Əvvəlki yazılarımda mən demişdim ki, Kadroda1 milliyyət haqqında açıq bir düşüncə qarşıma çıxmadı. Buna baxmayaraq, dilə gətirilən nəzəriyyədən başa düşülür ki, Kadroçuların xəyalına görə millət deyilən varlıq – dövlət adını daşıyan, buna baxmayaraq şəxsiyyəti və sərhəddi təyin etməyən, adətən mistik bir mahiyyət daşıyan bir təsəvvürün içində əriyən, silinən və hər növ funksiyadan məhrum edilən bir kölgədən ibarətdir. Bu dəfə “İnqilab və Kadro”2 müəllifi millət haqqındakı düşüncəsinə aydınlıq gətirir. Yeddinci məqalədəsində deyir ki, “həqiqi mənası ilə milləti tapa bilmək üçün bu millətləşmənin gedişini tam bir iqtisadi taleh birliyinə qədər aparmaq şərtdir”.

Və bu “iqtisadi birlik taleyinə qədər” aparmaq üçün də Kadroçular fərdi və milləti silirlər və bütün istehsal vasitələri ilə sərvət yığımlarını “dövlət” dedikləri, millətin xaricində və millətin üstündəki mistik bir varlığa verirlər!

Qəbul edirəm ki, o tərifdən bu nəticəni çıxarmaq çox təbii və çox məntiqlidir.

Buna baxmayaraq, Kadroçuların istər o tərifi, istərsə də bu nəticəni özünəməxsus və özlərinə xas deyə iddia etmələri çox qəribə və gülüncdür.

Çünki istər tərif, istərsə də alınan nəticə “Lassal”3 vaxtından qalma “tarixi materializm” nəzəriyyəsinin milli ölçülərə uyğunlaşdırılmasından başqa bir şey deyildir. Doğurdan da, bu gün bu sistem “avtarkiya”4 adını almışdır. Buna baxmayaraq, əsaslar yenə eynidir.

O halda kitab sahibinin bu tərif və nəticəsinin sırf Türk inqilabının mahiyyətindən alınmış olduğunu iddia etməsinə nə ad verilir?

Bu şəkildə Kadro və İnqilab sahibi tarixi materializm nöqtəsindən hərəkət edərək yetərincə təbii və məntiqli olaraq millət anlayışında əsas olaraq yalnız iqtisadiyyatı görür.

Mən də iddia edirəm ki, bu yanaşma bir tərəfdən tarixin gedişinə zidd olduğu kimi, digər tərəfdən də milliyyəti tamamilə inkar deməkdir.

Tarixdən nə görürük?

Bütün tarixə hakim olan və hətta dövlət həyatının digər hissələrinə də dərin təsirlər bağışlamaqdan kənarda qalmayan bir hadisə həmişə müşahidə edilmişdir. Bu hadisə – milli toplanma hadisəsidir. Eyni antropoloji soya mənsub olan, eyni dili danışan, ortaq milli irsə aid olan hissələr həmişə birləşməyə doğru hərəkət edirlər, burada adətən bir təbəqəyə mənsub olan atomlar arasındakı cazibə hadisəsi cərəyan etməkdədir. Necə ki, atomlar bir-birilərini cəzb edərək müəyyən bir təbəqəni təşkil edirsə, o şəkildə də eyni irqə mənsub olanlar, eyni dili danışanlar, eyni milli irsin daşıyıcısı olanlar arasında qarşılıqlı cazibə vardır. Bu hadisə qarşısıalınmaz və gec-tez birliyi təmin edən bir qüvvədir.

Fransa, İngiltərə kimi XIX yüzilliyə qədər formalaşmış millətləri bir tərəfə buraxsaq, yalnız bu yüzillikdə alman, italyan, yunan, bulqar, serb və rumın birlikləri meydana çıxdı. Müharibənin sonunda5 isə milli cərəyanlar daha da qüvvətləndi. Polşa əvvəlki milli birliyini təmin etdi, İrlandiya, Misir, Çexoslovakiya, Ərəbistan, Finlandiya, Estoniya, Litva milli istiqlala nail oldular! İddia edilə bilər ki, bu gün milli birlik yolunda yeriməyən bir tək mədəni ünsür qalmamışdır. Hindistan, Ukrayna, Orta Asiya Türk dövlətləri hələ də o yol uğrunda çırpınırlar.

İndi bunları birliyə təhrik edən o qüdrətli cazibə nədir? İş əgər yalnız mədə və iqtisadiyyata qalmış olsa idi, bu hadisələrin heç birinin olmaması lazım gələrdi! İrlandiyada York şəhərinin bələdiyyə rəisini altmış gün ingilis həbsxanasında ac qalıb sonda özünü öldürməyə və yenə İrlandiyada on, on beş yaşındakı məktəbli qızların öz saçlarını sataraq milli hərəkata kömək etməyə; I Napoleona suiqəsd edən alman gəncinə peşman olduğunu deməsi təklif edilərkən “Qurtulduğum gün yenə millətimə qəsd edən zalımı öldürməyə çalışacağam” deməyə, padşahın köməkçisi kimi əla rifah, rahatlıq və bolluq içində yaşamaq imkanı varkən Mustafa Kamalı əzilmiş, qırılmış, xarabaya çevrilmiş Anadoluya, gələcəyi bəlli olmayan və minbir çətinliklər, əziyyətlər və təhlükələrlə dolu bir təşəbbüsə atılmağa təhrik edən nədir?

Tarix səhifələrini dəyərləndirən bu kimi eşq və fədakarlıq hadisələri bir mədə məsələsidirmi? Belə bir iddiada olmaq üçün bilmirəm ki, nə olmaq lazımdır?

Demək olar ki, bütün bu saydığımız örnəklər fərdlərə aiddir. Biz məsələni camaatlar ölçüsündə tədqiq edirik. İndi də gələk camaatlara:

Soruşuram: Finlandiya, Estoniya, Litva, üçün tabeliyində olduqları Rusiya ilə birlikdə yaşamaq, onun sahib olduğu vasitələrdən istifadə etməkmi daha faydalıdır, yoxsa məhdud bir dairə içinə qısılaraq minbir sıxıntı ilə dolanmaqmı? Eyni hal Polşa, Çexoslovakiya, İrlandiya və başqaları üçün da keçərlidir.

Buna baxmayaraq gedib bu millətlərə yenidən Avstriya, Rusiya, İngiltərə hakimiyyətinə keçməyi təklif edin! Qəbul edəcəklərini düşünürsüz?

Doğurdan da, müharibənin sonunda bəzi millətlər zədələndilər. Almaniya, Macarıstan, Bolqarıstan və Türkiyə kimi. Versal konfransının əsl səhvi də elə budur, milli cərəyanların dərin qüvvələrini nəzərə almamış olmasıdır. Qərb insanlığının bu gün üzləşdiyi qarışıqlıqların, çətinliklərin, işgəncələrin ən mühüm hissəsi bu səhvə görədir.

Gərək diqqət olunsun; bu dəhşətli müharibədən sonra da heç bir millət silinmədi! Halbuki yüz il əvvəl Napoleon arzusuna və kefinə görə millətlərin taleyi ilə oynayırdı. Bu dəfə isə məğlubiyyətin ağır vəziyyətinə, qaliblərin hiddət və əzəmətlərinə baxmayaraq milləti kökündən yox etmək düşüncəsinə yaxın durmadılar.

Heç şübhə etmirəm ki, zədələnmiş olan millətlər də az-çox yaxın vaxtlarda əvvəlki birliklərini əldə edəcəklər. Çünki yuxarıda yazdığımız bu “milli birləşmə” qanunu ümumidir, bəşəridir, alın yazısıdır.

Bu qanun mədəyə çevrilən kimi hər cür məna və mahiyyətini itirər. Heç şübhə yoxdur ki, formalaşmış olan bir millət iqtisadi baxımdan nə qədər yüksələrsə, o səviyyədə qüvvəsi artar, o səviyyədə öz varlığını, öz irsini qorumağa çatacaq qədər gücə sahib olar və eyni səviyyədə fərdləri arasında iş bölgüsü inkişaf edər və iş bölgüsünün inkişafı səviyyəsində ictimai əlbirlik artar. …

Buna baxmayaraq, praktikada millətin formalaşmasında başlıca amil iqtisadiyyat deyil, irq, dil və milli irs birliyidir və bu birlikdən doğulan “cazibə” qanunudur.

İqtisadi baxımdan yanaşma daha çox kosmopolitizmə və milli olmayan hərəkatlara aparıb çıxarır. Madam ki, məqsəd yaxşı yaşamaq, varlıqlı olmaqdırsa, bu yaxşı yaşamağı və rifahı kim təmin edərsə, onunla birləşmək təbii deyilmi? Məsələn, kim inkar edə bilər ki, ingilislərin Misirə gəlməkləri Misir əhalisinin maddi rifahının yüksəlməsinə səbəb olmuşdur. Əgər iş təkcə mədəyə qalmış olsa idi, Misirdə heç bir milli cərəyanın olmaması lazım gələrdi. Halbuki reallıqda vəziyyət bunun əksinədir.

Bax, bunun üçündür ki, Kadronun ilham aldığı “Marksizm” və “tarixi materializm” nəzəriyyəsini qəbul edənlər nəzəriyyənin son nəticələrini də qəbul etmişlər və milləti inkar edərək “vətənim dünya, millətim insanlıqdır” şüarını mənimsəmişlər.

 

Açıqlamalar

  1. Kadro – Azərbaycan dilində heyət mənasında işlənilən bu söz Türkiyədə 1932-1935-ci illərdə çıxan eyni adlı jurnalın adıdır. Yazıda bu jurnalın heyəti əslinə uyğun olaraq Kadroçular şəklində çevrilmişdir. Kadroçular əsasən Kamalizmi sistem halına gətirməyi qarşısına məqsəd qoymuşdu və Yaqub Qədri (Yakub Kadri) ilə Şövqi Yazman (Şevki Yazman) istisna olmaqla üzvləri sosialistlərdi.
  2. İnqilab və Kadro – kadroçu olan Şövkət Sürəyyə Aydəmir (Şevket Süreyya Aydemir) tərəfindən 1932-ci ildə yazılmış kitab.
  3. Ferdinand Lassal (1825-1864) – yəhudi əsilli filosof, hüquqşunas, siyasi aktivist və sosialistdir.
  4. Avtarkiya – qədim yunan filosoflarının təliminə görə, xarici (o cümlədən maddi) şəraitdən asılı olmamaq. Avtarkiya əsl müdrikin fərqli cəhətidir. Bəzən avtarkiya bir dövlətin digərlərindən siyasi və iqtisadi cəhətdən asılı olmamasını bildirir. (Mənbə: Azərbaycanca Vikipediya).
  5. Söhbət Birinci dünya müharibəsindən gedir.

Qaynaq:

Dövlət və Fərd. Əhməd bəy Ağaoğlu. İstanbul. “Sanayiinefise” mətbəəsi.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər