Ana səhifə / Tarix / Azərbaycan Milliyyətçilər Dərnəyi Nizamnaməsi

Azərbaycan Milliyyətçilər Dərnəyi Nizamnaməsi

Dərnəyin adı:

Maddə 1.  “Azərbaycan Milliyyətçilər Dərnəyi” adı ilə bir dərnək qurulmuşdur. Dərnək siyasətlə məşğul deyildir. Mərkəzi Ankaradadır. Şöbəsi yoxdur.

Dərnəyin mövzu və qayəsi:

Maddə 2. a) Böyük türk aləminin bir parçası olan Azərbaycanın tarixini, milli irsini, iqtisadiyyatını incələmək və yaymaq.

b) Vətən, hürriyyət və milli müqəddəsat əsaslarına söykənən Azərbaycan türk milliyyətçiliyi üzərində işləmək və türk əxlaq, adət və ənənələrinə uyğun yaşamağı təlqin etmək.

c) Azərbaycanlı mühacirlərə mənəvi yardım göstərmək və onların türk toplumunun əxlaq və fəzilətinə sahib bir milliyyətçi fərd olaraq yetişməsinə və yaşamasına yardım etmək.

d) Yardıma möhtac azərbaycanlılara və maddi durumlarından dolayı təhsillərinə davam edə bilməyən azərbaycanlı tələbələrə dərnəyin imkanları çərçivəsində yardım etmək və internat məktəblərinə yerləşdirilməsi üçün çalışmaq.

e) Azərbaycan Türk Milliyyətçiliyi əleyhinə olan cərəyanlarla fikir və media vasitəsilə mübarizə aparmaq.

f) Mövzu və qayəsi çərçivəsində qəzet, jurnal, kitab, risalə çıxarmaq və yığıncaqlar tərtib etmək.

Üzvlər:

Maddə 3. 18 yaşına çatmış və mülki hüquq qabiliyyəti olan hər bir türk dərnəyə üzv ola bilər.

Maddə 4. Dərnəyə əsas və fəxri olmaqla iki növ üzvlük mövcuddur. Nizamnaməyə uyğun qaydada müraciət edərək, müəyyən üzvlük haqqı verməyi qəbul edən şəxslər – “əsas üzv” adlanır. Dərnəyə maddi və ya mənəvi yardımları olanlar, Konqres qərarı ilə fəxri üzvlüyə qəbul edilə bilərlər. Fəxri üzv olacaq şəxslərin yazılı razılıqları alınmadıqca, fəxri üzvlüyə seçilə bilməzlər. Fəxri üzvlərin adları dərnəyin “Şərəf  dəftəri”nə qeyd olunur.

Maddə 5. Dərnəyə üzv olmaq üçün yazılı qaydada müraciət olunmalıdır. Dərnəyə qəbul edilməsinə maneə ola biləcək bir hal görünmədiyi təqdirdə, şəxslər İdarə Heyəti qərarı ilə üzvlüyə qəbul edilir. Nəticələr şəxsə yazılı qaydada bildirilir. Şəxsin dərnəyə üzvlüyü məqbul görülmədiyi təqdirdə, İdarə Heyəti əsaslı səbəb göstərərək, şəxsin qəbul edilmədiyini yenə yazılı qaydada bildirir. Bu şəkildə qəbul edilməyən şəxslər İdarə Heyəti qərarından şikayət məqsədilə Konqresə müraciət edə bilərlər.

Maddə 6. Hər bir üzv dərnəyə üzv olarkən bir Türk lirəsi miqdarında giriş pulu verir. İllik üzvlük haqqı ən az 3 Türk lirəsi, maksimum isə 120 Türk lirəsidir. Maddi durumları aylıq üzvlük haqqını ödəmək üçün kifayət etməyən üzvlərin İdarə Heyəti qərarı ilə ödənişlərdən bir müddətlik azad olunmaları, ödəniş miqdarının endirilməsi və ya ödəniş müddətinin uzadılması mümkündür.

Maddə 7. Hər üzv İdarə Heyətinə yazılı qaydada müraciət etməklə, borclarını ödəmək və üzvlük vəsiqəsini geri qaytarmaq şərtilə istefa edə bilər.

Konqres:

Maddə 8. Dərnəyin Konqresi, dərnəyin əsas üzvlərindən ibarətir. Fəxri üzvlər burada iştirak edə bilsə belə, rəy haqları yoxdur.

Maddə 9. Konqres, adətən, hər il yanvar ayı ərzində çağırılır. Müzakirə gündəmi ilə, yığıncağın gün və saatı İdarə Heyəti tərəfindən qərarlaşdırılır,  yığıncaq günündən ən az 15 gün öncə, iki qəzet vasitəsilə elan olunur və məsələ ilə əlaqədar səlahiyyətli orqanlara məlumat verilir.

Maddə 10. İdarə Heyəti tərəfindən lüzum görüldükdə və ya dərnəyin əsas üzvlərinin ən az beşdə birinin yazılı tələbi ilə konqresin fövqəladə iclası çağırıla bilər.

Maddə 11. Konqresi dərnəyin Başqanı açır. Yoxlama aparılır və əksəriyyətin mövcud olduğu anlaşıldıqdan sonra konqresi idarə etmək üçün sədr, sədr müavini və iki katib seçilir.

İştirak edən fəxri üzvlərin arasından da konqresin sədri seçilə bilər.

Maddə 12. Konqresin istər normal, istərsə də fövqəladə iclaslarında yalnız gündəmdə olan məsələlər müzakirə olunur. Ancaq yığıncaqda iştirak edən və ya təmsil edilən üzvlərin iyirmidə biri tərəfindən bir məsələnin müzakirəsi tələb olunduqda bu məsələ də gündəm mövzuları sırasına daxil edilir.

Konqes yığıncağının gündəmində bu məsələlərin olması lazımdır:

a) Konqresin Rəhbərlik Komissiyasının seçimi.

b) İdarə Heyətinin illik fəaliyyət hesabatı.

c) Müşahidə Şurasının hesabatının oxunması və İdarə Heyətinin işinin təsdiqi.

d) Büdcənin müzakirəsi və təsdiqi.

e) Dərnək Başqanı, İdarə Heyəti, Müşahidə Şurası və Təftiş Komissiyasının seçkiləri.

f) Ərizələr.

Maddə 13. Konqresin hər hansı bir məsələni müzakirəsi üçün dərnəyə qeydiyyatlı olan əsas üzvlərin yarısından ən az bir nəfər çox üzvün iştirakı və ya qaydalara uyğun şəkildə təmsil olunması gərəkdir. Əksəriyyət iştirak etmədiyi təqdirdə ən az 7 gün, ən çox 14 gün ərzində konqres geri çağırılır və durum iclas günündən əz az 3 gün, ikinci halda 10 gün əvvəl, iki qəzet vasitəsilə elan olunur və məsələ ilə əlaqədar olaraq səlahiyyətli dövlət orqanına məlumat verilir. Bu ikinci yığıncaqda iştirak edən və təmsil olunan üzvlərin sayı hər nə qədər olursa olsun, Konqres müzakirə və qərar qəbulunda səlahiyyətlidir.

Maddə 14. Konqres qərarları əksəriyyətin səs çoxluğu ilə qəbul edilir. Hər üzvün yalnız bir rəy haqqı mövcuddur. Rəy verə bilmək üçün konqres iclaslarında iştirak etmək və ya iclasa qatılacaq dərnək üzvlərindən birinə qaydalara uyğun şəkildə yazılı vəkalətnamə vermək surətilə təmsil olunmaq şərtdir. Vəkalətnaməni vəkalət olunan şəxs konqres yığıncaqlarında şəxsi rəy haqqından əlavə müvəkkillərinin sayı qədər də rəy haqqına sahibdir. Ankarada fəaliyyət göstərən üzvlər başqasına vəkalətnamə vermək surətilə konqresdə təmsil oluna bilməzlər.

Maddə 15. Rəylərin açıq və ya gizli şəkildə verilməsi konqresin qərarına bağlıdır. Ancaq Dərnək Başqanı, Müşahidə Şurası və Təftiş Komisiyasının seçilməsi gizli səsvermə yolu ilə həyata keçirilir.

Maddə 16. Hesabat və qərarlar yazıldıqdan sonra konqresin sədri və katiblər tərəfindən imzalanaraq saxlanılır. Qərarlar dərnəyin elan lövhəsinə vurularaq üzvlərə çatdırılır. İdarə Heyəti məqsədəuyğun hesab etdiyi təqdirdə konqres qərarlarını məktubla üzvlərə bildirir.

Maddə 17. İdarə Heyətinə seçiləcək olan üzvlərin kimlikləri ilə nizamnamədə ediləcək dəyişikliklər haqqında bir həftə ərzində ərazinin ən böyük səlahiyyətli dövlət orqanına məlumat verilir.

İdarə heyəti:

Maddə 18. Dərnəyin İdarə Heyəti bir başqan, bir ümumi katib, bir mühasib və iki üzvdən təşkil olunan beş nəfərdən ibarətdir. Əlavə olaraq üç ehtiyat üzv də vardır. İdarə Heyəti üzvlərinin vəzifələri fəxridir. Maksimum ştat və məvaciblər konqres tərəfindən təsbit edilmək şərtilə, İdarə Heyəti məmur və işçi qüvvəsindən yararlana bilər.

Maddə 19. Dərnək Başqanı və İdarə Heyətinin üzvləri bir il müddətində yanvar ayında keçirilən yığıncaqda Konqres tərəfindən seçilir. Seçimin ardınca ilk İdarə Heyyəti yığıncağında heyət üzvləri arasından bir katib və bir mühasib seçilir. Eyni şəxs eyni vaxtda həm İdarə Heyəti, həm Müşahidə Şurası, həm Təftiş Komissiyası üzvlüyü daşıya bilməz.

Maddə 20.

a) İdarə Heyətinin vəzifəsi qanuni hökmlərə və nizamnaməyə uyğun olaraq dərnəyi idarə etməkdir.

b) Başqan dərnəyin bütün aktlarında hüquqi təmsilçidir. İdarə Heyəti yığıncaqlarına birbaşa rəhbərlik edir,                         Konqres və İdarə Heyəti qərarlarını yerinə gətirir. Möhür və imza haqqına malikdir.

c) Ümumi katib, dərnəyin bütün yazı işlərinə, üzv, qərar, qəbul edilib-göndərilən sənədlərə baxır. Başqan iş                         başında olmadığı zamanlarda onun işlərinə katib vəkalət edir.

d) Mühasib, dərnəyin gəlir və xərcləri ilə əlaqədar olan bütün hesab işlərinə və olan əməliyyatlara baxır. Gəlir və                  xərclərin hesabatı, nəticələrin müqayisəli əsasları və digər sənədlər, dərnəyə aid olan avadanlıqlar haqqında                    məlumatları özündə cəmləşdirən dəftərlər mühasib tərəfindən tutulur.

Maddə 21. Bütün dərnək üzvlərinin İdarə Heyəti qərarlarına riayət etməsi şərtdir. İdarə Heyəti əsaslı gördüyü təqdirdə, dərnəyə aid olan işləri görmək üçün üzvlərə vəzifələr verə bilər.

Maddə 22. Azərbaycanın şair və ədibləri ilə tanınmış şəxsiyyətlərinin və türklüyə xidmət etmiş digər türk ellərinin tanınmış simalarının əsərlərini və şəxsi həyatlarını tanıtmaq, dərnəyin mövzu və qayəsinə uyğun bütün nəşrləri təmin etmək məqsədilə dərnək üzvləri arasından İdarə Heyəti tərəfindən biri sədr olmaqla beş nəfərlik “Nəşriyyat qolu” yaradılır. Bura Müşahidə Şurası və Təftiş Komissiyasının üzvləri də cəlb oluna bilər. Nəşriyyat qolunun vəzifələri fəxridir və onun delikt qabiliyyəti İdarə Heyyətinə məxsusdur. Dərnəyin bütün nəşrləri İdarə Heyyətinin nəzarəti ilə edilir.

Maddə 23. İdarə Heyəti normal olaraq, 15 gündən bir toplanır. Başqan lüzum gördüyü təqdirdə gün və saatını üzvlərə bildirmək şərtilə İdarə Heyətini fövqəladə iclasa dəvət edə bilər. Əsassız olaraq, üst-üstə üç dəfə İdarə Heyəti iclasına gəlməyən üzv vəzifəsindən uzaqlaşdırılır və bu yazılı qaydada başqan tərəfindən həmin şəxsə bildirilir.

Maddə 24. Konqres tərəfindən İdarə Heyətinə üç nəfər ehtiyat üzv də seçilir.

İdarə Heyətindən hər hansı bir səbəbdən ayrılanlar olduğu təqdirdə ehtiyat üzvlər aldıqları səs sayına uyğun ardıcıllıqla İdarə Heyətinə seçilir.

İstefa edən şəxs ümumi katib və ya mühasib olduğu təqdirdə, əsasən İdarə Heyətində yer alan iki üzvdən ən çox səs alanı onların yerinə keçir. Ehtiyatdan keçən üzv isə onun yerini doldurur.

Maddə 25. Başqanın istefası halında İdarə Heyətinin əsas və əlavə üzvləri toplanaraq gizli səsvermə yolu ilə Başqanı seçirlər. Müşahidə Şurası və Təftiş Komissiyasının üzvlərinin də burada iştirakı mütləqdir, ancaq onlar səsvermə haqqına malik deyildirlər. İstefa və digər səbəblərlə İdarə Heyətinə daxil olan üzvlərin sayı ehtiyatdan keçənlər də daxil olmaqla üç nəfərdən aşağı düşərsə, konqres İdarə Heyəti tərəfindən fövqəladə iclasa dəvət olunur və yenidən seçkilər həyata keçirilir.

Müşahidə Şurası:

Maddə 26. Müşahidə Şurası biri sədr olmaq etibarilə üç nəfərdən ibarətdir. Şura yanvar ayı ərzində konqres tərəfindən bir il müddətində seçilir.

Maddə 27. Müşahidə Şurasının vəzifəsi Dərnəyin hesablarını, qeyri-müəyyən zamanlarda və ildə iki dəfədən az olmamaq etibarilə tədqiq etmək və tədqiqatın nəticələri haqqında konqresə hesabat verməkdir.

Təftiş Komissiyası və İnzibati hökmlər:

Maddə 28. Təftiş Komissiyası biri sədr olmaq etibarilə üç nəfərdən təşkil olunur və bir müddəti ərzində Konqres tərəfində seçilir.

Maddə 29. Dərnək üzvləri barəsində inzibati hökmlər ancaq Təftiş Komissiyası tərəfindən verilir. Təftiş Komissiyası, İdarə Heyəti tərəfindən verilən yazılı əsaslar əsasında hər hansı bir üzv barəsində hökm vermək üçün toplanır. Komissiyanın qərarı hər üç üzvün qərarı əsasında meydana çıxır. Qərar çoxluğun səsinə uyğun verilir.

Maddə 30. Təftiş Komissiyası tərəfindən veriləcək inzibati cəzalar aşağıdakılardır:

a) Xəbərdarlıq

b) Müvəqqəti kənarlaşdırma.

c) Qəti kənarlaşdırma.

Təftiş Komissiyası, qayda pozuntunlarını tövsif edir və nisbətdə bunlara uyğun olan cəzaları müəyyən edir.

Maddə 31. Təftiş Komissiyası qərarlarını İdarə Heyəti tətbiq və icra edir. Verilmiş olan hökm konqres tərəfindən haqqında bir qərar alınanadək olaraq qalır.

Maddə 32. Təftiş komissiyası qərarlarından şikayət olunduqda məsələyə Konqres baxır. Konqresin verəcəyi qərar qətidir.

Maddə 33. Dərnək üzvləridən:

a) Dərnəyin qayəsinə zidd hərəkət etdiyi sübut olunanlar və ya dərnəyə üzvlük şərtlərinin tələblərinə cavab                           vermədiyi sonradan üzə çıxan şəxslər.

b) İdarə Heyəti tərəfindən verilən tapşırıqları icra etməkdən əsassız surətdə boyun qaçıranlar.

c) Şəxsiyyət əleyhinə yönələn qayda pozuntuları törədən şəxslər.

d) Ödəniş borcları 12 ayı keçənlər

  • dərnəkdən çıxarılır. Dərnəkdən xaric olunan şəxslərin yenidən daxil olması qadağandır.

Maddi hökmlər:

Maddə 34. Dərnəyin gəlirləri aşağıdakılardır:

a) Dərnəyə üzv olan şəxslərin giriş üçün nəzərdə tutulan ödənişi;

b) Üzvlərin aylıq ödənişləri;

c) Dərnəyə edilən ianələr;

d) Qayəyə uyğun olaraq tərtib olunan müsamirə, təmsil və uduşlar.

Maddə 35. Dərnəyin sərvəti kötüklü və müsəlsəl nömrəli qəbz müqabilində mühasibin məsuliyyəti altında toplanılır. Sərvət, dərnək başqanı ilə mühasibin imzası əsasında hər hansı bir bankda açılacaq olan hesaba köçürülür.

Maddə 36. Dərnəyin sərvət və sərfiyyat büdcəsi İdarə Heyəti tərəfindən hazılanır; Konqres tərəfindən təsdiq olunur. Gəlir, dərnək qayələrinin məcmusuna daxil olan mövzulara, illik büdcədə göstərilən, fəsil və proqram üzərindən, İdarə Heyəti qərarı ilə sərf olunur. Dərnəyin hesab ili 1 yanvar tarixində başlayır.

Maddə 37. Növbəti toplantıda İdarə Heyətinə xərclərin hesabatını ortaya qoymaq şərtilə Dərnək Başqanı ildə 250 Türk lirəsinə qədər xərcdə səlahiyyətlidir. Bu məqsədlə avans da ala bilər. Bunun xaricində bütün xərclər İdarə Heyətinin qərarı ilə edilir.

Maddə 38. Dərnəyin bütün xərc sənədləri başqan və mühasib tərəfindən imzalanır. Bu sənədlərə İdarə Heyətinin qərar, tarix və nömrəsi yazılır. 250 quruşu sənədsiz və fakturasız sərfiyyat mötəbər deyildir.

Nizamnamənin dəyişdirilməsi və dərnəyin ləğvi

Maddə 39. Nizamnamənin məzmununda dəyişikliklər etmək səlahiyyəti Konqresə məxsusdur.

Maddə 40. Dərnəyin ləğvi “Cəmiyyətlər Qanunu”ndakı müddəalara tabedir. Dərnəyin ləğvinə qərar verən heyət mallarının aqibətini təyin edir.

Qurucular:

Maddə 41. Dərnəyin qurucularının adları, soyadları, vətəndaşlıqları, peşələri və yaşadıqları ünvan aşağıda əlifba sırasına uyğun olaraq göstərilmişdir:

Əhməd Ulusoy, Türkiyə Cümhuriyyəti, Mühasib, Hacı Bayram Çamlıca küçəsi 21, Ankara.

Əli Daşkənd, Türkiyə Cümhuriyyəti, Baş Əkinçilik Mühəndisi (toyuqçuluq institutu), Ankara.

Çingiz Göygöl, Türkiyə Cümhuriyyəti, Podratçı, Bağçalıevlər 5-ci, küçə NO. 14, Ankara.

Hidayət Turanlı, Türkiyə Cümhuriyyəti, Yüksək Mühəndis, Dənizçilər prospekti 6, Mutlu Ap. NO. 2, Ankara.

İsa Köçər, Türkiyə Cümuriyyəti, Baş Əkinçilik Mühəndisi, Beşinci küçə, ev NO. 19, Bağçalıevlər, Ankara.

İsgəndər Xoyxan , Türkiyə Cümhuriyyəti, Hüquqşünas, Susam küçəsi, ev NO. 47/4, Cahangir, Bəyoğlu, İstanbul.

Qədir Dilican, Türkiyə Cümhuriyyəti, İnşaat Mühəndisi, küçə 53, ev NO. 22, Bağçalıevlər, Ankara.

Mehmet Altunbay, Türkiyə Cümhuriyyəti, Pilot, Məşrutiyyət prospekti, ev NO. 29, Yenişəhər, Ankara.

Nağı Bayramgil, Türkiyə Cümhuriyyəti,  Mühasib, Erkani Bakır müəssisəsi, mədən.

Niyazi Kürdəmir, Türkiyə Cümhuriyyəti, Müəllim, İşıqlar prospekti, Arıklı Ap. Ankara.

Saffət Zərdabi, Türkiyə Cümhuriyyəti, Yüksək Mühəndis, Kediseven küçəsi, NO. 4, mənzil 3, Ankara.

Müvəqqəti maddə: İlk Konqres toplanan anadək “Azərbaycan Milliyyətçilər Dərnəyi” qurucularından Ankarada fəaliyyət göstərənlər aralarından birini Dərnək Başqanı, birini Ümumi Katib, digərini də Mühasib seçərək tam səlahiyyətlə İdarə Heyyəti vəzifəsini ifa edəcəklər.

“Örnək” mətbəəsi – İşıq Xan

Ankara – 1952

 

Haqqında Murad Alızadə

Murad Alızadə

Həmçinin bax

armenian-question-launch-2

Tadeuş Svetoxovski – Kommunistlərin hakimiyyəti ələ keçirməsi

Azərbaycan Kommunist (Bolşeviklər) Partiyası (KP) qərara gəlmişdi ki, çevriliş üçün əlverişli şərait yaranıb və bunu ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *