Ana səhifə / Mədəniyyət / Milli Notlar

Milli Notlar

18 və 19-cu əsrlərin Avropa üçün dönüş nöqtəsi, inqilabi dəyişikliklər dövrü olduğunu desək, fikrimcə heç kəs inkar etməz. Həmin dövrlərdə olan sənaye inqilabı, yeni ixtiralar, müstəmləkə siyasəti və s. dəyişikliklər Avropada həm mədəni, həm də siyasi tərəqqi ilə nəticələnir və demək olar ki,  bugünkü Avropa da öz inkişafını əsasən həmin dövrə borcludur. Əgər siyasi olaraq millətçilik Herder və Fixte kimi romantik milliyyətçilərdən, Fransa Burjua inqilabından yararlanaraq bütün Avropada dominant ideyaya çevrilirsə, mədəni sahədə də klassik musiqi Bax, Bethoven, Mozart kimi dahilərlə öz zirvəsinə yüksəlir. Bu mədəni və siyasi inkişaf arasında bir əlaqə varmı? Əgər musiqi azaddır və beynəlmiləldir sözlərini bir aksioma kimi qəbul etsək qəti olaraq yox cavabını verməliyik. Ancaq dövrün musiqiçilərini, yazılan operaların mətnlərini, folklorun rolunu araşdırsaq, tamam başqa bir mənzərə ilə qarşılaşacağıq. Bu mənzərə dövrün tanıdığımız məşhur musiqiçilərinin millətçilik ideyalarının təsiri altında olmasını və ya musiqinin romantik millətçiliyə verdiyi töhfələri aydınlandıracaq.

Böyük Britaniya:

Böyük Britaniyada millətçilik ideyaları ölkənin siyasi proqressivliyi ilə əlaqəli olaraq digər Avropa ölkələrindən öncə başlayır. 1740-cı ildə yazılan “Hökm et, Britaniya” marşı buna ən gözəl nümunədir. Bu marş həmin dövrdən etibarən Britaniya ordusunun əsas marşlarından birinə çevrilir. Marşdakı sözlər əsasən milli ruh və milli fəxarət hislərində yazılıb. Belə ki, sözlərdə deyilir:

“Hökm et Britaniya, hökm et sən dalğalara

Britonlar qul olmaz, heç bir zaman yadlara”

19 və 20-ci əsrlərdə yaşamış Edvard Elgar da İngiltərədə milli ruhun qabardılmasında rol oynamış bəstəkarlardandır. 1901-1930-cu illər aralığında yazdığı marşlar (Pomp and Circumstances March) 1-ci dünya müharibəsində İngiltərədə xalqa yeni ruh gətirmiş və demək olar ki, qeyri-rəsmi himnə çevrilmişdi. O bu marşlarda həm Hamletin “Otello”sundan, həm də ingilis şair Lord De Tableyin “Qələbə Marşı” kimi əsərlərdən yararlanmışdı. “Qələbə Marşı”nda yazıldığı kimi hər kəs bu əsərin nümunəsində “millətin marşı”nı eşidirdi və təsadüfi deyildi ki, buna görə də Edvard Elgar öz musiqisilə millətçilik və vətənpərvərliyi əks etdirdiyi iddia olunurdu.

 

Almaniya:

Millətçilik ideologiya kimi yetişdiyi əsas yerlərdən biri də Almaniya idi. Alman ideoloqların digərlərindən fərqi əsasən romantisizm cərəyanına meyilli olmaları idi. Lüdviq Van Bethoven də Klassisizmdən Romantizmə keçid mərhələsində rol oynayan əsas musiqiçilərdən idi. Bu keçidin əsasən 1824-cü ildə yazdığı 9-cu simfoniyanın 4-cü hissəsindən başlandığı iddia olunur. Bu hissədə mətn Şillerin eyniadlı əsərindən götürülmüşdür və burada qardaşlığa və azadlığa çağırışlar edilir. Slavo Jijekə görə Bethoven və ya Şiller bu çağırışı ancaq alman xalqına deyil bütün insanlara edirdi və Bethovendən təkcə millətçilər yox müxtəlif ideologiyadan olan insanlar bəhrələnmişdilər. Bu hissə həm Nasist Almaniyasında, həm də olimpiyada oyunlarında Birləşmiş Almaniya Yığmasının himni olmuşdur.

Adolf Hitlerin ən sevimli bəstəkarı olan Riçard Vaqner də alman millətçi bəstəkarlardan və bunu ən qabarıq biruzə verənlərdən biri sayılır. O daha çox opera yazmaqla məşğul olur və burada italiyan ənənələrinin yerini almanla əvəz edir. Riçard Vaqneri Hitlerə sevdirən və əsasən tənqid olunmasına səbəb olan xüsusiyyəti onun anti-semit düşüncələri idi. Belə ki, 1850-ci ildə yazdığı “Musiqidə Yəhudilik” məqaləsində yəhudilərin yaradıcılıq bacarığının olmadığını iddia edir. Nasist Parti qurultayları əsasən Vaqnerin əsərləri ilə müşaiyət olunurdu və artıq bəstəkar həmin dövrdə milli simvola çevrilmişdi. Hitler öz xatirələrində yazırdı ki, hələ yeniyetmə olarkən Rienzi operası sayəsində öz taleyini, Almaniyanı birləşdirməli və gücləndirməli olduğunu anlamışdı.

İtaliya:

19-cu əsrin digər böyük musiqiçisi 1813-cü ildə İtaliyada doğulan Cüzeppe Verdi idi. Cüzeppe Verdi həm İtaliya parlamentinin üzvü və milli hərəkatının üzvü idi. 1830-1840-cı illərdə yazdığı operaların əsas mövzusu Avstriyanın İtaliyaya hücumları, itlyanların müdafiəsi barədə idi. Nabukko operasındakı Va Pensiero və ya Yəhudi Qulların Xoru hissəsi 1848-ci ildə Milanda millətçi mübrizənin simvolik musiqisinə çevrilir. Xorun mətnində isə vətəndən ayrı düşən yəhudilərin vətənə sevgisi təsvir olunurdu və bütün bunlara görə İtaliyanın millətçi lideri Mazzini Cüzeppe Verdidən himn belə yazmağı xahiş etmişdi.

Polşa:

Almaniya, İtaliya, İngiltərə kimi digər ölkələrdə də bəstəkarların milli simvolik rolları çox böyük idi. Polşada Şopenin mazurkaları o qədər milli somvolik əhəmiyyət daşıyır ki, hətta Nasist işğalı dövründə bu əsərlərin ifası qadağan edilir. Jozef Maxlisə görə çarizmə qarşı mübarizə Polşada milli şeirləri inkişaf elətdirdi. Şopenin Mazurkalarında da bu millilik əsas yer tuturdu. Şopenə millilik qatan digər xüsusiyyət isə onun polyakca şeirlərə musiqilər yazması idi.

Rusiya:

Rusiyada milli ideyanı Qüdrətli dəstə, Balakiryev dərnəyi, Yeni rus musiqi məktəbi adları ilə tanına 5 böyük bəstəkar yayırdılar. Bunlar Balakiryev, Musorqski, Borodin, Rimski-Korsakov və Sezar Küi idilər. Dərnəyin əsas məqsədi musiqidə rus milliliyini qorumaq idi və bu məsələdə Çaykovski ilə əks mövqedə idilər.

 

Bu bəstəkarlara əlavə olaraq Bohemiyadan Antonio Dvorakı, Finlandiyadan Sibeliusu, Ermənistandan Komitası və Azərbaycandan Hacıbəyovları da əlavə edə bilərik. Adını çəkdiyimiz bəstəkarların misalında musiqinin milli ideyalar üçün necə ilham mənbəyi olmasını da, bəstəkarların milli ideyalardan necə bəhrələnməsini də görə bilərik. Klassik musiqi dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəs üçündür ancaq bu fikir heç də klassiklərin saydığım fərqliliklərdən ilhamlana bilməyəcəkləri demək deyil.

Haqqında İsmayıl Zeynallı

Həmçinin bax

Asiatiska_folk,_Nordisk_familjebok

İrq, elmi araşdırmalar və türklərin varlığı üzərinə

İnsanlar müxtəlif qruplarda birləşdikləri vaxtdan özlərini başqalarından ayırmağa, qorumağa çalışıb. Bu davranışın təməlində bəsit bir ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *