1. Kültür

Avropalı sosioloqlar və düşüncə məktəblərinin sahibləri “kültür” sözünün üzərində çoxca dayandılar. Moris Debrey (Maurice Debray) kimiləri və ondan daha önəmlisi və böyüyü Spinqler (Spengler) kültürü cəmiyyətin təməli qəbul edirdi.

Spinqler öz məktəbini kulturalizm əsasında qurdu. O, bir cəmiyyətin həyatı və hərəkətinin kültürünün hərəkətinə bağlı olduğuna, bir cəmiyyətin ölümünün də həmin cəmiyyətin kültürünün ölümünə bağlı olduğuna inanırdı. Bir dövrdə həmin dövrün mütəfəkkir və ziyalıları bir cəmiyyət hədəfi və insani hərəkət meydana gətirmək üçün kültürəl missiyaya nəzər yetirməli idilər.

Bundan sonra kültür sözü yayğınlaşdı, yüksək diqqət qazandı, sosiologiya elminə girdi, universitet dərslərində özünə yer tapmağa başladı. Sosiologiya, psixologiya və antropologiya elmlərinin mövzuları arasında çox həssas bir nöqtəyə yerləşdi. O qədər ki, tarixin bir növü kimi kulturologiya və kültürəl dəyişikliyin tarixinə təqsim edildi, xüsüsilə də Amerikada.

Tarix zehnimizdəki və keçmişimizdəki şəkli ilə bəzən keçmişdə yaşanmış hadisələrin cəmi mənasına gəlir.Başqa bir kollektiv düşüncədə tarix başdan sona determinist qanunlara görə hərəkət halında olan, axıb gedən bir davamlılıqdır. Bu, tarixin determinizmi adlanır.

Kimiləri isə tarixə cəmiyyətlərin doğuşu və ölümünün cəmi mənasını verirlər. Yəni, tarix bir cəmiyyətin meydana çıxması, inkişaf etməsi, qocalması və ölməsi; sonra yenə inkişaf edən, qocalan, ölən və yerini bir digər cəmiyyətə buraxan başqa bir cəmiyyətin doğmasından ibarətdir.

Amma kulturalistlərə görə tarix bunlardan heç biri deyil: Nə keçmişdə yaşananların cəmi, nə determinist axımın davamlılığı, nə də cəmiyyətlərin doğuş və ölümünün cəmidir. Onlara görə tarix başlanğıcından bu günə qədər zamanın dövrləri boyunca bəşəri kültürün incələnməsidir.

Keçmişdə diqqət görməyən, gördüyü halda da önəmliliyi hər zaman ikinci dərəcədə olan və mədəniyyətin sinonimi olaraq qəbul edilən kültürün önəmlilik qazandığını, hətta bir çox mövzu üçün təməl ünsür halına gəldiyini görürük.

 

  1. Mədəniyyət

Kültür və mədəniyyətin hansı ortaq və fərqli nöqtələri vardır?

Bir tərifə görə, mədəniyyət və kültür, ümumi mənası ilə “insanlıq toplumunun maddi və mənəvi təcrübəsindən” ibarətdir. Başqa bir tərifə görə isə, kültür və mədəniyyət, “müəyyən bir qövmün və müəyyən bir cəmiyyətin təcrübəsi və istehsalından” ibarətdir.

Bu iki tərifdə də kültür və mədəniyyətin iki növünü müşahidə edirik: Biri, bəşəriyyətin bütün təcrübələri və istehsalı mənasındadır – burada kültür və mədəniyyət universaldır. Digərində  müəyyən bir qövmün rəngini daşıyan təcrübələr və istehsalın cəmidir – burada isə, kültür spesifik bir cəmiyyətə aiddir.

 

Universal kültür və mədəniyyət

Hansı kültür və mədəniyyət universaldır? Bəzən yunan mədəniyyət və kültürü şəklində, bəzən də İsgəndəriyyə, İslam, Orta Çağ mədəniyyət və kültürü olaraq ya da qədim, modern Hind, Çin və s. mədəniyyət və kültürü adı altında təcəlli edən mədəniyyət və kültürdür. Hamısının da ortaq bir xüsusiyyəti vardır. O da insanlığın müxtəlif dövrlərində tək bir növ mədəniyyət və kültürün var olması; hər kültür və mədəniyyətin, bir əvvəlki kültür və mədəniyyətin inkişaf etmiş və dəyişmiş xələfi olmasıdır.

Bu şəkildə Mesopotomiya və İranın mədəniyyət və kültürü insanlığın mədəniyyət və kültürüdür. İnkişafının zirvəsinə çatır və burada tənəzzülə başlayıb yox olur. Bu mədəniyyət və kültür Mesopotomiyadan Krit adasına girər və yunana çatar. Yunanda inkişaf edər və sonra Romaya gedər. Yoluna davam edər və İslama gələr. Sonra orta çağda Qərbə və Şərqi Romaya gedər. Nəhayət ki, modern dövrlərdə bu günün mədəniyyət və kültürünü inşa edər. Elə isə, universal olaraq mədəniyyət və kültürü ümumi şəkildə qavramağa çalışdığımızda müxtəlif nəsil və toplumların üst üstə qoyub yığdığı, istehsal etdiyi və bəşəriyyəti – xüsusi bir milləti və cəmiyyəti deyil, insan növünü – köçəri tərzdən və heyvani həyatdan insanın heyvani mərhələdən uzaqlaşmasının zirvəsi olan müasir zamanlara çatdıran təcrübə və istehsalın cəmidir.

Bu qavrayışla Qərb, Şərq, Hind, Çin, Yunan, Roma mədəniyyət və kültürünün heç bir mənası yoxdur. Bunların hamısı müxtəlif zamanlarda inkişaf etmiş və şəkillənmiş tək bir mədəniyyət və kültürdür. Tarix boyunca millətlər və cəmiyyətlər arasında əldən ələ gəzmiş, geniş bir coğrafiyada oradan ora getmiş, hər çağda mədəniyyətin və bəşəri mərifətin bayraq tutanı və öz çağının ruhunu ortaya çıxartmış tək bir gerçəklikdir. Sonra yaşlanır, ölür və bayrağı davam etdirməsi üçün təzə nəfəsə sahib olan və daha gənc bir qövmə verir; o meydan sənin, bu meydan mənim, nəsillər boyunca hərəkət edir və bu ana qədər gəlib çatır.

 

Milli kültür və mədəniyyət

Digər növdə – universal deyil, milli mənada – mədəniyyət və kültür müəyyən bir qövmün rəngini daşıyan təcrübələr və istehsalın cəmidir.

Burada mədəniyyət və kültür bir milləti digər millətdən ayıran xüsusiyyətlərə malikdir. Müəyyən bir milliyət və irqin özünə xas kültür və mədəniyyətdə ayrıldığı və cisimləşdiyi, daha sonra da başqa bir milli kültür və mədəniyyət qarşısında özünü özünə xas xüsusiyyətlər və xarakterlə ortaya qoyan milli və qövmi mədəniyyətlər və kültürlər cəmi ilə qarşılaşırıq.

Əgər mədəniyyətlərə və kültürlərə bir qövmün baxış bucağından baxsaq, – Spinqlerin baxdığı kimi – bugünkü mədəniyyət və kültürün Qərbli olduğunu deyə bilərik. Çünki, Qərb irqi hissiyyatı və xüsusiyyətlərini, özünə xas görüş və düşüncə tərzini özünə xas kültür və mədəniyyətdə cisimləşdirir. Sonra da qövmünə xas rənglə və irqinə xas baxışla öz mədəniyyət və kültürünü başqa millətlərə qəbul etdirməyə çalışır.

Eym Sizer (Aime Cesaire) mədəniyyətin xüsusi bir tərəfi olmadığına inanır.Yəni, mədəniyyətlər deyil, mədəniyyət mövcuddur. İnsanlığın ortaq üzü mədəniyyətdir və mədəniyyət insanın fərqli zamanlarda istehsal etdiklərinin və təcrübələrinin cəmidir. Demək ki, Çin, Hind, İran mədəniyyətindən danışmaq mənasızdır. Mədəniyyət Şərqdən Qərbə, Kritdən Afinaya, oradan da İsgəndəriyyəyə, Bağdada, Bağdaddan Əndəlüsə, İtaliyaya, bugünkü Fransaya, oradan da Şimali Amerikaya gedər… Bu halda görünür ki, mədəniyyət təkdir, irq və qövm fərqliliklərinin və ayrılıqlarının yönləri onun simasına yansımaz.

Mədəniyyətin fenomenlərindən biri universal olan sənayedir. İranlının istehsal etdiyi və ip doladığı dəzgah ilə Avropanın toxuma fabrikində işləyən dəzgah arasında bir fərqlilik yoxdur. Nə onda iranlılıq xüsusiyyəti var, nə də bunda avropalılıq xüsusiyyəti. O, sadəcə əsrlər boyunca inkişaf etmiş və bugünkü elektrikli halını almış dəzgahdır. Fəqət, bunun əksinə, kültür, bir qövmü digərindən ayıran və fərqliləşdirən müəyyən bir qövmə xas özəlliklərin təcəllisindən ibarətdir. Əgər Sizerin nəzəriyyəsinə etibar etsək, kültür mədəniyyətin qövm siması və mədəniyyət də kültürün ümumi üzüdür. Bu nəzəriyyənin bir “amma”sı vardır,  o da Sizerin kültür və mədəniyyət tərifinin içinə müəyyən bir məqsəd və ön mühakimə yerləşdirmiş olmasıdır.

Qara dərili düşünür olan Eym Sizer, məsələni tərəfsiz biri olaraq incələmir, onsuz da tərəfsiz bir incələmə ola da bilməz, çünki, o, başqa bir məsələyə cavab vermək istəyir. O, Sorbonna Universitetindən bir elm adamı deyil, Afrikaya xas bir irqin təmsilçisidir. Onun tərəfsiz olması buna görə də mümkün deyildir.

Qərblilər deyir ki, kültür bəzi irqlərin istehsal edə bildiyi xüsusi bir şeydir, amma hər irq kültür istehsalçısı deyildir. Kültür özəl bir sinir sisteminin doğduğu bir şeydir. İnsan növlərinin arasından üstün və inkişaf etmiş olan irq; çox özəl beyin hüceyrələri, zehin quruluşu və sinir sistemi kültür istehsal edə bilər. Buna görə də, qərblilər üçün bəşəri toplum kültür istehsalçısı deyildir. Onlara görə, insanlıq aləmində bəzi irqlər kültür istehsalçısıdır və kültürü kültür yarada bilməkdən aciz olan digər irqlərə bəxş edir!

Əfsuslar olsun ki, Ernest Renan, Kont de Qubino (Kont de Gobineau) və Ziqfrid (Siegfried) kimi bir çox böyük qərb alimləri bu axmaqca fikirləri ilə, hətta Şərqdə də məşhur ola bildilər.

Hegel: “Şimallı irqlər və ari irqlər kültür istehsalçısıdırlar. Sarı irq də elədir. Amma bu fərqlə ki, ari irq, ağılçı, inkişaf etmiş və şüurlu kültürü istehsal edir. Fəqət sarı irq instinktiv və şüursuz kültürü istehsal edir. Bu halda tarixdə ari irq kültür istehsalı missiyasını  Şərqli irqdən (Uzaq Şərqdən) alıb və davam etdirib. Sonra da şərqli Ari qərbli Ariyə çevrilib və kültür dini şəklindən fəlsəfi şəklinə çevrilib. Nəhayət, Qərbdə ən alicənab, ən yüksək və ən ağıllı irqlər kültürü ilahi bir kültür olan german irqindəndir. Sonda bu irq özünün fərqlilikləri ilə bir tanrıya çevrilir.”

Günümüzdə kültür istehsal edə bilən şimallı german irqi ilə qərbli irq və onun qarşısında da kültür istehsal etməkdən aciz qara irq vardır. Çünki, onların beyin hüceyrələrində boz zər yoxdur və hüceyrəyə xas quyruq – beyin hüceyrələrində olan – ya yoxdur, ya da qısadır. Fəqət ağdərililərin hüceyrələrində bu quyruq çox uzundur – öz quyruğundan danışır! – və kültür də bu quyruq və boz zərdən ortaya çıxır. (İstehza ilə yazılmış bir hissədir – Tər.)

Bu səbəblə kültür sahibi olmayan qaradərili tarix boyunca köləlikdən başqa heç bir rola yiyələnə bilməmişdir və biz də bu minvalla kölə olaraq mədəniyyət inşa etməyə kömək etdikləri üçün onlara minnətdarıq. Prezident, həm də məşhur şair və filosof olan Senqhor (Senghor ) qaradərililərin də kültür və mədəniyyətinin olduğunu dilə gətirir və nümunə olaraq da Misir piramidalarını göstərir. Buna cavab verən qərbli filosoflardan biri isə: “Düzdür, Misir piramidaları qaradərililərin əli ilə inşa edilib, ancaq qara olmayan fironların planları və düşüncələri ilə meydana gəlib. Qaralar sadəcə işçilikdə istifadə olunmuşlar”.

Qaraları mədəniyyətlərin işçilik qismində görürük,  ancaq düşüncə sferasında hər hansısa bir nailiyyətləri yoxdur. Onlar sadəcə mədəniyyət istehsal edənlərin xidmətində işləmişdirlər. Əslində isə, mədəniyyət köləlik ortaya çıxdıqdan sonra istehsal edilməyə başlanmışdır. Çünki,  köləlik “düşüncə sahibi üstün irqin” hamballıq gərəkdirən işlərini edərkən, həm də “üstün irqin” düşünməsinə və fikri inkişafına şərait yaratmışdı.

Kölələr aşağı işləri üstlənməklə ağ irqə, əfəndi irqə, üstün irqə düşüncəyə yönəlmə, fikri və ruhu inkişafa meyillənmə, böyük məktəblər və sənət yaratma, şeir oxuma, eşq və estetika adına işlər görməyə, böyük fəlsəfələr və mədəniyyətlər meydana gətirməyə zəmin yaratdılar. Amma əgər kölələr olmasaydı və özlərini heç nədən ağ irqin xidmətinə verməsəydilər, bunlar məcburən fiziki işləri görməyə başlayacaqdılar və hal-hazırda irqlərinə məxsus olan xüsusiyyətlərdən məhrum olacaqdılar.

Buna görə də, üstün irq mədəniyyəti inşa edərkən onlara yardımçı olan kölələrdən məmnundur. Bütün bu hallara görə, hal-hazırda qaradərili irqdən olanlar kültür istehsal etməkdən acizdirlər, ancaq toplumun kültürünün olması vacib olduğu üçün təqlid etməyə başlayırlar (bənzəşir – assimilasiya). Özünü Avropalılara bənzətməli, geyim, moda, sosial münasibətlər, hüquq, din, şəhər planlaşdırması və s. üçün Avropanı təqlid etməlidir; bütün bunları çox yüksək mərhələyə daşımış olan Avropanı.

Buna görə də, necə ki iqtisadiyyatda istehsal və istehlak edən qütblərimiz var, kültür məsələsində də iki qütb; istehsal və istehlak edən qütblər vardır. İkincisinin istehsal qabiliyyəti olmadığından və insan olduğu üçün istehlak etməyə də məcbur olduğundan kültür istehsal edən Qərbin istehsal etdiklərini, onların təyin etdiyi halda və şəkildə qəbul etməli və tükətməlidir.

Eym Sizer bu hücumun qarşısında dayanmışdır və özünü bu axmaqlıqlara cavab vermək məcburiyyətində hiss etmişdir. Belə bir adam insana dair olan şeyləri və tarixi incələyərkən, öz-özlüyündən, öz içində elmi missiyadan daha artıq olan bir insani missiyanı hiss edər; düşüncə, fəlsəfə, antropologiya, tarix fəlsəfəsi, sosiologiya və oxşarlarının məsələlərini ortaya qoyaraq Qərbin ittihamına qarşı müdafiə olunmaq, irqinin kültürsüzlüyü ittihamını zehinlərdən silmək və irqinin itirdiyi inancını, – Avropanın kirli müstəmləkəçiliyinin üç yüz il müddətində özünə inancını itirmiş, kültürsüz olduğunu qəbullanmış və mədəniyyət istehsal etməkdə özünə köləlik xaricində bir rol biçməmişdir –  fərd və cəmiyyətin milliyət, insaniyyət və azadlığını öldürən ən böyük xəstəlik olan inancsızlığın yerinə keçmək istəyir.

Sizer kimiləri müdafiəsiz qalmış millətinə, irqinə bağlı ziyalılardır və Qərbə qarşı antitezlər dilə gətirməkdədirlər. Buna görə də, o, belə deyir: “Mədəniyyət tarix boyunca əmək sərf edən və bu günlərə çatdıran müxtəlif qövmlərin istehsal etdiyi bir şeydir”. Elə isə, “Qərb mədəniyyəti” ifadəsi mənasızdır. Qərb mədəniyyəti bu gün Qərbdə olan insanlığın mədəniyyətidir və meydana gəlməsində iranlı, yəhudi, ərəb, türk, çinli, yapon və eyni şəkildə qaradərililər də rol oynayıblar. Kültür isə insanın qövmi təzahüründən, irqi və milli xarakterinin təcəllisindən ibarətir.

Sizer kültürü niyə bu şəkildə tərif edir? Çünki, Qərb dövrümüzdəki kültürün özləri tərəfindən istehsal edildiyi yalanına sarılmaqda və qaradərililərdə kültürün var olduğunu rədd edərək, onları kültür mallarının istehlakçısı və Qərb mənəvi dəyərlərinin daşıyıcısı etmək istəməkdədir. Bunu belə elan etməkdədir: Necə ki iqtisadi mallarım universal mallardırsa və məsələn, türk, ərəb, çin, fars və hətta buddistlər mənim istehsal etdiyim radionu istifadə edirlərsə, elmi təməllər, sənət, ədəbiyyat, zövq, estetika, hüquqi münasibətlər, fəlsəfənin bütünü və digər istehsal etdiyim şeylərin iqtisadi mallar kimi universal və bəşəri bir tərəfi vardır və universal şəkildə istehlak edilməlidir. Yəni ki, mənim geyimlərimi necə geyinirlərsə, kültürdən aciz olan beyinlərində də mənim kültürümə yer verməlidirlər.

Buna görə də, Sizer millətini bu hücum qarşısında güclü hazır gətirmək üçün belə deyir: “Yox, kültür milli kültürdür. Yəni, qara olan mən fransız kültürünü mənimsəyə bilmərəm. Çünki, o kültürü mənimsəməklə fransızca düşünən bir qaradərili olaram. İnsanda isə belə bir paradoks ola bilməz”. Mədəniyyət universaldır. Mən iranlı və müsəlman olub, şərqli kimi düşünüb, qalstuk taxıb, şalvar geyinib, Avropa yeməkləri yeyib, Avropanın istehsal etdiyi maşını istifadə edib, amma eyni zamanda Şərqin düşüncələrini və dini inancımı qoruya bilərəm.

Sizer belə deyir: Kültür mədəniyyət olmadığına görə avropalının avtomobilinə minib Şərqli kimi qala bilərsən. Çünki, avtomobil mədəniyyətlə bağlı bir məsələdir; dünya ilə, bütün insanlıqla və avtomobilin inkişafı ilə bağlıdır. Elə isə, ondan istifadə etmək irqi xüsusiyyətlərə ehtiyac duymaz. Fəqət kültürün irq və qövmi yönü vardır. Mən qaradərili olduğum halda, şərqli olduğum halda qərbin kültürünü mənimsəyə bilmərəm. Bir insan afrikalıdırsa və Avropa kültürünü mənimsəyirsə, paradoksal bir hala gəlir. Bu vəziyyətdə o insan “varlığı” bir cür, “görünüşü” isə fərqli cür hala gəlir. Qərbli gözlərlə görən, ancaq gördüyü şey şərqli olan birinə çevrilir. Buna görə də öz şərqli ətrafını tanıya bilməyəcək və anlaya bilməyəcək hala gəlir.

Şərqdə özünü ziyalı adındakı qəlibə soxmuş bu assimilyasiya olunmuşlar – avropalılara bənzəyənlər – o cürə aiddir. Nə qədər başqalaşdıqlarını görmək mümkündür. Bunlar “avazi, aline” (özünə qarşı başqalaşmış və yadlaşmış – Tər.) kimsələrdir. Avazi kimsə olduğu şeydən qeyri bir şey hiss edən insana deyilir.

Məşhəd şəhərində ekzistensializmlə bağlı danışmaqda idim. Mənim nəslimdən, tanıdığım bir nəfər, hansı ki, ailəvi baxımdan hansı həyat şərtlərində yaşadığını, hansı çətinliklərin yaxasını buraxmadığını, uşaqlarının kifayət qədər yaxşı qidalanmadığını, gözlərinin aclıqdan pörtlədiyini, yağış yağdığı zaman şəhərlə əlaqəsinin kəsilən və gediş-gəliş üçün torpağın qurumağını gözlədiyini bildiyim və bu səbəblə uşağını həkimə iynə vurdurmağa belə apara bilməyən qohumum mənə, sanki, həyatdakı ən önəmli sual imiş kimi: “Bilmirəm, eksiztensializmə görə varlıq yoxsa mahiyyət birinci gəlir?” –  soruşmuşdu. Dedim ki: “Bələdiyyənin küçənizə asfalt çəkməsi, varlıqdan da mahiyyətdən də qabaq gəlir.”

İstehlakın artması kefini qaçırtmış və ağzının dadını pozmuş olan avropalı burjua ailəsindəki hər qız və oğlan uşağı o qədər rifah içərisində və ehtiyacdan uzaqdır ki, artıq onlarda burjuaziyaya xas kədərlər və həssaslıqlar meydana gəlmişdir.

İran jurnallarında da buna oxşar hekayələr var! Məsələn, bir qız və ya oğlan uşağını səhər otağında intihar etmiş halda tapırlar. Ölüm səbəbini axtardıqda balaca xanımın və ya bəyin qəfəsdə saxladığı quşunun qaçdığı nəticəsinə gəlirlər. Yaxud, pişiyinin qarnı ağrımağa başlayıb. Bu təbii, o qədər həssas (!) bir məsələdir ki, tab gətirə bilmir və intihar edir.

Sənətin heyrətamiz zövqləri, sapqın xəyalpərəstliklər, xəstə duyğular bu şəkildə danışan burjua sinfinə xasdır: “Hava o qədər isti idi ki, soyuq mənim soyuğum olurdu!” Necə bir xəstəlik olduğu qeyri-müəyyəndi: xalqın kömürü olmadığı halda soyuq onun soyuğu olurmuş.

Kafkaçı ortaya çıxır, səhərlər rahat yataqlarında səhər yeməyi yemədən rahat hiss edə bilmirlər. Boynunu dəvə boynu kimi, qulaqlarını xortum kimi hiss edib, Kafkanın “başqalaşmış” qəhrəmanı kimi maşinizm, texnokrasiya və “boşluqdan” ağrı çəkir; göyün arxasında heç kimin olmadığı növündə bir boşluqdur bu. Mədəsi aclıqdan quruldayır, ancaq, o, göyün arxasındakının düşüncəsindədir. Başqalaşmış/avazi insan budur, bunlar başqalaşmış olanlardır; zövq və məsuliyyətləri, idealları və arzuları, sevgi və nifrətləri, bütün rus ilə bağlı təcəlliləri və hiss etdikləri ehtiyacların bütünü avropalıdır, özləri və ailələrinin həqiqi halı ilə bir əlaqəsi yoxdur. Eləcə də, sinifləri və cəmiyyətləri ilə də hər hansı bir əlaqələri yoxdur.

Buna görə də, Sizer deyir ki, biz insanlıq mədəniyyəti ilə bağlı bəşəri istehsal maddələrini qərb və ya şərqdən alıb istehlak edə bilərik, ancaq kültür müəyyən bir qövmün keçmiş tarixindən miras qalmış kollektiv vicdanının nəticəsidir.

Kültür bir ixtiraçının kəşf etdiyi bir şey deyildir. Məsələn, alkoqolu Razinin kəşf etdiyini bilirik,  amma şeiri kimin ixtira etdiyini, ilk şeirin kimə aid olduğunu bilmirik. Çünki, şeir müəyyən bir şəxsin deyil, müəyyən bir coğrafiyanın kollektiv ruhunun əmələ gətirdiyi bir şeydir. İlk şeiri kimin yazdığına dair araşdırma, ilk zarafatı kimin elədiyinə dair araşdırma ilə eyni şeydir. Dəqiq nəticəsini tapmaq mümkünsüzdür.

Deməli, bu ixtiraçısı olacaq texniki bir kəşf deyildir. Minarəni ilk tikən insanı bilərik və ya bilə bilərik və tikiş maşınını kəşf edən insanı da tanıyırıq, amma ilk şeir yazanı, ilk zarafat edəni, ilk fəlsəfi düşünəni tanıya bilmək ehtimalımız yoxdur. Çünki, bunları edən tək bir adam deyil, cəmiyyətdir. Cəmiyyət, ilk şeir yazan şəxsin özüdür, dini hisləri vardır, fəlsəfi duyğulara sahibdir və əfsanələr istehsal edir.

Yunan mifologiyasına baxın: Nə vaxt Yunan və Hind mifologiyasına baxsam, insanın necə beş min il əvvəl “Prometey” kimi görkəmli və zirvəyə çatmış hekayələr istehsal etməsi qarşısında heyrətə düşürəm. İnsana atəş və aydınlığı lütf edən, amma belə böyük bir xidmətin qarşısında əbədi işgəncəyə və yalnızlığa məhkum edilən bir varlığın həyatından bəhs edən bir hekayə.

İnsanlığa və öz millətinə atəş, isinmə, aydınlıq və işıq bəxş edən Prometeydir, taleyi də onun taleyi. Prometey şüurlu şəkildə seçilmiş bir addır. “Əvvəldən bilən” və “gələcəyi görən” mənasına gəlir. İnsana atəşi hədiyyə edən odur. Zevs isə dünyanın hakimidir, bu günah qarşısında onu Qafqaz dağlarında zəncirə vurur. Prometeyin ciyərini parça-parça edib onu yeməsi üçün də kərkəs quşunu göndərir. Yeyilən ciyər böyüdükcə quş onu yenə yeyir və beləcə işgəncə sonsuza qədər davam edirdi.

Qafqaz dağları yunanlıların bildiyi ən uzaq yerdir. Prometey o ən uzaq yerdə, yəni, qürbətdə bir qəribdir, daşlıq ərazidə, zəncirlərə vurulmuş və zindandadır. Təkrar-təkrar böyüyən, amma yenə yeyilən bir ciyər, daşların içində qalan insan, insan və cəmiyyətdən uzaq düşmüş işgəncə və zəncirə məhkum edilmiş bir qəribdir. Bu, insanlığa aydınlıq və hərəkət bəxş etmiş insana verilən mükafatdır.

Zevs insanın xidmətkarı olan Prometeyi işgəncəyə məhkum etdikdən sonra  onun yanına iki təmsilçisini göndərir: Biri nə desə edən məmurların örnəyidir, bütün əmrlərə qeyd-şərtsiz əməl edir. Prometeyi öldürməklə bağlı əmr aldıqda oturub ağlayır, amma işini də yerinə yetirir. Şüur, idrak və hissləri olmayan, niyə və necə suallarını soruşmayan xidmətkardır. Digəri isə, Hephaistosdur; ziyalı olmaq şüurunun təmsilçisidir, bütün tanrılardan daha çox anlayan bir tanrıdır. Şüurlu olduğundan şüursuz olan digərinin əksinə verilən əmrə görə özünü narahat hiss edir və deyir ki: “Bu işi həyata keçirə bilmərəm. Prometey insana aydınlığı gətirdi, o, yaxşı və böyük bir tanrıdır”. Hephaistos Prometeyi öyər və dostunu da niyə belə bir əmrə qarşı gəlmədiyi üçün qınayar və əmri həyata keçirməməsi üçün onu razı salmağa çalışar.

Birinci insan deyir ki: “Bu sözləri anlamıram. Zevs əmr verdi, mən də əmr quluyam”. Hephaistos isə belə deyir: Başa düşürəm, ancaq hər deyiləni etməyin doğru deyil. Axı bu, böyük bir cinayətdir”. Sonra Prometeyin fəzilətlərini danışır, narahatlıq hissini ifadə edir, vicdan, üsyan haqqında danışır, ancaq nəticəni dəyişdirə bilmir. Zənciri Prometeyin əlinə və ayağına vurur. Bunu edən ilk insan da, şüursuz və xəbərsiz xidmətkar yox, ziyalı və şüurlu Hephaistos olur!

Bu sözləri kimdən nəql edirlər? Günümüzdə çox ağıllı və mütaliəsi geniş hansı şüurlu və insan dostu yazıçı bu gözəllikdə bir roman yaza bilər?

Bu, səkkiz min il, yeddi min il, dörd min il əvvələ aiddir. Altı min il əvvəl yazılmış olan Gilqameş dastanına baxaq, belə bir şeyi hal-hazırda kim yaza bilər? Bunlar əfsanədir və əfsanə, insanlıq kültürünün ən gözəl və həqiqətlə dolub daşan istehsallarından biridir.

Eym Sizer deyir ki, kültür insanların yaratdığı bir şey deyildir, cəmiyyətin kollektiv ruhunun istehsal etdiyi bir şeydir. Hər cəmiyyətin kültürü o cəmiyyətin şəxsiyyətinin təmsilidir. Bunların ikisi bir-biri ilə uyğunlaşır və cəmiyyətin kollektiv ruhunun həmcinsi olurlar.

 

Kültür sərmayesi

Bu gün İran kültürü və İslam kültürü adına olan fəlsəfə, hekayə, əfsanə, sənət, hikmət, kəlam, məzhəb, irfan və s. üst-üstə əlavə edilmiş olan hər şey kültürümüzün bütünüdür. Bunlar bir şəxsin, bir qrupun, bir nəslin və bir zamanın məhsulu deyildir. Eynilə yeraltı sərvətlər kimi, meşələr kimi. Çünki, yer təbəqələrinin əlli min illik sıxışması nəticəsində neftə çevrilmişdir, ancaq bu neft müəyyən bir sıxılma və müəyyən bir təbəqənin məhsulu deyildir, əksinə bu maddənin dayanması və çevrilməsindən doğmuş, yerin altındakı xüsusi şərtlərdə yüz min il davam edən sıxışma prosesində meydana gəlmişdir.

Buna görə də, İran və İslam kültürü sadəcə zamanımızla bağlı deyildir. Sadəcə irqimizlə və qövmi xüsusiyyətlərimizlə əlaqə halında deyildir, əksinə tariximizin dərinliklərində kökləri vardır.

Kültür cəmiyyətin özündən ayrı tutula biləcək və olmaması halında onu kasıblaşdıracaq olan mədənlərin və ya iqtisadiyyatın mövzusu deyildir. Cəmiyyətin əlində və ya dövriyyəsində olan sərmayə və xam maddələrin biri də deyildir. Kültür cəmiyyətin “necə olacağı” ilə bağlıdır; cəmiyyətin mahiyyəti bir qövmün və irqin mahiyyətidir.

Bir mühəndisin əlindən planını alsanız və o planı özünküləşdirsəniz belə, o plan hələ də mühəndisdədir və başqalaşmamışdır. Sərmayəsini itirmişdir, ancaq beyni hələ də işləməkdədir. Fəqət bir insandan, bir millətdən, bir irqdən və bir tarixdən kültürünü aldıqda, o kasıblamağa başlayır, başqalaşır, dəyişir və “avazi” olur.

Bu səbəblə kültürlə şüurlu bir şəkildə insandan kültürünü aldıqda, onu kültürsüz buraxdıqda geriyə boş bir varlıq qalır. İstənilən rəngə boyana biləcək, istənilən paltarı geyindirə biləcəyiniz heykəl kimi həyatına davam edir. Kültürsüz olan bu insanın istehlak etdikləri təsirləndiklərindən ibarətdir artıq. Düşmənin və yadın buyruğuna girmiş və onun istədiyi formaya bürünəcək hala gəlmişdir.

Kültür insandan alındığında ondan insanlığı da alınmış deməkdir; özü ilə, qövmü ilə bağlı olan xüsusiyyətləri də alınmış deməkdir. O artıq bir leş halına gəlmişdir. Yəni, çəki+boy və başqa heç bir şey.

Bu ikisi, çəki və boy qalır, digər bütün həssasiyyət, iman, istəklərin artıq düşmənin əmri altına girmişdir, o necə bir hal almasını istəsə, o hala bürünür.

Buna görə də,  Sizer belə deyir: “Kültürün qövmi tərəfi vardır və müəyyən bir cəmiyyətin özünə xas olması ilə mötəbərdir. “İnsanlıq kültürü” ifadəsi isə mənasızdır. “Şərq kültürü”, “Qərb kültürü”, “Çin kültürü”, “İran kültürü”, “Afrika kültürü” vardır. Bütün bu kültürlər və digərləri öz kültür mühitlərində və tarixlərinin yönəldiyi kültür istiqamətinə doğru getməlidirlər. Düzdür, qaradərili mədəni həyatı üçün texnologiyanı Qərbdən almalıdır, ancaq insan qala bilmək üçün və seçim edə bilmək üçün öz kültürünə sahib çıxmalıdır, amma əgər öz kültürü də donmuş hala gəlmişsə, onu hərəkətli hala gətirməlidir. Əgər aşağı bir kültürə sahibdirsə, onu boğmamalı, başqa bir kültürlə əvəz etməyə çalışmamalı və özünü “heç”ləşdirməməlidir. Əksinə, öz aşağı kültürünü yüksəltməyi bacarmalıdır”.

Yəni, hər vəziyyətdə, afrikalılar əlinə keçən fikri və cəmiyyətlə bağlı hər inqilabı afrikalılaşdırmalıdır. Ancaq bu halda kültür müəyyən bir qövmün təcəllisi ola bilər.

Burada mənim bir “amma”m var. O da budur ki, bu sözləri qəbul etməklə birlikdə ilk sözümü təkrarlayacağam, hansı ki, Sizerin sözü də o sözün ölçülərindən biridir; bizim həm universal kültür və mədəniyyətimiz var, həm də milli. Hər ikisi də doğrudur.

Sizerin dediyi kimi bir milli kültürümüz var – afrikalı, çinli, iranlı və s. Məsələn, bir şeirlə qarşılaşdığımızda onun hansı kültürün düşüncəsinin və hissiyyatının məhsulu olduğunu anlamaq mümkündür və ya gördüyüm bir rəsm əsərinin hansı irqə aid olduğunu anlamaq olur. Bir xalçanı dərindən incələdiyimizdə hansı qövmə, hətta şəhərə mənsub bir əl işi olduğunu aydınlaşdırmaq olar. Başqa bir ifadə ilə desək, müxtəlif qövmlər irqi xüsusiyyətlərini və sənətlərini kültürlərinə tətbiq etməkdədirlər.

Müəyyən bir irqə və qövmə aid olmayan və insanlığa aid olan universal kültür də mövcuddur.

Yəni, insan növünün maddi və mənəvi məhsulları və təcrübələrinin bütünü insanlığın kültürü və mədəniyyətidir və universaldır. Müəyyən bir qövmün maddi və mənəvi məhsulları və təcrübələrinin bütünü isə milli kültür və mədəniyyətdir.

Bu ikisini bir-birindən ayıran ifadə budur: “Maddi istehsal və təcrübələrin bütünü” və “mənəvi istehsal və təcrübələrin bütünü”. Birincisi mədəniyyət, ikinicisi isə, kültürdür.

İstehsallar bir nəslin məhsulları, təcrübələr isə keçmişdən alınanlardır. Bu anda mövcud olan istehsallarımız və keçmişdəkilərdən miras aldıqlarımızın cəmi birlikdə kültürümüzü və mədəniyyətimizi formalaşdırır. Bu istehsal və məhsullar mənəvidirsə, kültür, maddidirsə, mədəniyyətdir.

Məsələn, memarların məhsulları maddi istehsalın və təcrübənin parçasıdır. Günümüzün memarlığında planlama məsələsi mədəniyyətin parçasıdır, ölkəmizdəki hər hansı bir abidənin planı maddi təcrübələrdən qaynaqlanır.

Şeir, din, irfan, sənət, əfsanə, hüquq, sosial münasibətlər, insani dəyərlər və əxlaqi prinsiplər isə birlikdə kültürü formalaşdırır. Texnologiya, elm, bütün ixtiralar, həyatı asanlaşdıran kəşflər də birlikdə mədəniyyətin məhsullarıdır. Bəzi misallarda isə mədəniyyət və kültür bir arada görülə bilir. Məsələn, Şeyx Lütfullah məscidində həm kültür, həm də mədəniyyət vardır. Bu binada istifadə edilmiş elm və texnoloji alətlər mədəniyyətin, divarlarında işlənilmiş zərif sənət nümunələri isə kültürün təcəllisidir.

Qurviç (Gurvitch) (Şəriətinin Sorbonna universitetindəki müəllimidir, məşhur sosioloqdur- tər.) deyir ki, insanın bir neçə şüur (conscience) və vicdanı vardır: Fəlsəfi vicdan, elmi vicdan, texniki vicdan, sənətsəl vicdan, siyasi və sosial vicdan, irfani və ya dini vicdan.

 

Fəlsəfi baxış

Məsələn, kainata, bugünümüzün insanına hələ də möhtac olduğu qədər böyük məna verən Sokrat hər hansı bir qızıl mağazasının önündən keçsə, bir qolbağının nə üçün istifadə ediləcəyini və bunun nə işə yaradığını bilməz. Nə qədər izah edirsənsə, et, niyə qolu bağlamaq gərəkdiyini nə anlayar, nə də bunu qəbul edər!

 

Elmi baxış

Sokrat kimi bir insanın fəlsəfi baxışı güclüdür, digər insanın isə elmi baxışı. Məsələn,  Edisonun bütün o elmi ixtiralarına baxmayaraq fəlsəfi baxışı yoxdur. Eynşteynin isə kainatla bağlı ən böyük teoriyaları ortaya qoymasına baxmayaraq, bir atomu parçalayacaq qüdrəti yoxdur, bunu onun üçün bir mühəndis həyata keçirə bilər. Yəni, elmi baxışı vardır, ancaq texnoloji baxışı yoxdur.

 

Texnoloji baxış

Bu gün elmi baxış ilə texnoloji baxış bir sayılsa da, əslində bir deyildir və fərqlilikləri vardır. Texnoloji baxış başda tamamilə konkretdir. Məsələn, əlifbanı bilməyən və elmi tanımayan bir adam çöldə, kənd yerində bir mühəndisin belə çətinliklə həyata keçirəcəyi texnoloji şeyləri bıçaq və çəkiclə həyata keçirir. Bu adam nə filosofdur, nə də elm adamı; ancaq, texnoloji baxışı vardır.

Keçmişdə də texniki işlərlə məşğul olanlar alimlərdən ayrı idilər. Elm adamları söhbətlərlə məşğul idilər, bu adamlar isə, atı sürmək və bağlamaqla. İkisi bir-birindən ayrı idi.

 

Siyasi və sosial baxış

Eyni yaşda, eyni sinifdə oxuyan bir dost qrupusunuz. Məsələn, birlikdə piknik üçün meşəyə gedirsiniz. Siz seçim etmədən, yola düşdüyünüz andan etibarən bir və ya bir neçə uşaq liderlik etməyə başlayır, xərcləmələrə diqqət edir, haradasa oturmaq üçün belə ondan icazə almağa məcbur qalırsınız. Öncədən qərarlaşdırmadan lider olmuşdur və siz də onu təqib etməyə məcbur qalırsınız. Nə filosofdur, nə alim, nə texnik, ancaq, siyasi və sosial görüşü vardır. Bu, öz-özünə önə çıxan və başa keçən cəmiyyət vicdanıdır. Bu baxışa sahib olmayan birini öz başçınız seçsəniz belə, bu adam yenə liderliyi ələ alacaqdır.

 

İncəsənət vicdanı

Məsələn, şeirləri zirvəyə çatmış bir şair ən böyük şairdir, ancaq nə fəlsəfə bilir, nə də elm və texnologiyadan başı çıxır. Bu o deməkdir ki, onun incəsənət vicdanı adlı özünəməxsus bir bacarığı vardır.

 

İrfani və dini vicdan

İrfani və dini vicdan özəl bir duyğudur. İnsanda xüsusi bir meyillilik növü, özəl bir müqəddəslik, özünəməxsus bir eşqdir.

Kültürlər də istehsal edilmiş bu təməllərə, bu vicdanlara dayanır və milli olması, Sizerin dediyi kimi və ya universal olması, Qərbin adlandırdığı kimi arasında bir fərq yoxdur. Hər vəziyyətdə bu istehsal edilmiş təməllər üzərində qurulur.

Kültürlər, yəni, bir cəmiyyətin və ya bəşəriyyətin mənəvi məhsulları və təcrübələri bu vicdanlardan bir və ya bir neçəsinin nəticəsidir. Kültürlərin hər birində qaynaqların və köklərin birinin daha artıq təsiri vardır.

Bu səbəblə, Yunan kültüründə fəlsəfi baxışın nəticəsi daha çoxdur, Roma kültüründə isə siyasi baxışın. Sami kültüründə irfani və dini görüşün təsirini daha çox görürük. Hind kültüründə incsənət və dini vicdanı, Çində yenə incəsənət və dini; bu fərqlə ki, Hind kültüründə dini, Çin kültüründə isə incəsənət vicdanı daha artıqdır. Avropa kültüründə digər vicdanlardan daha çox təsirli olmağı bacaran texnoloji olandır. Buna görə də, o cəmiyyətlərdə texniklər mötəbər insanlar sayılırlar.

Bu halda kültür özünəməxsus və dəqiq mənası ilə – fəlsəfi, ədəbi, incəsənət, dini, elmi, texnoloji, siyasi vicdanların təcəllisindən ibarətdir və bütün bunlar bir kültürdə vardır, amma hər birində bir vicdan daha güclü və daha enerjilidir. O kültürün formalaşmasında daha çox təsiri vardır. Bundan istifadə edərək, müxtəlif vicdanlar əsasında müxtəlif kültürləri siniflərə ayırmaq da mümkündür.