Ana səhifə / Siyasət / Tadeuş Svetoxovski – Kommunistlərin hakimiyyəti ələ keçirməsi

Tadeuş Svetoxovski – Kommunistlərin hakimiyyəti ələ keçirməsi

Azərbaycan Kommunist (Bolşeviklər) Partiyası (KP) qərara gəlmişdi ki, çevriliş üçün əlverişli şərait yaranıb və bunu Aprel ayının 27-ə təyin etmişdilər. Üç gün əvvəl, Aprelin 24-də, zəif silahlanmış Kommunist döyüş bölükləri siqnalla hərəkətə keçmək üçün səfərbər olunmuşdular. Aprelin 25-də bütün partiya komitələrinə döyüş əmrləri ilə məlumat verilmişdi ki, hər hansı tabesizlik ölümlə cəzalandırılacaq.

Taleyüklü 27 apreldə, gecə yarısından bir az keçmiş dörd zirehli qatarın Yalama stansiyasını keçdiyi və General Şıxlınskinin dəmiryolu körpüsünü partlatmağa müvəffəq olmadığı barədə Bakıya telefon zəngləri gəlməyə başladı. Bu Azərbaycan kommunistlərini heyrətləndirmiş olmalı idi, çünki ruslar 24 saat gözləmə müddətinə məhəl qoymamışdılar. Səhərisi, yəni Qırmızı Ordunun Bakıya istiqamətləndiyi və azərbaycanlıların aşkar müqavimətini qırdığı vaxt, AzK(b)P Mərkəzi Komitəsi (MK) bəyannamə ünvanladı. Bəyannamədə “satqın, cinayətkar, əks-inqilabi” Müsavat Partiyası hökumətinin devrildiyi qeyd olunur və Nərimanov, Hüseynov, Musabəyov, Bünyadzadə, Alimov və Qarayevdən ibarət olan Müvəqqəti Azərbaycan Hərbi-İnqilabi Komitəsinin (Azrevkom) yeganə qanuni hakimiyyət olduğu elan edilirdi.

Buna baxmayaraq Azrevkom bu təhvilalmanın qanuniliyi görüntüsünü saxlamaqda narahat idi. Günorta saatlarında, Parlamentin fövqəladə sessiyasında, Sultanov Parlamentin bütün səlahiyyətlərini 12 saat ərzində təhvil verməsi barədə ultimatum verdi. Ultimatum (Parlamentin cavabından da aydın olduğu kimi) bəzi təminatları da özündə ehtiva edirdi, bunlardan bəziləri vəziyyətdən çıxış yolu təklif edən, digərləri isə devrilmiş rejim üzvlərinin təhlükəsizliyinə zəmanətlərdən ibarət idi.

Deputatlar məsələni müzakirə edən zaman Xəzər donanmasının kommunist üzvləri döyüş gəmilərinin silahlarını Parlament binasına doğru istiqamətləndirmişdilər. Həmçinin eyni dərəcədə təhlükəli vəziyyət türklərdən ibarət Parlament Qvardiyası alayının düzülüşü idi. Fövqəladə sessiyanın əvvəlində müharibə naziri Mehmandarov silahlı müqavimətin ağlabatan olmadığını elan etmişdi. Bəzi deputatlar hökumətin Gəncəyə köçürülməsini və beləliklə müdafiə döyüşünə keçməyi təklif etsələr də, onlar açıq fərqlə azlıq təşkil edirdilər. İttihadçılar və sosialistlər isə şövqlə Sovet hakimiyyətini qəbul etdiklərini ifadə edirdilər. Əhrar isə kütlələrin tərəfində duran kommunistlərə müqavimət göstərməkdə heç bir səbəb görmürdülər. Müsavat adından çıxış edən Rəsulzadə öz şübhələrini dilə gətirərək xəbərdarlıq edirdi ki,

əgər hətta güman etsək ki, gələn ordunun başçısı türkdür, ordu özü yenə də rusdur, bu işğalçı qüvvədir; onun məqsədi 1914-cü ildəki cəbhə xəttini bərqərar etməkdir. Anadoluya getmək adı ilə buraya gələn ordu ölkəmizi öz xoşu ilə tərk etməyəcək. Qırmızı Rusiya ilə anlaşmaq üçün ultimatumu qeyd-şərtsiz qəbul etməklə bolşeviklərə təslim olmağa heç bir ehtiyac yoxdur.

Rəsulzadə çətinlikdə olan Türkiyə və inqilabi Rusiya arasında əməkdaşlığı təmin edəcək radikal üzvlərdən ibarət və fövqəladə səlahiyyətlərlə təmin olunmuş bir hökumətə üstünlük verirdi. Sonda O elan etdi ki, əgər bütün digər partiyalar cümhuriyyətin müstəqilliyini müdafiə etməyə meyilli deyilsə, Müsavat bu vəzifəni təkbaşına öz çiyinlərinə götürə bilməz və onun partiyası baş verəcək heç bir şeyə görə məsuliyyəti qəbul etməyəcək. Sonra O Parlamentin Azrevkoma cavabını hazırlanması işinə qoşuldu.

Cavab hazırlanmaqda olarkən, Menşevik-Hümmətçi Ağamalıoğlu dəhşətli işğal qorxusundan istifadə edərək deputatları təslim olmağa çağırırdı:

Qoy heç kim hər hansı bir müqavimət göstərmək istəyi ilə oyun oynamasın, qoy heç kim şəhəri dağıtmaq və məsum qanlar axıtmaqla risk etməsin! Kimə görə? Mövcud hökumətdən Usubbəyov, Xoyski və tüfeyli və avaraların digər müdafiəçiləri olanların Nərimanov, Mirzə Davud [Hüseynov] və fəhlə və kəndlilərin maraqlarını müdafiə edən digərləri tərəfindən dəyişilməsinə görə?

Aprelin 27-si 1920-ci il, axşam saat 11-də Parlament, bir deputatın əleyhinə, bir deputatın imtinası ilə, Kommunistlərlə aşağıdakı şərtlərlə əlaqəyə girməyi qəbul etdi:

  1. Azərbaycanın Sovet hakimiyyəti altında müstəqilliyi tam saxlanılacaq.
  2. Azərbaycan Kommunist Partiyasının formalaşdırdığı hökumət müvəqqəti olacaq.
  3. Azərbaycanın yekun hökumət sistemi heç bir xarici təzyiq olmadan Azərbaycan Fəhlə, Kəndli və Əsgər Şurası tərəfindən müəyyən olunacaq.
  4. Hakimiyyət orqanlarının bütün funksionerləri öz vəzifələrində qalacaq və yalnız cavabdehlik daşıyan şəxslər dəyişdiriləcək.
  5. Yeni təşkil olunmuş müvəqqəti kommunist hökuməti mövcud hökumət və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığına zəmanət verir.
  6. O Qırmızı Ordunun döyüş şəraitində ölkəyə girişinin qarşısını almaq üçün tədbirlər görəcək.
  7. Yeni hökumət öz səlahiyyətində olan bütün imkanlardan istifadə edərək və lazımi tədbirlər görərək Azərbaycanın müstəqilliyinə qarşı olan bütün xarici və digər istənilən qüvvəyə müqavimət göstərəcək.

Bu geri çəkilmə ilə də bolşeviklərin ultimatum ilə müəyyən etdikləri müddətdən bir saat qabaq Azərbaycanın müstəqil dövlətçilik təcrübəsi rəsmi olaraq sona çatdı.

Bu təhvil alma, demək olar ki, heç bir qan tökülmədən həyata keçdi. Parlamentdən kənarda isə çox az adam Parlamentin divarları arasında gedən hadisələrdən xəbərdar idi. Əhalinin yeganə maraqlandıran isə Qırmızı qoşunların Bakıya yaxınlaşan gəlişi idi. ‘Aprelin 27-i axşamdan etibarən şəhəri qəribə gərginlik ab-havası bürümüşdü’ “Kommunist” qəzetinin müxbiri yazırdı:

Küçələr adamlarla dolu idi. Onlar kiçik qruplarda toplaşmış və bir-biriləri ilə pıçıldaşırdılar. Qırmızı Ordunun yolda olması və Xaçmaz stansiyasının ələ keçirilməsi xəbərlər işəhərdə sürətlə yayılmağa başladı. Təşviş içində olan sadə camaat təkrarlamaqda davam edirdi: Bircə silahlı toqquşmalar olmasın. Onlar narahatlıqla yatmağa yollandılar… Şəhər yeni rejimə keçidin necə olacağı və onun necə hərəkət edəcəyi ilə bağlı heç bir bilgisi olmadan yuxuya getdi. Aprelin 28-i tarixi ilə axşam nəşr olunan qəzetlər isə nəyin baş verəcəyi ilə bağlı məsələlərdən sükutla keçmişdilər. Bu onların sonuncu nəşrləri idi.

Aprelin 28-i 1920-ci il: Bu gün şəhərin bütün tərəfinə qısa canlanma gətirmişdi. Küçələrdə hakimiyyətin inqilabi yolla ələ keçirilməsinə xas səhnələr görünürdü. Zirehli texnika səs-küylə səkiyə çıxaraq bir gurultu qopardı. Silahları döyənəkli əlləri ilə sıx tutmuş fəhlələrlə dolu yük maşınları görünməyə başladı. Naberejnayanın yanındakı Sadova Küçəsində tələbələr döyüş dəstələrinə qoşulmaq üçün qeydiyyatdan keçirdilər. Yük maşınları fəhlə rayonlarına silahlar paylayırdı…. Qanlı toqquşmalar gözləyən Bakı əhalisi hökumətin ani dəyişilməsindən özünü rahatlamış hiss edirdi. Bəziləri bunu səmimiyyətlə, digərləri isə ürəklərində qorxu ilə qarşılamışdı.

Elə həmin gün Azrevkom Leninə teleqram vuraraq ‘Müsavatçı’ hökumətin rəsmi olaraq devrildiyini və Sovet Rusiyasının Azərbaycandakı yeni Sovet hakimiyyətinə ‘öz qüvvələri ilə daxili və xarici əksinqilabi qüvvələrin təzyiqinin qarşısını almağın mümkünsüzlüyü’nə görə qardaşlıq yardımı göstərməsini istəyirdi. Buna qədər isə Bakının küçələri Qırmızı Ordu formalı adamlarla dolmağa başlamışdı; Levandovski öz qoşunlarından əvvəl şəhərə gələrək öz baş qərargahını qurmuşdu. Aprelin 28-də həmçinin hamısı yerli üzvlərdən ibarət olan və əksəriyyəti keçmiş Hümmətçilər olan Azərbaycan Xalq Kommissarları Şurası yarandı. Katib və xarici işlər kommissarı Nərimanov idi; digər kommissarlar H.N.Sultanov (daxili işlər), Ç.İldırım (hərbi və dəniz qoşunları), Ə.H.Qarayev (əmək və ədliyəə), H.M.Musabəyov (kənd təsərrüfatı, ticarət və sənaye), M.D.Hüseynov (maliyyə), C.Vəzirov (poçt və teleqraf xidmətləri) və A.Əlimov (səhiyyə). Hakimiyyətin əsas hissəsinin Orconikidzenin Kavbürosun da qalması ilə yanılmalarına baxmayaraq, bu Azərbaycan ziyalılarının ən radikal təbəqəsinin qalibiyyət anı idi.

Lenin Bakıdakı hakimiyyət dəyişikliyinin əhəmiyyətini dərk edir və bu hadisəni Rusiyanın iqtisadi ehtiyaclarına münasibətdə qiymətləndirərək bolşeviklərin digər yerlərdəki uğursuzluqlarına münasibətdə bir təsəlli kimi görürdü: ‘Dünən bizə iki xəbər gəlib, onlardan biri çox üzücüdür’, o ictimai toplantıların birində deyirdi:

Polşa hökuməti bizimlə danışıqlarda mövcud siyasətdən imtina etməyə qərar verib və cəbhədə döyüşlərə başlayıb. Polşa Jitomiri ələ keçirib və Kiyev istiqamətində hərəkər edir… Digər tərəfdən, biz dünən Bakıdan sənayemizi daha yaxşı vəziyyətə gətirəcək bir xəbər almışıq. Hamımız bilirik ki, yanacaq çatışmazlığı ucbatından sənayemiz durğunluq vəziyyətinə düşmüşdü, lakin xəbər gəlir ki, Bakı proletariatı Azərbaycan hökumətini devirib və hakimiyyəti ələ keçirib. Bu o deməkdir ki, indi bizim elə bir iqtisadi bazamız var ki, sənayemizə yenidən həyat verəcək.

Lenin hələ çevrilişdən iki həftə əvvəl Bakı neftinə cavabdeh olacaq şəxsi də təyin etmişdi – A.P.Serebrovski. Serebrovski artıq Qırmızı qoşunların gəlişi ilə Rusiyaya yanacaq daşımalarını təşkiletməyə başlamışdı.

Mənbə:

Tadeusz Swietochowski, Russian Azerbaijan? 1905-1920. The Shaping of National Identity in a Muslim Community. (Cambridge University Press 1985), pages 180-184.

Haqqında Rəşad Bayramlı

Həmçinin bax

c1f4b654-2e09-44d0-bc41-0caf49d2620c

Türklərin qovduğu türk – Rəhim Cavadbəyli

Türklərin qovduğu türk, ikinci Boraltan faciəsi və ya Quzeydən qaçan güneyli. Sözün düzü, Rəhim bəyi ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *