazırlayıb Parlamentin müzakirəsinə təqdim etməklə bərabər, hərbi hissələrə, obyektlərə, gərgin döyüş bölgələrinə gedir, ümumordu miqyaslı tədbirlərdə iştirak edirdilər. Parlamentin fəaliyyəti dövründə ordu quruculuğu və ölkə müdafiəsinin təşkili ilə bağlı 9 qanun qəbul edilmiş, Azərbaycan-Gürcüstan hərbi-müdafiə sazişi (1919) ratifikasiya olunmuş, Qarabağda və ölkənin şimalında yaranmış təhlükəli vəziyyətlə bağlı növbədənkənar müzakirələr aparılmışdır.

Türk dili (Azərbaycanca) ordunun əsas dili elan edildi. Savadsızlığa qarşı mübarizə aparmaq üçün ordu daxilində xüsusi kurslar təşkil edildi.

Ordunun formasını müəyyən etmək üçün general-leytenant Əliağa Şıxlınskinin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. Bu komissiyanın işini bitirməsi nəticəsində 1919-cü ilin yanvar ayının 11-də Azərbaycan ordusu ümumi şəkildə yeni formalara keçdi.

 

Azərbaycan  ordusunun ən böyük problemlərindən biri isə fərariliyin və xidmətdən yayınmanın qarşısını almaq idi. Əxzi-əsgər (çağırış) təşkilatının yaradılması ilə bu problemin də həllinə demək olar ki, nail olundu. 1918 il dekabrın 25-də Səməd bəy Mehmandarov hərbi xidmətə çağırışı yaxşılaşdırmaq məqsədilə xalqa müraciət etdi. Müraciət Azərbaycan və rus dillərində çap edilərək əhali arasında yayıldı. Hərbi nazirin müraciətində türk qoşunlarının Azərbaycanda olduğu zaman çağırış işində yol verilmiş nöqsanlara, o cümlədən, hərbi hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsinə, əsgərlərin ağır məişət şəraitinə toxunulur, onların aradan qaldırılması üçün görülən qətiyyətli tədbirlərdən bəhs olunurdu:

“İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları, istər fəqir, istər dövlətli, əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə, böyük cəzaya düçar olacaqdır və burası da məlum olsun ki, əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçiin ayrı yorğan-döşək hazırlatmışam”.

Güclü ordu formalaşdırılması üçün vacib olan müxtəlif hərbi strukturun yaradılması, qoşunların ərzaq və digər vasitələrlə təmin olunmasının yaxşılaşdırılması, həmçinin zabitlərin maaşlarının vaxtaşırı artırılması həm Hökumətin, həm də Hərbi Nazirliyin əsas məqsədlərindən biri idi. Bu sahədə hərbi nazirliklə Nazirlər Şurası arasında sıx əlaqə yaradılmışdı. Hərbi nazir 1919-cu ilin aprelində ordunun formalaşdırılması üçün büdcədən ayrılacaq vəsaitin miqdarı barədə Hökumətə təklif verdi. Hökumət bu təklifi təsdiq etdi. Həmin vəsait 399,4 milyon manata bərabər idi ki, bu da dövlət büdcəsinin 27,7%-ni təşkil edirdi. Nazirlər Şurası ilə Hərbi Nazirliyin birgə işi kimi həmçinin Gürcüstan-Azərbaycan hərbi sazişini  göstərmək olar. 1919 il iyunun 16-da iki respublika arasında hərbi saziş imzalandı. Sazişi Azərbaycan Hökuməti tərəfindən xarici işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov və Baş ərkani-hərbin (Baş qərargahın) rəisi Məmməd bəy Sulkeviç imzaladılar. Tiflisdə üç il müddətinə imzalanmış həmin sazişə görə tərəflərlərdən hər hansı biri xarici müdaxiləyə məruz qalarsa, digəri ona kömək göstərməli idi.

Azərbaycan Xalq Cümhuriyyətinin İtaliya mandatlığına verilməsi məsələsi Paris danışıqlarında gündəmə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi İtaliya dövləti ilə diplomatik əlaqələrini artırdı. Cümhuriyyət rəhbərlərinin fikirlərinə görə İtaliya ən azından Azərbaycan ordusuna silah-sursat sata bilərdi.

Azərbaycan hökuməti silah və hərbi sursat almaq üçün general  İbrahim ağa Usubov başda olmaqla Romaya bir heyət göndərmək arzusunu İtaliya tərəfinə bildirdi. Cənubi Qafqazdakı İtaliya missiyasının başçısı M. Qabba Azərbaycan xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi 6 sentyabr 1919-cu il tarixli məktubda kral hökumətinin bu heyətin İtaliyaya getməsinə razılıq verdiyini yazırdı. O, təklif edirdi ki, İtaliyaya ezam olunacaq şəxslərin sənədləri viza alınması üçün Tiflisdəki İtaliya konsulluğuna göndərilsin. Müvafiq sənədləşmədən sonra 1919-cu ilin noyabr-dekabr aylarında İbrahim ağa Usubov başda olmaqla Azərbaycan hərbi heyəti Romaya ezam olundu. Romada italyan dövlət xadimləri ilə danışıqlardan sonra Azərbaycan tərəfinin xeyli sayda silah-sursat satın alması barədə razılaşma əldə edildi. Bu silah-sursatla Azərbaycan ordusunun tam olaraq təchiz ediləcəyi planlaşdırılmışdı. Külli miqdarda silah-sursatla yanaşı, hərbi qulluqçuların geyinməsi üçün müxtəlif formalar, geyim ləvazimatları və çadırların da satın alınması  nəzərdə tutulmuşdu. Lakin təəssüf ki, bütün bunlar Bakıya gəlib çatdığı vaxt Azərbaycan Xalq Cümhuriyyəti artıq süqut etmişdi. Nəticədə bütün silah-sursat və hərbi ləvazimat bolşeviklərə qaldı.

1919 ilin avqustunda Azərbaycan ordusunun artıq kifayət qədər formalaşmış hərbi hissələri Lənkəran bölgəsinin Azərbaycan Hökumətinə tabe olmayan qiyamçılardan təmizlənməsi məqsədilə Lənkəran əməliyyatını uğurla yerinə yetirdilər. Qiyamçı qüvvələrin məğlub edilməsi və bölgədə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olunması hərbi nazirin əmri ilə yaradılmış Lənkəran dəstəsinə tapşırıldı. Dəstənin komandanlığı general-mayor Həbib bəy Səlimova həvalə olunmuşdu. Lənkəran dəstəsinin qətiyyətli və çevik fəaliyyəti nəticəsində sentyabrın 3-də bölgədəki rus hərbi qüvvələri tərksilah edildilər. Azərbaycan ordusunun nəyə qadir olması Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq məqsədilə həyata keçirilən erməni-daşnak təcavüzünün aradan qaldırılması üçün aparılan Qarabağ əməliyyatında özünü bir daha bariz nümayiş etdirdi. Bu təcavüz Azərbaycanın işğalı və bölüşdürülməsi məqsədilə Sovet Rusiyası ilə erməni-daşnak qüvvələri arasındakı sövdələşmə nəticəsində həyata keçirilirdi. Erməni-daşnak qüvvələri bütün Qarabağı ələ keçirməyə cəhd göstərməklə, həm də Azərbaycanın şimal sərhədlərinin müdafiəsinin tamamilə zəiflədilməsinə və bununla da bolşevik işğalının asanlaşmasına əlverişli şərait yaratmalı idi. Erməni qüvvələri Novruz bayramı günlərində, martın 22-də gecə saat 3-də eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin üzərinə hücuma başlasalar da, hərbi təşəbbüsü ələ ala bilmədilər. Birinci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski erməni silahlı dəstələrinin Əsgəran qalası üzərinə hücumu başlanandan sonra Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi teleqramında yazırdı:

“Əsgərlər qalanın bir hissəsini hələ də əllərində saxlayırlar… ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq”.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun əsgər, zabit heyətinin əzmkarlığı sayəsində erməni üsyanı yatırılır.

Qarabağdakı güclü erməni təcavüzü dəf olunsa da, şimaldan yaxınlaşan hərbi müdaxilənin qarşısını almaq mümkün olmadı, çünki Azərbaycan ordusunun şimal sərhədlərini qoruyan hərbi hissələrin Qarabağın müdafiəsinə cəlb edilməsi nəticəsində buranın müdafiə imkanları çox zəifləmişdi. Qarabağdakı qüvvələrin yenidən şimala atılması üçün isə nə vaxt var idi, nə də imkan. Həm də, 1920 il aprelin 16-da Fətəli xan Xoyski bildirdi ki, Qarabağdan qoşunları heç bir vəchlə çıxarmaq olmaz, çünki bu, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarına qarşı təcavüzünün yenidən güclənməsinə səbəb ola bilər.

Yalama stansiyası, Biləcəri stansiyasındakı döyüşlərə baxmayaraq,  rus qoşunlarının qarşısını almaq mümkün olmur. Aprel ayının 28-də Bakıda hökümət tabe olsa da,  cümhuriyyət ordusu hələ tabe olmaq fikrində deyildi. Aprel işğalından az müddət sonra əksərən Cümhuriyyət ordusu zabitlərinin rəhbərlik etdiyi üsyanlar başladı. Bu üsyanlara misal olaraq Qarabağ, Lənkəran, Muğan, Quba, Şəmkir, Zaqatala və Gəncə üsyanlarını göstərmək olar. Bu üsyanlardan ən əhəmiyyətlisi, sözsüz ki, Gəncə üsyanıdır.

Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. May ayının 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. Gərgin döyüşlərdən sonra, may ayının 31-də üsyan yatırıldı. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Məhəmməd Mirzə Qacar, hüquqşünas İsmayıl xan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudin bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları bolşeviklər tərəfindən güllələnir.

Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabs-kapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyli ilə birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz və sübutsuz qətlə yetirildi.

Gəncə üsyanından sonra, üsyanda iştirak etməyən Cümhuriyyət ordusunun zabitlərinə qarşı yeni repressiya dalğası başladı. Nəticədə General-mayor Həbib bəy Səlimov, General-mayor Əbdülhəmid bəy Qaytabaşı kimi generallar güllələndi. Sağ qalmağı bacaran bəzi zabitlər isə müxtəlif ölkələrə mühacirətə getməyə məcbur oldular. Mühacirətə gedənlərdən biri olan Cahangir bəy Kazımbəyli 1955-ci ildə Berlində KQB tərəfindən öldürüldü.

Beləliklə də, bolşeviklər bütün sahələrdə olduğu kimi ordu sahəsində də güclü repressiya həyata keçirdilər.

Haqqında Qulamhüseyn Məmmədov

Qulamhüseyn Məmmədov

Həmçinin bax

c1f4b654-2e09-44d0-bc41-0caf49d2620c

Türklərin qovduğu türk – Rəhim Cavadbəyli

Türklərin qovduğu türk, ikinci Boraltan faciəsi və ya Quzeydən qaçan güneyli. Sözün düzü, Rəhim bəyi ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *