Ana səhifə / Hüquq / Ulrich K. Preuss – Yeni Dövlət üçün Konstitusional Güc Quruculuğu: təsisedici güc və konstitusiya arasındakı əlaqələr haqqında düşüncələr

Ulrich K. Preuss – Yeni Dövlət üçün Konstitusional Güc Quruculuğu: təsisedici güc və konstitusiya arasındakı əlaqələr haqqında düşüncələr

Millətin təsisedici gücü, millət konsepsiyası və Konstitusiya:           

Şübhəsizdir ki, 1989-cu illərin Mərkəzi və Şərqi Avropa inqilabları institusional dəyişikliklərə gətirib çıxardı. Bu dəyişikliyin problem həll edən institusional alət olduğu düşünülsə də, istənilməyən problemlər yaratdığı da məlumdur. Demək olar ki, bu cür təsirə məruz qalmış bütün ölkələrdə (Bolqarıstanda, Çexoslavakiyada, Macarıstanda, Polşada, eləcə də daha çox Yuqoslaviyada) oradakı problemlərə yaradıcı və sülhsevər həllər təklif edən oturuşmuş və öyrəşilmiş bir təsisedici güclə qarşılaşmadıq. Yeni hökümət modelinin qurulması üçün dövlətin bürokratik sahəsi ilə müqayisədə cəmiyyətin üstünlüyü kifayət deyildir. Fərdlərin həyatlarının və onların bir-biri ilə olan sosial əlaqələrinin təşkilində aktiv bir rol qazanmaq (və ya yenidən qazanmaq) üçün yekcins bir qurum olmayan cəmiyyət özünün kollektiv şəklində hərəkət etmək qabiliyyətini inkişaf etdirməlidir. Təsisedici güc ideyası bu qabiliyyəti önə çəkir. Lakin, əsas məsələ höküməti təsis etməli olan təsisedici gücün sekulyar Tanrı kimi hərəkət etməsi üçün öncədən var olan kollektiv kimliyə sahib olması və konstitusiya üçün siyasi legitimlik mənbəyi kimi xidmət etməsidir. Deyilir ki, “konstitusiya yalnız güc və hakimiyyət quruluşunu təsis etmir, o bir növ insanları da təsis edir.” (1) Lakin insanlar və konstitusiya arasında tərs bir əlaqə də ola bilər: İnsanların təsisedici gücündən yararlanma qabiliyyətinə malik olması üçün kollektiv kimliyə sahib olması gərəkdirmi?

“Biz, Birləşmiş Ştatlar xalqı olaraq …. bu Konstitusiyanı….dəyərləndirir və təsis edirik.” (2) Bu, insanların kollektivliyinin konstitusiyanın öncəliyi olduğu deməkdir yoxsa konstitusiya yaradıcılığı özü kollektivliyi və nəticə olaraq təsisedici gücü yaradır? İlkin olaraq bu tamamilə akademik bir problemdir. Lakin, Şərqi və Mərkəzi Avropada konstitusiya hazırlama prosesində bu sualın həyati önəmi var. Aydındır ki, bu, problemə həmin cəmiyyətlərin öz milli kimliyinə uyğun şərh verməsindən asılıdır.

Konstitusiya müəyyən bir qrup insanın milli kimliyinin manifestidir yoxsa sivil cəmiyyətin siyasi özünü idarə etməsi? İnsanların təsisedici gücü mahiyyətcə etnik cəhətdən yekcins bir millətin gücüdür yoxsa pluralist və çoxçeşidli cəmiyyətin özünü idarə etmə qabiliyyəti? Aydındır ki, kollektiv kimlik və konstitusiya yaradıcılığı arasındakı əlaqə diqqətə alınmalıdır. “Təsisedici güc” deyərkən biz nəyi nəzərdə tuturuq? Daha dəqiq soruşsaq kimdir onun mövzusu? Konstitusiya doğrudan da təsisedici gücü udurmu? O yalnız yeni konstitusiyaların yarandığı nadir tarixi məqamlardamı var olub? Yoxsa təsisedici güc konstitusional element kimi ikili güc strukturunun gərginliyi şəklində yaşayır?

Milləti kim təsis edir – Demos yoxsa Etnos?

Abbe Sieyes öz “Üçüncü güc nədir?” (3) pamfletində üçüncü gücün yalnız təmsiletmə deyil, bütün millət olduğuna haqq qazandırarkən millətin onun taleyini həll edə biləcək hər hansı legitim gücdən daha üstün olduğunu isbat edəcək arqumentlər tapmalıydı. (4) Onun əsas nəzəri kəşfi təsisedici və təsis edilmiş güc arasındakı fərqi tapması oldu. (5)

Onun qalıcı uyğunluğu iki elementdə tapıla bilər. Birincisi, konstitusiya adət-ənənələr, miras və ya dini vəhylər üzərində qurulmayıb və onlardan asılı deyil, sekulyar iradədən qaynaqlanır. İkincisi, millətin təsisedici güc konsepti bildirir ki, bu gücün təcrübi subyekti millətdir, monarx və ya aristokrat elita deyildir. Millətin ali gücü olan İnsan və Vətəndaş Haqqları Bəyannaməsində də ciddiyətlə bildirildiyi kimi hər bir insana eyni dərəcədə verilən azadlıq millətin suverenliyinin demokratik öncüllüyü ilə uyğunlaşa bilər.

Millət hər şeydən üstündür. O, hər şeyin mənbəyidir. Onun iradəsi hər zaman qanunidir və lazım gələrsə, qanunun özüdür.

            …

            Millət yalnız konstitusiyaya tabe deyildir, həmçinin o, konstitusiyaya tabe edilə bilməzdir və edilməməlidir…

            …Bu onun öz iradəsini millətə konstitusiya vermək bəhanəsi altında sonsuza qədər tiranlıq naminə itirməsi ilə nəticələnə bilər. Bunun üçün yalnız ani bir qələbə lazımdır ki, onu proses qaydalarına o qədər möhkəm bağlasınlar ki, o, öz iradəsini ifadə etmək qabiliyyətini itirsin… Millətin öz iradəsini hansı tərzdə ifadə etməsi fərq etmir, … istənilən üsul müvafiqdir və onun iradəsi hər zaman ali qanundur. (6)

Millətin iradəsi konstitusiyanın yaranmasından öncəki dövrünün qaynağıdır və konstitusiya millətin iradəsinin institutlaşmasıdır. Konstitusiyanın varlığı və davamediciliyi konstitusiya öncəsi gücdən ilhamlanmış və ondan qidalanmışdır. Lakin millət nədir? Sieyes bu suala birmənalı cavab verir. Millət “eyni qaydalar altında yaşayan və eyni qanunverici məclis tərəfindən idarə edilən əməkdaşlar qrupudur.” (7) Millət eyni ərazidə siyasi müəssisə halını formalaşdıran, ümumi qanunlara tabe olan və vətəndaşlıq haqqı daşıyan sakinlərdən təşkil olunmuşdur. Millət öz vətəndaşlarının toplamından formalaşır. (8)

Bu milləti nəyin yaratdığı anlayışı Almaniya və Şərqi Avropada ortaya çıxan digər anlayışdan böyük ölçüdə fərqlənir. Bu anlayışa görə isə millət eyni mənşəyə, irqə, dilə, dinə, kültürə, tarixə və digərlərinə sahib olan siyasətdən əvvəl mövcud olmuş bir toplumdur. Buna görə millət milləti birləşdirən siyasi qurum olan milli dövlətdən ayırd edilməlidir. Lakin bu fikir millət dövlətsiz də var ola bilər düşüncəsini dəstəkləyir.

Alman tarixçi Friedrich Meinecke tərəfindən əsrin əvvəlində yaradılan terminologiyaya görə (9) fransız konsepti millət hansı ki vətəndaşlıq üzərində qurulub dövlət millətinə nümunədir. (10)  Digər tərəfdən alman düşüncəsi kültür milləti ideyasını əsas götürür. Fransız konsepti millət bütün demos üzərində qurulduğu halda alman və Şərqi Avropa konsepti millət etnik qrup baxımdan ifadə edilir – millət etnosdur. (11) Ortaq vətəndaşlıq üzərində qurulmuş millət dövlət millətidir, digər tərəfdən kültür milləti tamamilə dövlətsiz şəkildə var ola bilər, necə ki polyaklar 1795 və 1918-ci illər arasında dövlətsiz qalmışdılar.

Digər tərəfdən millət siyasi olaraq bir neçə dövləti idarə edə bilər – Bismarkın 1871-ci ildə yaratdığı Reyxdən əvvəlki və 1949 və 1990-cı illər arasındakı Almaniya kimi. Nadir hallarda bir təkcins etnos siyasi olaraq bir millətdə toplanıb. Normal halda dövlətin etnosu və demosu bir-biri ilə uyğunluq təşkil etmir. Bu milləti nəyin təşkil etdiyi ideyası haqqındakı fundamental konseptual fərqlilik fundamental siyasi ideyaların qavranmasında böyük fərqliliklərə səbəb olur. Məsələn, Francis bildirir ki, milli azadlıq və öz müqəddəratını təyinetmə fərqli mənalara gəlir:

Qərbi Avropada bu demos millətin var olan suveren dövlətin idarəsini əlinə keçirdiyi və buna görə də özünü müdafiənin öz müqəddəratını həll etmə olduğu mənasına gəlir. Almaniyadan cənuba və şərqə yayılan azadlıq hərəkatında isə “öz müqəddəratını təyin etmə” öncədən var olmuş etnik cəmiyyətin yad təsirlərdən və xarici idarəetmədən qurtulması mənasına gəlir. (12)

  Fransız konsepti: Eyni hüquqlu vətəndaşlar millətin təməli kimi

Nəticələr millətin təsisedici gücü ideyası üçün heç də önəmsiz deyil. Aydındır ki, fransız siyasi millət (öz vətəndaşlarının toplamından yaranmış milli dövlət) ideyası öz kökünü 17 və 18-ci əsrlər ictimai müqavilə nəzəriyyəçilərindən götürmüşdür, əsasən də Russodan. Millətin konstitusional iradə gücü Russonun ictimai müqaviləsindəki ümumi iradəsi deməkdir. Bu güc insanlararası varlığın ifadəsi əsasında formalaşmayıb daha çox iştirak edən fərdlərin toplamıdır; buna görə də millətin təsisedici gücü demokratik suverenlik prinsipləri ilə ayrılmayacaq dərəcədə bağlıdır. (13) Təsisedici güc sadəcə konstitusiya yaratmaq gücü deyildir.

Məfhum olaraq o yalnız bir insana, hətta monarxa belə aid edilə bilməz. Təəccüblü deyil ki, bir neçə konstitusional nəzəriyyəçilər tərəfindən 19-cu əsrdə buna cəhd göstərilməsinə baxmayaraq bu fikir reallaşmadı. Mahiyyətcə təsisedici güc konstitusiya yaratmaqla özünü idarəetmə haqqını istifadə edən kollektiv orqanın gücüdür. Millətin təsisedici gücü öz ortaq qanunlarını və təmsilçilərini seçən fərdlərin (vətəndaşların) demotik birliyini vacib bilir.

Əslində, millətin siyasi formalaşması Fransada 18-ci əsrin sonunda olanlarla bağlıdır. Fransız monarxiyası fransız millətini təcəssüm etdirmək iddiasında idi. Lakin görünən odur ki, bu iddia krallığın ərazisində yaşayan hərkəsə aid edilməmişdi. Bu hal daha çox mütləqiyyətçi monarxiyanın feodal orta sinifinin partikulyarizmi üzərində ağalıq etməsi üçün razılıq idi. Siyasi olaraq baxdıqda inqilabdan və ya 3-cü respublikanın verdiyi təsisedici gücü qazanmazdan öncə fransız milləti yox idi.

Almanların əksinə burada bütün fransız milləti birləşdirəcək ortaq fransız dili də yox idi. 1794-cü ildə aparılan sorğuya görə “yalnız 15 bölgədə fransız dili üstünlük təşkil edirdi. Böyük ehtimalla, fransız vətəndaşları ya fransız dilini heç danışa bilmirdilər ya da çox böyük çətinliklə danışırdılar.” (14) Buna görə də, fransız dilinin əsas danışıq dilinə çevrilməsi milli dövlətin əsas məqsədinə çevrildi. Ümumi vətəndaşlıq ideyası ictimai müzakirə və düşüncəni vacib sayırdı. Əlavə olaraq, vətəndaşlar onların iradəsini ifadə edən qanunları oxumağı və yazmağı bacarmalı idi. Buna görə də milləti yaradan dilin ortaq olması deyildi, əksinə, millət ortaq bir dilin yaranmasını tələb etmiş və yaratmışdı.

Şərqi Avropa ölkələrində etnik millət anlayışı

Uzun müddət milləti nəyin təşkil etdiyi sualını araşdırdım çünki bu hələ də Şərqi və Mərkəzi Avropada gedən konstitusiya quruculuğu prosesində böyük önəm daşıyır. Həmçinin müxtəlif ölkələrin kollektiv kimliklərini nəzərə alaraq Almaniyanın birləşməsi və sonradan da artan ksenofobiyanı da izah etmək mümkün idi. Yuqoslaviya məsələsində də gördüyümüz kimi Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropada milli dövlət konsepti etnik təkcinslik üzərində qurulub. Milli dövlətin anlamı etnik mənadakı (dil, din, kültür və mənşə oxşarlığı kimi başa düşülür) millətin öz dövlətində siyasi varlığını qazanmasıdır. Millət dövlət öncəsi, siyasət öncəsi, mövcud və hardasa əbədi bir varlıq olduğu halda, dövlət millətin tarixdə var olmasını təmin edən, lakin tamamilə millətin qurumlaşmış forması olmayan yarı-təsadüfi və keçici bir qurumdur. Lakin millətin özünün siyasi müqəddəratını həll etməsi dövlətçilik tələb edir. Ancaq dövlətçilik də etnik təkcinslik üzərində qurulub. Bu, demosun siyasi istismar və sosial ədalətsizliklərə qarşı yönəlmiş siyasi özünü idarəetmə və azadlığından daha çox, etnosun xarici təsirlərə qarşı yönəlmiş öz müqəddəratını həll etməsidir.

Qəribəsi budur ki, milli dövlətin bu cür etnik anlayışı açıq olaraq I Dünya Müharibəsindən sonra milli öz müqəddəratını təyinetmə haqqını elan edən bir amerikandan, daha dəqiq desək,  Prezident Wilsondan gəlmişdi. Bu haqq mübahisəli olaraq dövrün 3 əsas çoxmillətli imperiyasına qarşı yönəldilmişdi: Avstriya, Rusiya və Osmanlı imperiyaları. Son zamanlar müşahidə etdiklərimizə əsasən keçmişdəki problemlərə həll olaraq güman edilən milli öz müqəddaratını təyin etmə hüququ həll etməkdən daha çox yeni problemlərə səbəb oldu.

Wilson çoxmillətli bir cəmiyyətin nümayəndəsi idi və vətəndaşların bərabərliyi ilə konstitusiyaya ortaq inama sahib dəyərlərlə yetişdirilmişdi. (15) Yenə də, onun böyük ehtimalla özünün 14 maddəlik bəyannaməsinin Avropada həyata keçirilmə prinsipləri ilə bağlı daha fərqli anlayışı varıydı.

Carl Schmitt. Demokratiyanın Etnik Konsepsiyası

Bu fundamental konseptdəki fikir ayrılığının nəzəri işləkliyini və nəticələrini aydınlaşdırmaq üçün ilk öncə istəyirəm ki, Mərkəzi və Şərqi Avropanın millət konseptini ən aydınladıcı şəkildə müdafiə edən konstitusiya nəzəriyyəçisinə istinad edim. Fransa və Amerika konsepti millətin təsisedici gücü və demokratiya arasındakı əlaqənin ən təsiredici nəzəri antipodu olan alman hüquqşünas və siyasi nəzəriyyəçi Carl Schmitti nəzərdə tuturam. Onun yanaşması xüsusi olaraq bizim mövzumuza uyğundur çünki onun əsaslandırması müəllifləri tərəfindən Amerika və Fransa inqilablarının liberal və demokratik ənənələri əsas alınaraq yazılmış Weimar konstitusiyasına müraciət edir və Schmitt bunu etnik tərəfdən izah edir. (16)

Bu şərhdə önəmli olan demokratiyaya etnik baxışın olması və demosun etnosla dəyişdirilməsidir. (17) Schmittə görə demokratik quruluşun siyasi xarakteri yaxşı qanunlarla yox, yaxşı hökmdarlarla səciyyələndirilir. (18) Tamamilə təcrübi formada millət müəyyən bir ərazidə yaşayan fərdlərin cəmidir; ancaq siyasi mənada isə millət bu cəmin özünü başqalarından və insanlığın liberal-universal dəyərlərindən fərqləndirmək bacarığı yaradan etnik və kültürəl eyniliyi ilə var olur. (19) Schmittə görə demokratik quruluşda siyasətin mənbəyi millətin əmlakını və birliyini qorumaq iradəsidir və bu iradəni müasir cəmiyyətin iqtisadi, sosial, kültürəl və siyasi bölmələrində tətbiq etməkdir. (20)

Birinci misalda cəmiyyətin təkcins olmayan bütün üzvlərinin millətə mənsubiyyətindən çıxarılması və dolayısıyla bu insanların səsvermə, fikir və sərbəst toplaşmaq azadlıqları kimi bərabər siyasi hüquqlarının da ləğvi mənasına gəlir. (21) Əlavə olaraq buradan nəticə çıxır ki, millət özünün konstitusiya öncəsi təkcins və yarı-təbii mənasında vətəndaşlıq üzərində qurulmuş varlığının antipoduna çevrilir. Millət suverenliyin sahibi olmasına baxmayaraq konstitusiya standartlarından başqa digər suveren haqlarını istifadə edə bilməz. Buna görə onların siyasi iradəsi müxtəlif yollara yönləndirilmiş və vasitələndirilmişdir.

Təəccüblü deyil ki, Schmitt konstitusiyaya uyğun olaraq yadlaşmamış milləti onların etnik və milli oxşarlığında demokratiyanın “düzgün” təməli hesab edir. (22) Demokratiya mahiyyəti kollektiv etibarlılıq olan millətin iradəsidir; bu özəlliyi liberal demokratiyalarda seçkilərin simvolu olan ayrı-ayrı fərdlərin iradələrinin toplanması nəticəsində qazanmaq mümkün deyildir. Russoya istinad edərək və eyni zamanda onu yanlış anlayaraq Scmitt iddia edir ki, millətin iradəsinin təbii etibarlılığı və mövcud eyniliyi üçün əsas ilkin şərait onun birbaşa ifadə olunmasıdır. (23)

İdeal model müasir milli dövlətin genişləndirilməmiş ərazidə yaşayan kiçik cəmiyyət formasında birləşməsidir. Lakin onun orijinal demokratiya konsepti bu ideal hipotezdən qaynaqlanır. Yalnız həqiqətən birləşmiş millət bu ada layiqdir və yalnız həqiqətən birləşmiş millət aydın şəkildə öz millətinə aid edilən hərəkətlər edə bilər: o, adicə qışqırmaq, bağırmaq, alqışlamaq və fitə basmaqla öz razılığını və ya narazılığını bildirə bilər. Bir öndəri və ya təklifi geri çevirə bilər, krala və ya başqa birinə hörmət edə bilər, səssizlik və ya səs küy ilə verilən razılığı rədd edə bilər. (24)

Kütləvi demokratiyanın institusional strukturu, əlçatan dərəcədə etibarlılıq və millətin iradəsinin ahəngi təmsiledilmə ilə qazanıla bilər. (25) Təmsiledilmə deyərək Schmitt mürəkkəb ayırıcı və ziddiyyətli maraq və fikirlərin konstitusiyalı demokratiya, haqqlar və prosedurlar kimi konstitusional proseslərin birləşimini nəzərdə tutmur. (26) O, daha çox millətin əsas özəlliklərinin simvolik formadakı görünüşünü və bunların millətin “düzgün” özünü ifadə etməyə qadir olan tək bir şəxsdə təcəssümünü təklif edir. (27)

Demokratik təmsiletmənin konsepti açıq şəkildə demokratiya və avtokratiya arasındakı əlaqəni ortaya çıxarır – bu oxşarlıq Scmitti əsl diktatura demokratiya üzərində qurula bilər mübahisəsinə yönləndirdi. (28) Bu fikirə görə, demokratiya və diktatura düşünüldüyü kimi bir-birinə zidd deyil və hətta diktatura diktatorun uğurlu şəkildə millət kimliyini təmsil etdiyi demokratiya formasıdır.

Hökümətin təməli: kollektiv kimlik yoxsa konstitusiya?

Millət və xalq konseptlərinin fərqli izahlar verilməyə uyğun olduğunu və həmçinin milli suverenlik prinsipinin demokratik və etnokratik nəticələri olduğunu nəzərə alaraq hökümət və onun gücünün milli kimliyə, yoxsa konstitusiyaya əsaslandığı sual altındadır. Aydındır ki, təsisedici gücün xarakteri konstitusiyanın xarakterini müəyyən edir, ancaq hansı qaydada olduğu tam aydın deyil.

Təsisedici güc və təsis edilmiş güc arasındakı əlaqə

Təsisedici gücün əsas strukturunu saxlayaraq fərdi haqqların, gücün bölünməsi ideyasının, demokratik quruluşun elementlərinin və ya hökümətin işləmə modelinin müxtəlif formalarını təsəvvür edə bilərikmi? Bu suala cavab verməmişdən öncə konstitusiya quruculuğu prosesində təsisedici gücün özünün yoxa çıxıb çıxmaması haqqında bir neçə qeyd vermək istəyirəm. Təsisedici güc konstitusiya yarandıqdan sonra yoxa çıxır yoxsa konstitusiyanın qalıcı bir elementinəmi çevrilir? Yuxarıda göstərildiyi kimi təsisedici güc konsepti milli suverenlik doktrinası qədər önəmlidir. (29) Təsisedici gücün mənası qayda-qanunun yaradılması və tətbiqindən daha çox öz müqəddəratını həll etməkdir. Buna görə də müasir konstitusiyalar yalnız qrupun özünü əlaqələndirmə bacarığı olan institusional cihazları kimi başa düşülə bilər. (30) Öz müqəddəratını həll etmə və özünü əlaqələndirmə bacarığı heç bir mənada uyğunsuz deyil. Ancaq aydın olmayan məqam, öz müqəddəratını həll etmə fərdə özünü qrupdan ayırma – konstitusiyada nəzərdə tutulan bağlılıqlarından ayırma haqqı verirmi? Konstitusiya “formalar yaradan, lakin özü formalaşdırıla bilinməyən” təsisedici gücü öz daxilində həll edirmi? (31) Yoxsa təsisedici güc konstitusiyanın açıq-aydın yenidən ortaya çıxan gizli elementidir, hansı ki inqilabın qoruyucusu kimi hərəkət edir və konstitusiyaya riayət etməklə əsl və yadlaşdırılmamış ruhu onun ruhunu azaltmağa çalışanlardan qoruyur. Başqa cür ifadə etsək təsisedici güc konstitusiyanın leqallığına daimi təhlükə olaraq hərəkət etmək üçün öncədən hazırlanıbmı?

Bu sualların siyasi cəhətdən önəmli nəticələri gözardı edilə bilməz. Bir başqa alternativ hal konstitusiyanın daim öz məhvi təhlükəsinə məruz qalmasıdır. Digər alternativ isə təsisedici gücün həmişəlik vasitəçi  rolunda olduğu və hökümətin təməlinin öz üzvlərinin böyük bir çoxluğu üçün heç bir şəxsi bağlılıqları olmayan tarixi bir hadisə kimi qalmasıdır.

Qeyd etməliyəm ki, müasir Almaniyada bu sual yalnız konstitusiya və siyasət nəzəriyyəsinin deyil, həmçinin praktik konstitusiya hüququnun önəmli bir hissəsinə çevrilib. Federal Respublika və Almaniya Demorkatik Respublikasının birləşməsində prosesində yenidən düzəlişlər edilən Təməl Hüququn (red. Almaniya Konstitusiyası) son maddəsi, (146-cı maddə) mənim bildiyim qədəri ilə, dünyadakı konstitusiyaların arasında ən unikal olanıdır (32). 1990-cı ilə qədər keçərli olan orijinal versiyasında bu maddə Təməl Hüququn Alman xalqının azad qərarı ilə qəbul etdiyi gündən etibarən qüvvəyə mindiyini nəzərdə tuturdu (33). Əsas məna aydındır: 1949-cu ildə konstitusiyanın qurucuları birləşmiş alman milli dövlətinin axır-əvvəl yenidən qurulacağını gözləyirdilər. O zaman bütün alman xalqının da təsdiqi ilə Təməl Hüquq tam təşəkküllü konstitusiya ilə dəyişdiriləcəkdir.

146-cı maddənin islahat qanunu olmadığı da ayrıca vurğulanmalıdır. Konstitusiyalar fundamental olaraq dəyişdirilə bilinir ancaq bu dəyişikliklər özləri də konstitusiyaya tabe olmalıdır. Digər tərəfdən heç bir konstitusiyada konstitusiyanın tamamilə ləğv olunması ilə bağlı qaydalar ola bilməz. Bu inqilabların olmasına yol aça bilər, ancaq konstitusiyanın əsas məqsədi inqilabların qarşısını almaq və konstitusiyanın dəyişməzliyini təmin etməkdir. Siyasi inqilablar siyasi müəssisələri onların icazə verdiyi şəkildə dəyişdirir. Digər tərəfdən, konstitusiya dəyişiklikləri siyasi müəssisələri konstitusiyanın icazə verdiyi şəkildə dəyişdirir.

146-cı maddə bu iki cümlənin paradoksal kombinasiyasıdır. O, demokratik suvereni daha öncədən heç bir prosedural və sabit qaydalarla bağlamadan insanlara Təməl Hüququ ləğv etməyə və tamamilə yeni bir konstitusiya ilə əvəz etməyə icazə verir. Beləliklə, insanlar təsisedilmiş gücləri ləğv edə və onların sərhədlənməmiş təsisedici güclərini heç bir inqilab riski olmadan tələb edə bilərlər. Bu, daha bir paradoks olan konstitusiya inqilabı etməyə icazə vermək mənasına gəlir çünki təsisedilmiş güclərin səlahiyyətləri özünü məhvetmə mənasına gələ bilməz. Təsisedilmiş güclərin səlahiyyətləri təsisedici gücün vəkilləri kimi çıxış edir, təsisedici gücün iradəsi onların iradəsindən daha üstündür. Sieyesin sözləri ilə “Heç bir həvalə edilmiş güc öz səlahiyyət şərtlərini dəyişdirə bilməz.” (34)

Təməl Hüququn 146-cı maddəsi unikal siyasi çıxılmaz vəziyyətə unikal konstitusion cavabdır. Lakin bu o demək deyildir ki, istənilən normal halda konstitusiya quruculuğu zamanı təsisedici gücdən istifadə olunsun. Sieyes üçün suveren millətin təsisedici gücünün sərhədlənməsi, konstitusiya tərəfindən ləğv edilməsi kimi bir problem yoxdur:

Millət öz iradəsindən nə uzaqlaşa, nə də imtina edə bilməz; və qərarı nə olursa olsun, maraqları dəyişdiyində o qərarları yenidən dəyişəcək iradəsini itirə bilməz. İkincisi, bu millət kiminlə bu cür müqaviləyə girib ki? Mən onun öz nümayəndələrini, mandatlarını və ona bağlı olan digər hərkəsi başa düşə bilirəm, lakin millət hər hansısa bir vəziyyətdə öz vəzifələrini özünə qarşı tətbiq edə bilərmi? Özünlə müqavilə bağlamaq nə deməkdir? Hər iki tərəf eyni iradə olduğundan, onlar özlərini güman edilən öhdəçilikdən azad edə bilərlər. (35)

Lakin Sieyes doktrinasının Milli Assembleyanın müzakirələri zamanı icrası gündəlik həyatda güzəştlər tələb etdi. Geniş bir ərazidə yaşayan millət öz iradəsini tez bir şəkildə ifadə edə bilmədiyindən suverenə hökümətdəki ali gücündən istifadə edə bilməsinə icazə verən bəzi qaydalar və prosedurlar yaratmaq vacib idi. Görünən odur ki, 5-ci m1addəsində dəyişiklik tələbləri konvensiyasının çağırışını əhatə edən amerikan konstitusiyası normal qanunverici gücün və fövqəladə təsisedici gücün bir-birindən ayrı və fərqli olaraq institutlaşdırılması üçün model rolunu oynadı. Lakin 5-ci maddədə göstərilən dəyişiklik prosesinin təsisedici gücə yoxsa təsisedilmiş gücə aid olduğu tam olaraq aydın deyildir. Filadelfia Konvensiyasında açıq şəkildə eyham vurulan təsisedici gücün çoxluq tərəfindən qəbul edildiyi və təsdiqləndiyi bildirilən “Konvensiya” termini və onun fərqli mənşə üsulu Konvensiyanın xarakterini təsisedici güc olaraq şərh edən arqumentlərdir. Konvensiya adi qanunverici qurumdan fərqli bir şeydir. Filadelfia Konvensiyasının təsisedici gücünə haqq qazandırmaq üçün Madison açıq şəkildə insanların “özlərinin təhlükəsizlikləri və xoşbəxtliklərinə müsbət təsir edəcəyini düşündükləri şəkildə höküməti ləğv etmək və ya dəyişmək” haqlarına istinad edir (36). Bu, onların inqilab haqlarına açıq bir işarədir. O, 5-ci maddədə dəyişiklik gücü və dəyişiklik prosedurları açıqlamasında da cəmiyyətin “höküməti ləğv etmək və ya dəyişdirmək” səlahiyyətlərindən danışarkən hardasa eyni sözləri istifadə edir (37).

Konvensiyanın hökümətin yalnız qanunverici gücünü yox, bütün gücünü daşıdığını nəzərə alaraq onun təsisedici gücə çox yaxın olduğunu deyə bilərik. Digər tərəfdən yalnız qanunverici qurumların gücü deyil, həmçinin konvensiyanın səlahiyyətlərinin də konstitusiya ilə sərhədləndiyi gözdən yayınmamalıdır – bu da bizə konvensiyanın təsisedici yox təsisedilmiş güc olduğu duyğusunu verir.

Bu qarışıq vəziyyət 1791-ci il Fransa konstitusiyasında da açıqca ifadə edilir:

Milli Konstitusiya Assembleyası bəyan edir ki, millətin öz Konstitusiyasını dəyişmək üçün dəyişdirilməz haqqı vardır və milli maraqlara konstitusiyanın özü istifadə edilərək daha yaxşı qulluq edildiyini nəzərə alaraq Assembleya dəyişikliyinə aşağıdakı kimi fərman verir: . . . . (38)

Təsisedici güc indiyə qədər əhilləşdirilib və prosedur qaydalarının rasional gücünə tabe edilməsinə baxmayaraq o, təsisedilmiş güclərin səlahiyyətlərini yanlış istifadəsini yoxlayan potensial güc olaraq qalır. Bu, onun bütün təsisedilmiş güclər üzərində qurduğu və 1793-cü il Fransa Konstitusiyasında da sözlü olaraq göstərildiyi “özünün ən yüksək güc olduğu şəkildə birləşdirir” kimi olduğuna görədir.(48) Bu birləşdirilmiş güc yalnız təsisedilməmiş gücə aid edilə bilər çünki, təsisedilmiş gücün bütün gücü özündə birləşdirməyi özünə zidd düşən bir haldır. Konstitusiyanın mənası haqqlara zəmanət verilməsi və güc bölgüsünün təmin edilməsidir (39) və buna görədir ki, yalnız konstitusiyalaşmamış güc olan millət təsisedici gücə malik ola bilər. (40)

Lakin əksi də doğrudur. Nə vaxt ki, konstitusiya vətəndaşların səsvermə və kollektiv iradələrini ifadə etmək kimi haqqlarını gücləndirir, o vaxt da təsisedici güc ilə təsisedilmiş qanuni güclərin bir bağlantısı olur. Prezident gücündə dualizm, parlamentin gücləri və Weimar konstitusiyası təsisedici gücün gizlicə var olduğu konstitusiya əməliyyatlarına nümunə ola bilər. Bu, təsisedici gücün konstitusiyadakı davamlılığı üçün neqativ bir misal kimi qəbul edilə bilər.

Digər tərəfdən xalqın siyasi proseslərdəki iştirakı çıxarılanda siyasi proseslərin nasazlaşdığı ilə də bağlı çoxlu neqativ misallar mövcuddur. Hal hazırda bu məsələ konstitusiya modeli “nümayəndəli mütləqiyyət” adlandırılan müasir Almaniyada çox danışılan məsələlərdəndir. Biraz şişirdilmiş görünsə də, bu məqalədə mən Almaniyanın konstitusional xassələri haqqında danışmayacam. Konstitusiya və təsisedici güc arasındakı əlaqə ilə bağlı vurğulanmalı olan müşahidələrdən biri də budur ki, xalqın qeyri-mütəşəkkil təsisedici gücünün siyasətdən təcrid olunması təsisedilmiş gücün dəyişməzliyinə və formallığına səbəb olur. Bu, konstitusiyalı demokratiyaların birdəfəlik dəyərdən düşməsi ilə nəticələnə bilər.

Cəmiyyətin Özəyi. Qan yoxsa Müqavilə?

Hələ də sual altında qalan bir arqument var ki, necə və hansı dərəcədə təsisedici güc davam edir və konstitusiyanın xarakterini müəyyən edir. Xəyalən təsisedici gücün xarakteri konstitusiyanın strukturunu müəyyən edəcək dərəcədədir. Yenə nə vaxt ki konstitusiya yaranır, bir sual ortaya çıxır: təsisedici gücün mahiyyəti nədir? Hökümət formalaşdıran bir qrupun yarı-təbii cəmiyyətlərini siyasi quruma çevirən siyasətöncəsi eyniliyidirmi? Təsisedici gücün mahiyyəti qanın irrasionallığı yoxsa sosial birliyə daxil olmaq üçün əsas şərtə çevrilən ana təbiətin hər bir fərdə verdiyi azadlıqdır ? Əksi Russo tərəfindən İctimai Müqavilədə dəqiq müəyyənləşdirilmişdir:

Bütün cəmiyyətlərin ən qədimi və yeganə təbii olan ailədir; yenə də uşaq təbiətən onun himayəsinə möhtac olduğu müddətcə ataya bağlı qalır. Bu ehtiyac bitən kimi təbii bağ da yoxa çıxır. Uşaqlar atalarına borclu olduqları himayədən qurtulduqdan sonra və ata onlara qarşı olan məsuliyyətlərindən qurtulduqdan sonra hər iki tərəf bərabər dərəcədə öz azadlıqlarını yenidən qazanırlar. Əgər onlar birləşmiş halda qalmağa davam edərlərsə bu artıq təbiət qanunu deyil, onların öz seçimləridir və belə bir ailə yalnız razılaşma sayəsində bir arada qalır.

            Bu ümumi azadlıq insan təbiətinin nəticəsidir. (41)

Əmin olmaq üçün Russo konstitusiya quruculuğu prosesindən yox, sivil cəmiyyətin yaranmasından danışır. Tətbiqi olaraq onlar bir nöqtədə görüşsə də, biz hər iki mərhələni ayırd etməliyik. Real həyatda fərdlərin cəmindən bir qrupun meydana gəlməsi çox da ağlabatan deyil və qrupun bir qurum kimi fəaliyyət göstərməsi üçün özünə müəyyən etdiyi struktur bir-birindən ayrıla bilər. Ancaq fərq analitik olaraq önəmlidir çünki, konstitusiyanın əmələ gəlməsi üçün qrupun öncədən var olması gərəkdir. Buradan belə çıxır ki, qrup özünə konstitusiya yaratmamışdan öncə aydınlaşdırmalıdır ki, kimlər bu konstitusional təyinetməyə tabedir və kimlər bu qərarı verməyə haqq qazanmışdır. Başqa cür ifadə etsək, qrupun üzvləri kimlərdir.

Russo millətin özünü krala təslim etməsi lazım olduğunu iddia edən Grotius`a istinad edərək yazır:

Ona görə, Grotiusa görə millət krala hədiyyə verilməmişdən öncə də millətdir. Hədiyyə özü sivil aktdır; o ictimai müzakirəni tələb edir. Buradan görünür ki, millətin krala göndərəcəyi aktı danışmamışdan öncə biz digərlərinə öncül olan cəmiyyətin əsl təməli olmuş aktı, yəni millətin millət olduğu aktı, gözdən keçirməliyik. (42)

Russonun təbii hüquqlar baxışına görə təbii hal təbii cəmiyyətlərin mövcudluğu ilə deyil, insan-heyvanların dağınıq vəziyyəti ilə xarakterizə edilə bilərdi və cəmiyyətin təməli müqaviləyə dayanır:

Əslində, daha əvvəl başqa bir arqument olmasaydı, o zaman anonim seçki keçirildiyi təqdirdə, azlığın çoxluğun qərarlarını qəbul etmək öhdəliyi necə ola bilərdi? Hökmdar istəyən 100 nəfərin hökmdar istəməyən 10 nəfərin yerinə necə səs verə bilmək haqqı olardı? Çoxluq seçki sistemi qanunu özü belə razılaşmaya əsaslanır və ən az bir dəfə belə olsa, yekdillik halının baş verdiyinə eyham vurur. (43)

 Oxşar arqument Lokun ictimai müqavilə nəzəriyyəsində də var, lakin bu onun məşhur səssiz razılıq (tacit consent) nəzəriyyəsi nəticəsində öz təsirini itirmişdir. Ancaq bizi burada bu problem narahat etmir.

Həm Russo, həm də Lok sosial qrupun qurulması üçün fərdlərin qrupa daxil olmaq qərarının vacib olduğunu qeyd edirdilər. Onların sivil cəmiyyət haqqındakı fikirləri yüksək dərəcədə ziddiyətli olsa da, metodoloji əsaslandırmaları eynidir; həm Russo, həm də Lok cəmiyyətin fərdi quruculuğu ilə başlayır. Aydındır ki, bu cəmiyyətin təsisedici gücünün xarakterini müəyyən edir. Cəmiyyət öz təsisedici gücünü yalnız ortaq mənfəət və onun fərdləri üçün istifadə edəcək azad və bərabər fərdlərin maraqları və ehtiyacları üçün yarandı.

            Buna görədir ki, Lok təsisedici gücə hərşeyə qadirmiş kimi yanaşmır ancaq cəmiyyət və hökümətin hədəfləri (fərdlərin həyatlarının, azadlıqlarının, əmlaklarının qorunması kimi) ilə sərhədləyir. Russo təsisedici gücün qüdrətini vacib görür, ancaq bu da onun fərdi yanaşmasının nəticəsidir. Suveren və onun təsisedici gücünün qüdrəti ictimai müqavilədə iştirak edən hər bir fərdin nümayəndəlik aktından yaranır; Russonun sözləri ilə desək, “Hər birimiz cəmiyyətə öz şəxsimizi və ümumi iradənin yönü əsasındakı gücümüzü fəda edirik; və bir fərd olaraq, biz hər bir fərdi bütünün bölünməz bir parçası olaraq birləşdiririk.” (44)

Müqavilə hər kəsin bir-birinə öz şəxsini və malını cəmiyyətə fəda edəcəyinə dair söz verməyi əhatə edir. Fərdin özünü fəda etməsinin mütləqliyidir ki, Russonu bu aktdan yaranan suverenin heç kimin haqlarını pozmamalı olduğu fikrinə yönəldir: “Şərtlər hər kəs üçün eyni olduğundan hər bir fərd özünü tamamilə fəda edir çünki, kimin üçünsə şərtləri əziyyətli hala gətirmək heç kimin marağında deyil.” (45)

            Russo sübut etməyə çalışır ki, davamlı ədalət duyğusu və ümumxalq xeyiri götürmək üçün hərəkətliliyi yaradan sosial həmrəylik ictimai müqavilənin əsas xüsusiyyətidir. Təsisedici gücün hər şeyə qadir olması həm fərdi haqlara qarşı bir təhlükə deyil, həm də eyni zamanda ümumxalq xeyirini reallaşdırmaq üçün bir təminatdır. Ümumi iradəni yaradan səbəblər təsisedici gücün cəmiyyətin bütün fərdlərinin maraqlarını təmin edəcək bir konstitusiya yaradacağına təminat verir.

Bunu xüsusi vurğulamalıyam çünki burada hətta Russonun özünün belə onun əsaslandırması ilə razılaşdığı görülən, bu fikirin əksini iddia edən bir arqument var. (46) İddia budur ki, hökümət yalnız azad və bərabər fərdlərlə qurula və davam etdirilə bilməz. Bu mübahisəyə görə, bəzi siyasətöncəsi birlik şərtləri gərəkdir; ən əsas şərt isə etnik təkcinslikdir (mənşəyin, dilin, dinin, adətlərin və digərlərinin eyniliyi). Russo bu sualı soruşur: hansı insan öz ağlında tutduğu konstitusiyanı qəbul etməyə uyğundur? Russo bu cür insanı təsvir edərək cavab verir, “ o insan ki, özünü onsuz da bəzi birliklər, maraqlar və razılaşmalarla bağlanmış hiss edir,  …  qədim insanların bağlılığını yeni insanların tez uyğunlaşan olması ilə birləşdirə bilir.” (47) Onun insanların konstitusiyaöncəsi birliyi və bağlılığı ilə bağlı ideyası ictimai müqavilənin yaratdığı müxtəlif fərdləri sosial qrupa bağlayan həmrəyliyin etibarlığını məhdudlaşdırır.  Bizim bu müzakirəmizdəki problemlərə daha uyğun olan məsələ konstitusiyalı dövlətin minimum dərəcədə siyasətöncəsi eynilik və təsisedici gücün təkcinsliyini tələb edib etməməsidir.

Əlbəttə ki, bu bütün millətçi nəzəriyyəçilərin mübahisə etdiyi bir mövzudur. Lakin, eyni əsaslarla mübahisə aparan liberallar da var. Məsələn, Con Stüart Mill idarə edilənlər və idarə edənlərin eyni millətə mənsub olması şərti ilə  idarə edilənin öz idarə edənini seçməli olduğu fikrini qorumuşdu. (48)

Fərqli millətlərdən yaranmış bir ölkədə azad qurumların yaranması demək olar ki, imkansızdır. Bir-birini qardaş kimi hiss etməyən insanların arasında, əsasən də onlar fərqli dillərdə oxuyub yazırlarsa, nümayəndəli hökümətin işləməsi üçün vacib olan yekdil cəmiyyət rəyi var ola bilməz. … Eyni kitablar, qəzetlər, kitabçalar və çıxışlar ölkənin fərqli hissələrinə yayılmır. … Eyni hadisələr, eyni hərəkətlər, eyni hökümət sistemləri onlara fərqli cəhətlərdən təsir edir… (49)

Əgər Mill düz deyirsə, ABŞ və İsveçrə kimi çoxmillətli ölkələr var ola bilməzlər. Digər tərəfdən isə SSRİ və Yuqoslaviyanın dağılması və ya Bolqarıstan və Çexoslavakiyadakı etnik problemlər ya da Rumıniyadakı hadisələr siyasətöncəsi kollektiv kimliyə və ən önəmlisi millətə istinad etməyən kostitusiyanın konstitusiyalı dövlətin işləyə bilməsi üçün yetərincə bağlılıq yarada bilmədiyinə kifayət qədər sübut göstərir. Bu müşahidənin digər konstitusiyalı dövlətlərə də aid olması müzakirəyə açıqdır. Lakin doğru olduğu hər yerdə siyasətin irrasional güclərini əhliləşdirməsinin çox da uğurlu olmadığını göstərir.

Nəticə:

Mən dünyanın demək olar ki, hər bir dövlətində var olan milli duyğuları pisləmək niyyətində deyiləm. Lakin müasir konstitusiyaçılıq ideyası millətin ortaq duyğularını hökümət strukturu və konstitusiyanın fərdlərə verdiyi haqlardan ayırır. Millətin təsisedici gücü hər zaman millətin etnik və demotik elementlərini əhatə edəcək. Lakin etnosun ağlasığmaz gücünü demosun məsuliyyətli səlahiyyətinə çevirmək konstitusiyanın məntiqi məqsədidir. Buna görə də konstitusiya, təsisedici güc tərəfindən yaradılmasına baxmayaraq, hər zaman öz yaradıcısının siyasətöncəsi elementləri siyasət strukturuna daxil etmək meyilləri ilə mübarizə aparmalıdır. Təsisedici güc həm konstitusiyanın yaradıcısı, həm də eyni zamanda ona qarşı bir təhdiddir. Yenə də hər iki funksiya konstitusiyanın həyatiliyi üçün önəmlidir.

 

Mənbələr:

  1. SHELDON S. WOLIN, THE PRESENCE OF THE PAST: ESSAYS ON THE STATE AND THE CONSTITUTION 9 (1989).
  2. U.S. CONST. Pmbl.
  3. EMMANUEL JOSEPH SIEYtS, WHAT IS THE THIRD ESTATE? (S.E. Finer ed. & M.Blondel trans., 1963) (1789).
  1. Həmin yerdə, 58.
  2. Həmin yerdə, 122-23.
  3. Həmin yerdə, 124, 126-28.
  4. Həmin yerdə, 58.
  5.  Həmçinin bax: ERIC HOBSBAWM, NATIONS AND NATIONALISM SINCE 1780: PROGRAMME, MYTH, REALITY 14-45 (1990).
  6. FRIEDRICH MEINECKE, COSMOPOLITANISM AND THE NATIONAL STATE (Robert B.

Kimber trans., Princeton University Press 1970) (1963).

  1. 10. Həmin yerdə, at 7-8.
  2. Bax: E.K. FRANCIS, INTERETHNIC RELATIONS: AN ESSAY IN SOCIOLOGICAL THEORY

43-115 (1976).

  1. Həmin yerdə, 78.
  2. Bax: KARL LOEWENSTEIN, VOLK UND PARLAMENT: NACH DER STAATSTHEORIE DER

FRANZ6SISCHEN NATIONALVERSAMMLUNG VON 1789, at 278-82 (1922); EGON ZWEIG, DIE LEHRE VOM POUVOIR CONSTITUANT: EIN BEITRAG ZUM STAATSRECHT DER FRANZbSISCHEN REVOLUTION 2 (1909).

  1. FRANCIS, supra note 18, at 73-74.
  2. Bu konsepsiyanın problemli tərəfləri üçün bax: WOLIN, supra note 8.
  3. CARL SCHMITT, VERFASSUNGSLEHRE (1928).
  4. Həmin yerdə, 234.
  5. Həmin yerdə, 252.
  6. Həmin yerdə, 227.
  7. Həmin yerdə, 237.
  8. Həmin yerdə, 228, 234; həmçinin bax: CARL SCHMITr, THE CRISIS OF PARLIAMENTARY DEMOCRACY9 (Ellen Kennedy trans., MIT Press 1985) (1923).
  1. SCHMITT, supra note 23, at 235.
  2. Həmin yerdə,229.
  3. Həmin yerdə, 243-44.
  4. Həmin yerdə, 239.
  5. Həmin yerdə, 242.
  6. Həmin yerdə, 242.
  7. Həmin yerdə, 237; həmçinin bax: CARL SCHMiTT, DIE DIKTATUR XII (1921).
  8. Bax: supra text accompanying notes 23-35.
  9. Stephen Holmes, Precommitment and the Paradox of Democracy, in CONSTITUTIONALISMAND DEMOCRACY 195-240 (Jon Elster & Rune Slagstad eds., 1988).
  10. PETER SCHNEIDER, AUSNAHMEZUSTAND UND NORM: EINE STUDIE ZUR RECHTSLEHRE VON CARL SCHM
  11. GRUNDGESETZ [Constitution] [GG] art. 146 (F.R.G.), reprinted in 6 CONSTITUTIONS OF THE COUNTRIES OF THE WORLD 79, 161 (Albert P. Blaustein & Gisbert H. Flanz eds., 1992)
  12. Həmin yerdə
  13. 34. SlEYts, supra note 10, at 124-25
  14. SlEYts, supra note 10, at 127
  15. THE FEDERALIST No. 40, at 253 (James Madison) (Clinton Rossiter ed., 1961).
  16. THE FEDERALIST No. 39, at 246 (James Madison) (Clinton Rossiter ed., 1961).
  1. LA CONSTITUTION [CONST.] of 1791, tit. VII, art. 1 (Fr.), reprinted in HENRY C. LOCKWOOD, CONSTITUTIONAL HISTORY OF FRANCE 273, 301 (New York, Rand McNally 1890).
  2. DECLARATION OF THE RIGHTS OF MAN AND THE CITIZEN art. 16 (FR. 1789), reprinted

in FIVE CONSTITUTIONS 267, 269 (S.E. Finer ed., 1979). Article 16 provides: “A society in

which rights are not secured nor the separation of powers established is a society without a

constitution.” Id.

  1. CARL J. FRIEDRICH, CONSTITUTIONAL GOVERNMENT AND DEMOCRACY: THEORY AND PRACTICE IN EUROPE AND AMERICA 21 (1941).
  1. JEAN-JACQUES ROUSSEAU, THE SOCIAL CONTRACT 50 (Maurice Cranston trans., PenguinBooks 1968) (1762)
  1. Həmin yerdə, 59
  2. Həmin yerdə
  1. Həmin yerdə, 61.
  2. Həmin yerdə, 60
  3. Həmin yerdə
  4. Həmin yerdə 95.
  5. JOHN STUART MILL, CONSIDERATIONS ON REPRESENTATIVE GOVERNMENT 308-10 (London, Longman, Green, Longman, Roberts & Green, 3d ed. 1865).
  1. Həmin yerdə, 310.

Haqqında Tərlan Əliyev

Həmçinin bax

1_wmNf87s66GBVmhpz74yUiQ

Öz müqəddəratını təyin etmə

Yarandığı 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) üzvlərinin sayı yalnız 51 idi. Bu gün isə ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *