Ana səhifə / İqtisadiyyat / Məhəmməd Əmin Rəsulzadənin iqtisadi düşüncələri

Məhəmməd Əmin Rəsulzadənin iqtisadi düşüncələri

Məhəmməd Əmin Rəsulzadə həmrəylik düşüncələri, milli iqtisadiyyat, əmək, əmək haqqı, vergi, kooperativçilik, beynəlxalq əmək bölgüsü, ticarət, inhisarçılıq və inflyasiya kimi iqtisadi kateqoriyalar barəsində yazılar yazmışdır. Onun ümumi iqtisadi düşüncələri arasında həmrəylik prinsipləri başlıca yer tutur. Məhəmməd Əmin Rəsulzadə sosial-iqtisadi məsələ kimi yanaşdığı həmrəylik düşüncəsini daha sonralar təkmilləşdirmiş, bu düşüncə milli təsanüdçülüyün əsasını təşkil etmişdir. O, cəmiyyətin həyatı ilə bağlı olan məsələlərdə hamını diqqətli olmağa çağırır, birlikdə iş görməyə təşviq edirdi. Yazılarında oxucularına xeyriyyə cəmiyyətləri təsis etmələri ilə bağlı müraciətlər edirdi. Bu cəmiyyətlər maarif məsələlərini maliyyələşdirməli, kasıblara əl tutmalı idi. (1) O, həmçinin eyni məqsəd üçün çalışan cəmiyyətləri qüvvələrini birləşdirməyə dəvət edirdi. (2) Birliyin önəmini vurğulayan M.Ə. Rəsulzadə yazırdı:

“… Hər bir şeyin qüvvəti birlikdədir. Birlik isə yalnız “Mən sənə yoldaşam” – deyib təsəlli verməklə olmaz. Bu dildə deyilən sözü əməl ilə də göstərməlidir”. (3)

Bu dövrdə mövcud olan xeyriyyə cəmiyyətləri toplanan vəsaitlər hesabına fəaliyyət göstərirdi. Dövrün milyonçuları bu kimi cəmiyyətlərə kömək etsə də, M.Ə. Rəsulzadə bu köməyin sadəcə varlılarla məhdudlaşmasını düzgün hesab etmirdi. Bütün əhalini birlik olmağa və köməkləşmədə iştirak etməyə səsləyirdi. Bütün camaatın iştirakı ilə toplanan məbləği ən gözəl və faydalı iş adlandıran Məhəmməd Əmin Rəsulzadə bunun geniş yayılmasını və təbliğ olunmasını xeyriyyə cəmiyyətləri üçün vəzifə hesab edirdi. (4) Yoxsulluğun əhalinin kasıb hissəsinin yaşadığı ərazilərdə anti-sanitar vəziyyətin yaranmasına səbəb olduğunu qeyd edən M.Ə. Rəsulzadə bu baxımdan kasıblara kömək etməyin lazımlı olduğunu vurğulayırdı. O, belə hesab edirdi ki, bu yardımlar nəticəsində anti-sanitar vəziyyət aradan qalxar, bu da yoluxucu xəstəliklərin azalmasına səbəb olar. Beləliklə bütün cəmiyyət fayda götürər. (1) M.Ə. Rəsulzadə sadəcə söz və yazılarla kifayətlənməyib xeyriyyə və maarif cəmiyyətlərinin işlərində yaxından iştirak edirdi.

Birgə işin önəmini və hər kəsin buradan fayda götürəcəyini vurğulayan Məhəmməd Əmin Rəsulzadə bu baxımdan Aristotelin insan modeli anlayışına yaxın düşüncələri müdafiə edirdi. Belə ki, Aristotel insanın yaşadığı cəmiyyətin faydası üçün çalışmalı olduğunu qeyd edirdi. İnsan bu fəaliyyəti nəticəsində cəmiyyətin qazandığı faydadan özünə də mənfəət əldə etmiş olurdu. Bu düşüncələri müdafiə edən M.Ə. Rəsulzadə fərdi mənfəət üçün görülən işlərə toxunur, fərdiyyətçiliyə qarşı çıxırdı. Bu baxımdan o, “Kooperativ cəmiyyəti” məqaləsində yazırdı:

“… Asiyanın künc bucaqlarında müstəmləkələr ələ salıb, orada olan əhaliyə birə on qiymətinə mal satan Avropa sərmayədarı asiyalının qumaş, paltar geyinməsi fikrindədirmi? Çəkmə hazırlayan fabrikanın qəsdi insanların ayaqyalın gəzməməsidirmi? Xeyr, bu deyil!

   Müxtəlif rəng və şəkildə olan zərif ayaqqabılarını sərgisinə düzən mağazaçı qapısında ayaqyalın durub həsrətlə ah çəkən biçarəni görmürmü? Anbarları, dükanları, mağazaları isti paltar ilə dolu olanlar soyuqdan ölənlər barəsində eşitmirlərmi? Qism-qism ləziz yeməklər, müxtəlif xörəklər, içkilər hazırlayıb satan ağalar bir çox fəlakətzadələrin quru çörək belə tapmayıb ölməklərini  eşitmirlərmi? …

   Əlbəttə ki, bilirlər, əlbət ki, bu ehtiyacların hamısını bilib, hamısını görür, hamısı barəsində məlumat alırlar. Bunların hamısını bilə-bilə, görə-görə ehtiyacları rəf etmirlər, etməzlər də… Çünki onların açdıqları işlərdə, gördükləri ticarətdə qəsdləri əhalinin ehtiyaclarını rəf etmək deyil, özlərinin alacaqları mənfəətlərdir”. …(5)

Göründüyü kimi M.Ə. Rəsulzadə burada fərdiyyətçiliyə toxunmuşdur. Fərdiyyətçiliyi görkəmli iqtisadçı olan Adam Smit geniş şəkildə araşdırmışdır. Adam Smitin insan modelinə görə fərdi mənfəətləri üçün çalışan şəxs cəmiyyətə də fayda verir. Bu barədə Adam Smit yazırdı:

“İnsan öz ətrafındakıların, demək olar ki, daimi yardımına ehtiyac duyduğu halda, bu yardımı yalnız onların xeyirxahlığında axtarmaq əbəsdir. O, daha uğurlu olmaq üçün, ətrafındakıların xudbinliklərini öz mənafeyi üçün istifadə edib, onları inandırmalıdır ki, onun istədiyini etmək onun marağındadır. … Yeməyimizi qəssab, pivəçəkən yaxud çörəkçinin xeyirxahlığından deyil, onların öz maraqlarına uyğun gələn hərəkətlərindən gözləyirik”.

Göründüyü kimi M.Ə. Rəsulzadənin düşüncələri Adam Smitin düşüncələrinə yaxındır. Buna baxmayaraq Adam Smit bu halı qanunauyğunluq kimi qəbul edir. M.Ə. Rəsulzadə isə fərdiyyətçiliyə tənqidi yanaşaraq bu düşüncənin əksini müdafiə edirdi.

M.Ə. Rəsulzadə Rusiya və Almaniya arasındakı iqtisadi münasibətlərdən bəhs edərkən milli iqtisadiyyat məsələlərinə toxunmuşdur. O, ölkənin emal sənayesinin inkişafını dəstəkləyirdi. M.Ə. Rəsulzadə qeyd edirdi ki, əgər ölkədə hasil olunan xammal ölkə daxilində emal edilməyib, xaricə ixrac olunarsa, bu mənfi haldır. Çünki xaricdə hazır məhsula çevrilən xammal sonradan ölkəyə daha baha qiymətə geri qayıdırdı və müstəmləkə iqtisadiyyatının yaranmasına səbəb olurdu. M.Ə. Rəsulzadə milli sənayenin inkişaf etdirilməsi üçün gömrük tənzimlənməsinin həyata keçirilməsini və milli məhsulların rəqabət qabiliyyətinin bu yolla artırılmasını təklif edirdi. (6)

M.Ə. Rəsulzadə fəhlələrin iş şəraitindən bəhs edərkən əmək və əmək haqqı problemlərinə toxunmuşdur. Onun bu mövzulara toxunduğu XX yüzilliyin əvvəllərində fəhlələr olduqca ağır şəraitdə gündə 11-12 saat işləyirdi. Məhəmməd Əmin Rəsulzadə bunu mənfi hal hesab edərək 8 saatlıq iş gününün tətbiq olunması düşüncəsini müdafiə edirdi. O, qeyd edirdi ki, 8 saatlıq iş günü tətbiq olunarsa, əməyin məhsuldarlığı və keyfiyyəti artar. M.Ə. Rəsulzadə öz düşüncəsini onunla əsaslandırırdı ki, daha yaxşı dincələn fəhlə 11-12 saat işləyən fəhlədən daha gümrah, daha diqqətlə çalışar. Bundan başqa 8 saatlıq iş gününün faydaları kimi ailədaxili əlaqələrin güclənməsini göstərərək qeyd edirdi ki, 11-12 saat işləyən fəhlələrin ailələrində soyuqluq və tərbiyə problemləri müşahidə oluna bilər. M.Ə. Rəsulzadə “Fəhləyə dair” məqaləsində 8 saatlıq iş günü haqqında yazırdı:

“… Heç bir qanun, heç bir şəriət, heç bir kitab, heç bir ağıl, heç bir elm, ictimaiyyət və ərvahi fəhlələrin müəllimlərdən, ruhanilərdən və amirlərdən ixtiyarları az olmasına işarə edə bilməz.

   Bunların cümləsini nəzərə alıb da fəhlə sinfi hər gün çəkdiyi zəhmət vasitəsi ilə məcburən öz ömrünün qəsdinə duran fəhlələrdən ötrü həmin 8 saatlıq iş rejimi tələb edir.

   Fəhlələr ilə bərabər biz də həmin ədalətli, həqqaniyyəti tələb edirik. Çünki ancaq ədalət vasitəsi ilə camaatın qədri ucalar, yüksəyə çıxar”. … (7)

Bundan başqa M.Ə. Rəsulzadə 8 saatlıq iş gününün işsizliyin azalmasına səbəb olacağını düşünürdü. O, öz düşüncəsini belə əsaslandırırdı ki, iş saatı azaldığı üçün sahibkarlar məhsuldarlığı artırmaq üçün yeni işçilər cəlb edəcək və işsizlik bu yolla azalacaq. Bundan başqa M.Ə. Rəsulzadə işsizliyin azaldılması üçün əmək birjalarının yaradılmasının önəmini vurğulayırdı. Onun əməklə bağlı düşüncələri sonralar Müsavat partiyasının proqramına salınmış, Cümhuriyyət dövründə 8 saatlıq iş günü, işçilərin sığortalanması kimi məsələlər haqqında qanunlar qəbul edilmişdir. (9)

M.Ə. Rəsulzadə əmək haqqının artırılmasını dəstəkləyirdi. O, belə hesab edirdi ki, işçilərin əmək haqlarının artırılması sahibkar üçün zərərli deyil, çünki işçi həm də müştəridir və onun əmək haqqının artması alıcılıq qabiliyyətinin də artmasına səbəb olar. Bu yanaşma iqtisadi ədəbiyyatlarda Jan Batis Seyin bazar qanunu olaraq xatırlanır. Bu qanuna görə istehsal özünü təmin edir. Başqa sözlə, hər bir kəs ona görə satır ki, alsın. Bununla da ifrat istehsal böhranı inkar edilir. Artan əmək haqqı ilə fəhlə sahibkarın məhsullarını da satın ala bilər.  (5)

M.Ə. Rəsulzadə Cümhuriyyət dövründə bahalıq səbəbindən fəhlələrin vəziyyətinin pisləşməsini bildirərkən əmək haqqının artırılmasını təklif edərək inflyasiyaya qarşı mübarizəyə toxunmuşdur. O, inflyasiyaya görə əmək haqqına əlavə edilməsini “bahalıq xərci” adlandırırdı və fəhlələrə tövsiyə edirdi ki, subay fəhlələr 120 manat, evli fəhlələr isə 360 manat məbləğində əmək haqqından əlavə bahalıq xərci alsınlar. (9) Bundan başqa təkcə bahalıq xərcinin verilməsinin yetərli olmayacağını qeyd edən M.Ə. Rəsulzadə süni qiymət artımı ilə mübarizə aparılmasının inzibati və iqtisadi yollarını məsləhət görürdü. Bunun bir yolu kimi ölkəyə önəmli istehlak məhsullarının idxal olunmasını təklif edirdi. Beləliklə bolluq yaranmalı və bu bolluq qiymətlərin azalmasını təmin etməli idi. Bundan başqa taxıl, un, bişirilmiş çörək, yem, at, iri buynuzlu mal-qara, ət və onun bütün növləri, qənd kimi məhsulların ixrac olunması qadağan olunmuşdu. Bütün bu tədbirlər qiymətlərin süni artımının qarşısını almağa yönəlmişdi. (10)

M.Ə. Rəsulzadənin toxunduğu məsələlərdən biri də vergilərdir. O, ədalətli vergi sisteminin qurulmasının önəmini vurğulayaraq, gəlir vergisinin tətbiq olunmasını müsbət hal kimi qəbul edirdi. Bu haqda o, “Müharibə vergisi” məqaləsində yazırdı:

“… Gəlirə görə vergi vergi üsulları arasında ən müvafiqidir: kimin nə qədər gəliri varsa, ona görə vergi verir. Azdan-az, çoxdan-çox. Yüz manat gəliri olandan məsələn 5 manat alınarsa, 1000 manat gəliri olandan 50 manat alınır. Hələ bu tənasüb mütərəqqi üsullara görə tətbiq olunarsa 1000 manat gəliri olandan 50 manatdan bir az daha çox təhsil olunar. Çünki çox gəliri olan adamın az gəliri olan adamdan həyatı daha geniş keçə biləcəyindən ondan nisbətən bir az daha artıq təhsil etmək ədalətə müğayir olmaz”. …(11)

Bu düşüncə hal-hazırda çağdaş vergi sistemlərində geniş şəkildə tətbiq olunur. Bunun ən yaxşı örnəyi kimi Skandinaviya ölkələrini göstərmək olar. “İşçi məsələsi” məqaləsində M.Ə. Rəsulzadə bu düşüncəni yenidən müdafiə edərək yazırdı:

“… Dövlət büdcəsinin ağırlığı onsuz da ağır bir həyat keçirən xalqın üzərinə deyil, daha ağ gün və daha zəngin siniflərin üzərinə yüklənməlidir”. … (8)

M.Ə. Rəsulzadə vergidən azad olunmanın aşağı həddi məsələsinə də toxunmuşdur. O, qeyd edirdi ki, gəliri onsuz da çox az olanlardan gəlir vergisi almaq onların vəziyyətini daha da ağırlaşdırır. Ona görə də, gəliri az olanlardan gəlir vergisi almamağı ədalətli hesab edirdi. Bu, hal-hazırda da çağdaş vergi sistemlərində tətbiq olunan qaydadır.

M.Ə. Rəsulzadənin iqtisadi məsələlərdə haqqında ən çox bəhs etdiyi mövzulardan biri də kooperativçilikdir. O yazırdı ki, kooperativ bir iş üstündə köməklə, əlbirliklə, yoldaşlıqla görülən səyə və edilən zəhmətə deyilir. Məhəmməd Əmin Rəsulzadə “Kooperativ cəmiyyətləri” məqaləsində yazırdı:

“… “kooperasiya” deyilən söz insanların bir-birinə kömək edərək birlikdə gördükləri işə deyirlər. İş ancaq insanların kooperativləmə, yaxud birlikdə işlədiklərinə cəhət mənfəətli olur, xeyir verib bir çox insanların bir yerdə məhəbbətlə gördükləri işləri ayrı-ayrı insanların hissəsini, payını, artırmaqla bərabər zəhmətlərini də azaldır”. …  (5)

M.Ə. Rəsulzadə kooperativ təşəbbüslərinin yayılmasını dəstəkləyirdi. O, qeyd edirdi ki, bu iş o halda müvəffəqiyyətə çatar ki, məhdud qalmayıb, camaat arasında da geniş yayılsın. Bundan başqa o, bildirirdi ki, camaat 5-10 manat dəstək verməklə yekunlaşmayaraq ehtiyacı olan məhsulları kooperativlərdən alsınlar. Beləliklə öz varlığını qoruyub saxlaya bilən kooperativlər bahalıq vaxtında əhaliyə ucuz qiymətə məhsul sataraq, onları inhisarçıların əlindən qurtarmalı idi. (12)

M.Ə. Rəsulzadə kooperativlərdən bəhs edərkən birgə əməyin fonunda beynəlxalq əmək bölgüsünə də toxunmuşdur. O, qeyd edirdi ki, bütün dünya sizin üçün işləyir, siz də bütün aləm üçün zəhmət çəkirsiniz. M.Ə. Rəsulzadə əmək bölgüsü və birlikdə zəhmət çəkməyi tərəqqi və mədəniyyət göstəricisi hesab edirdi. O, “Kooperativ cəmiyyətləri” məqaləsində yazırdı:

“… İnsanların biri hamı üçün, hamısı biri üçün işləyir. Əlbirliklə dünyanı dolandırırlar. Təklikdə hərəkət verilməsi müşkül və namüşkül olan dünya imran və sivilizasiyanı kooperasiya ilə irəli aparır.

   Bu surətlə bir az diqqət verəndə aşkar görünür ki, dünyanın bu varlığı bir kooperativdən ibarətdir.

   Dünya böyük bir kooperativdir!” (5)

M.Ə. Rəsulzadə ticarət məsələlərinə də toxunmuşdur. O, ticarətdən bəhs edərkən qiymətin aşağı salınması üçün məhsulun istehsaldan alıcıya gələnə qədərki müddətdə aradakı vasitəçilərin ləğv olunmasının tərəfdarı idi. Öz düşüncəsini onunla əsaslandırırdı ki, vasitəçilər mənfəət əldə etmək üçün qiymətin üzərinə əlavələr edirlər. Bu barədə M.Ə. Rəsulzadə “Kooperativ cəmiyyətləri” məqaləsində yazırdı:

“… Professor Ged deyir ki, qabaqda kəndistan yerlərində baş verən yanğını söndürmək üçün çəllək saxlanırdı ki, yanğı vaxtında su olan yerdən bu çəlləklərdə su götürüb əldən-ələ ötürülərək yanğının üstünə tökülməklə atəşi söndürməyə çalışılırdı. Məlumdur ki, yerindən alıb yanğı yerinə gəlincəyə qədər çəlləkdə olan suyun əvvəlki miqdarından daha yerində qalmırdı. Çünki əldən-ələ ötürüldükdə tökülüb dağılırdı. Sonra sənayeyi qənaət namüvafiq olan çəlləkləri nasos borusu əvəz etdi ki, suyu vasitəsiz olaraq yerindən alıb bir baş yanğı olan yerə vurmaqla məramına çatıb onu söndürməklə bir çox zərərlərdən əhalini xilas etməyə müvəffəq oldu.

   İndi olmazmı ki, çəlləklərə oxşar bir sənayeyi-vasitəkaran təşkil edən bu alış-verişçiləri elə bir  şeyə dəyişmək ki, onun vasitəsi ilə məhl xüsusdan çıxan məta vasitəsiz olaraq bir baş möhtacı olan müştərilərin əlinə keçsin də, daha bir qədər nahaq xərclər olmasın?” …(5)

Bundan başqa M.Ə. Rəsulzadə ticarətə realist yanaşma sərgiləyərək ticarətin milliyyəti nəzərə  almadığını vurğulayırdı. Bu baxımdan o, “Milliyyət və ticarət” məqaləsində yazırdı:

“… nə ticarət, nə də müştərilik milliyyət qanmır, hərgah belələri tapılarsa, o da onların fanatizminə mərtubdur. Bir fəqir bazara çıxıb bir arşın şilə almalıdır, o həmişə bunu gözləyir ki, bacardıqca harada yaxşısı və ucuzu var onu alsın, o tərəfdən də tamam satıcılar çalışırlar ki, bacardıqca çox satıb, çox mənfəət eləsinlər. Hər iki tərəf heç bir halda milliyyət gözləmirlər”. (13)

M.Ə. Rəsulzadə gəmiçiliyin fonunda inhisarçılıq və onunla mübarizə məsələlərinə toxunmuşdur. O dövrdə Bakı limanında daşıma xidməti həyata keçirən iri şirkətlər sindikatlar əmələ gətirərək, kiçik şirkətləri bazardan sıxışdırıb çıxarırdı. M.Ə. Rəsulzadə iri şirkətlərin birliyinə qarşı çıxmaq üçün kiçik şirkətləri də birlik olmağa, “kiçik gəmiçilər sindikatı” təşkil etməyə çağırırdı. (14) Bundan başqa M.Ə. Rəsulzadə bahalıq və qıtlığa səbəb olan inhisarçılara qarşı mübarizə aparmaq üçün vətəndaşları birlik olmağa çağırırdı. O, qeyd edirdi ki, inhisarçılığa qarşı mübarizə dövlətin borcu olsa da, bu yetərli deyil, Məhəmməd Əmin Rəsulzadə bunun aradan qaldırılması üçün məhəllə komitələrinin yaradılması düşüncəsini dəstəkləyirdi. Bu komitələr dövlətlə yanaşı vəziyyətə nəzarət etməli idi. Bu barədə o, “Bugünki seçkilər” məqaləsində yazırdı:

“… Hər şeyi hökumətdən gözləmək, hər şeydə özünə etimad etməyib “qəyyumun” tədbirinə sıxılmaq ancaq şəxsiyyətlərini azad istəməyən “zəiflərin” işidir. Özünü vətənin, məmləkətin müqəddəratına şərik bilən vətən əhli belə düşünə bilməz. O, öz ixtiyarı və bacarığına da inanar”.(15)

M.Ə. Rəsulzadə Cümhuriyyət dövründə torpaq məsələsinin ədalətli şəkildə həll olunması üçün bu mövzuya öz münasibətini bildirmişdir. O, keçmiş bəy və xanların əlində faydasız şəkildə qalan artıq torpaqların alınaraq kəndlilərə pulsuz verilməsini təklif edirdi. Bu zaman torpağın keçmiş sahibləri bu müsadirə qarşılığında onlara dəyən zərər üçün haqq almalı idi. O, belə hesab edirdi ki, kəndlilərə pulsuz verilən torpaqlar onların mülkiyyətinə keçməlidir. Çünki o, mülkiyyəti tərəqqi amili hesab edirdi və kəndlilər öz mülkiyyətində olan torpağı daha səylə əkib-becərməli idi. (16) Buna baxmayaraq Cümhuriyyətin vaxtsız süqutu nəticəsində torpaq məsələsi həll edilməmiş qaldı.

Məhəmməd Əmin Rəsulzadə görkəmli şair Nizaminin həyatından bəhs edərkən onun əsərlərindəki iqtisadi məsələlərə də rəy bildirmişdir. O, “Azərbaycan şairi Nizami” əsərində yazırdı:

“…Dini əxlaqa və ictimai anlaşmaya əsaslanan “Nizami sosializmi” ilə dini rədd edən və siniflər qovğasını əsas tutan qanlı “rus sosializminin” bir-birinə bənzər heç bir tərəfi yoxdur!..
Nizaminin Rusiyadan və ruslardan bəhsi isə aydındır: O, öz ana yurdunu və onunla birlikdə bütün mədəni dünyanı idealizə etdiyi qəhrəmanı İskəndərin əli ilə rus təhlükəsindən xilas etmiş və onu əsirlikdən qurtarmışdır. Həmin İskəndərə kəşf etdirdiyi “Cənnət şəhər”i o, yenə həmin İskəndərin əli ilə “yandırıb külə döndərdiyi bir yerdə” necə təsəvvür edə bilərdi?.. Belə bir imkansızlığı yalnız dünyanın bütün millətlərini hakimiyyəti altına alıb, onlardakı maddi-mənəvi bütün dəyərləri mənimsəmək istəyən qırmızı bolşevizmin ideoloqları təsəvvür edə bilərlər, Nizami yox!
Lütfünü gördüyü rejimə, bəlkə də məcburən, bir xoş söz olsun deyə, Bertelsin, bir də “zəmanəmizdə yaşamış olsaydı, Nizami bizimlə, yəni bolşeviklərlə birgə olardı!” hökmü vardır.
Fəqət, bizim fikrimizcə, sevgi ilə nifrət, rəhmət ilə lənət nə qədər bir araya sığa bilərsə, Nizami ilə bolşeviklər də o qədər birgə ola bilərlər!” ..(17)

 

Məhəmməd Əmin Rəsulzadənin sosial-iqtisadi yanaşmaları

Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olarkən də sosial-iqtisadi məsələlərə öz münasibətini bildirmişdir. O, milli dava və sosial məsələlərin bir-birindən ayrılmasını yolverilməz hesab edirdi. Bu barədə Məhəmməd Əmin Rəsulzadə “Milli mübarizədə sosial şüarlar” məqaləsində yazırdı:

“… Bir millət nə zaman müstəqil olur və bu istiqlalı nə üçün istəyir? Bu suallara cavab axtardığımız zaman milli istiqlal davası ilə sosial məsələlər arasında ayrılıq deyil, dərin bir bağlılıq olduğunu görürük. …” (18)

Məhəmməd Əmin Rəsulzadə sosial məsələlərdə kosmopolit məktəblərin sinfi mübarizə çağırışlarını dəstəkləmirdi. Milli hakimiyyət və milli istiqlalın təmin olunması üçün zümrə və siniflər arasında bir-birinə zidd mənfəətlər və çəkişmələr olmamalı idi. Bu baxımdan Məhəmməd Əmin Rəsulzadə sosial-iqtisadi məsələlərin həll olunmasını, həmrəylik əsasında millətin eyni mənafelərdən çıxış etməsini zəruri sayırdı. O, “Milli mübarizədə sosial şüarlar” məqaləsində yazırdı:

“… Milli istiqlal – bu bir zərfdir, içindəki isə – milli hakimiyyətdir. Onu təşkil edən təbəqələr arasında nisbi olsun, ictimai müvazinət və yenə nisbi olsun, iqtisadi rifah təmin edilməyən bir cəmiyyətdə isə milli hakimiyyət təsisi qeyri-mümkündür. …” (18)

Məhəmməd Əmin Rəsulzadə siyasi hakimiyyətin uğur qazanması üçün onun proqramında iqtisadi məsələlərə və sosial şüarlara yer ayrılmalı olduğunu qeyd edirdi. O, Müsavat partiyasının Rusiya Müəssislər Məslisində, 1917-ci ildə Bakıda yerli sovet seçkiləri zamanı, eləcə də Cümhuriyyət dövründə seçkilər zamanı uğur qazanmasının səbəbini iqtisadi məsələlərin gözardı edilməməsində görürdü. Məhz bu səbəbdən də qeyd edirdi ki, o dövrdə beynəlmiləl fəhlə şəhərinə çevrilmiş olan Bakıda türk fəhlələrinin səsi sosialistlərə yox, onlara verilmişdi. Cümhuriyyət dövründə partiyanın proqramına sosial-iqtisadi məsələlər daxil edilmiş, bu zaman ifratlara və kosmopolit düşüncələrə yer verilməmişdi. Bura zəruri tələbat mallarının qiymətinin ucuzlaşdırılması üçün gömrük rüsumlarının aşağı həddə gətirilməsi, milli sənayenin inkişafı üçün gəlir vergisini qəbul etmək kimi məsələlər daxil idi. Eyni zamanda təbii sərvət və mədənlərə sahib olan bölgələrin dövlət mülkiyyətinə çevrilərək milliləşdirilməsi kimi məqamlar da bura daxil edilmişdi. (18)

Məhəmməd Əmin Rəsulzadə sosial məsələlərlə məşğul olmağı zərurət, bu məsələləri milli davanın faydası naminə həll etməyi isə borc hesab edirdi. Bu kimi düşüncələr iqtisadi istiqlala sahib olan dövlətdə siyasi təhlükəsizliklə dövlətçiliyin təhlükəsizliyini təmin etməli idi. Azərbaycanın istiqlalına qarşı yönəlmiş bolşevik təhdidi pozuculuq siyasəti həyata keçirirdi. Onun Azərbaycandakı qolu isə “beşinci kolonna” rolu oynayaraq sabitliyin əldə olunmasına maneçilik törədir, ölkədə sinifləri vuruşdurmaq xəttini əsas tuturdu. Onlar bu işdə sosial şüarlardan geniş istifadə edirdilər. Bu baxımdan Məhəmməd Əmin Rəsulzadə “Milli mübarizədə sosial şüarlar” məqaləsində yazırdı:

“… sinifləri vuruşdurmağa deyil, barışdırmağa çağıran təsanüdçü (solidarist) sosial sistemdən gələn şüarlar ayırmaz, toplayar və bu surətlə də milli istiqlal anlamı ilə təzad deyil, tam bir ahəng təşkil edərlər! …

Bu özü-özünə təsanüdlü və məsud bir varlıq təsəvvür etdiyimiz ahəngdar milli cəmiyyətin həm davamı, həm də istiqlalının təmini üçün zəruri və daimi bir qayədir! …”(18)

 

Məhəmməd Əmin Rəsulzadə və Milli təsanüdçülük

 Məhəmməd Əmin Rəsulzadə “Milli təsanüd” məqaləsində iqtisadi düşüncələrə geniş yer vermişdir. Təsanüd sözü həmrəylik mənasını verir. Bu anlayış termin kimi solidarizm olaraq da qəbul olunmuşdur. Bu məqalədə Məhəmməd Əmin Rəsulzadə liberalizm və kommunizmi müqayisə edərək çatışmazlıqlarını tənqid etmiş, bu sistemlərə qarşı solidarizmi önə çıxarmışdır.

Məhəmməd Əmin Rəsulzadə hürriyyət prinsipləri ilə mülkiyyət əsasının mədəniyyət tarixində böyük rol oynadığını qeyd etmişdir. O, hürriyyəti elm, fənn, fəlsəfə və estetika sahəsində görülən parlaq müvəffəqiyyətlərin anası, mülkiyyəti isə onlarla birlikdə gedən sənaye inqilabı nəticəsindəki maddi tərəqqilər ilə iqtisadi inkişafı meydana gətirən amil hesab edirdi. (19)

Məhəmməd Əmin Rəsulzadə iqtisadi sistemlərə münasibət bildirərkən onlara dövri baxımdan yanaşmışdır. Liberalizmə münasibət bildirərkən onun formalaşdığı illərdə öz funksiyalarını yerinə yetirə bilməsindən, sonra isə getdikcə sıradan çıxmasından bəhs etmişdir. O, “Milli təsanüd” məqaləsində yazırdı:

“… Liberal dövlət müəyyən bir zamana qədər tarixi vəzifəsini müvəffəqiyyətlə görmüş, feodalizm sisteminə bağlı qalan cəmiyyət qüvvələrinin hər sahədə açılaraq irəliləməsini təmin etmişdir.
Fəqət, hər tarixi cəmiyyət növü kimi, zəncirlərini qıraraq böyük bir sürətlə irəliləyən liberal cəmiyyət də, içindəki əks qüvvələrin böyüməsi ilə yeni ictimai təzadlar qarşısında qalmışdır. …”
(19)

Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi ki, başıboş rəqabətə əsaslanan liberal istehsal sistemi təşəbbüskar və eqoist fərdlər arasında hüdud və ölçübilməz bir mübarizəyə səbəb olmuşdur. O, belə hesab edirdi ki, kapitalizmi meydana gətirən liberalizm siyasətdə azadlıq, mənən azadlıq, iqtisadiyyatda azadlıq vəd etsə də, vətəndaşlar sabahı məchul, bir dilim çörək qazancının əsiri olacaq hala gəlmişdir. Qeyri-bərabərlik kəskinləşmiş, bir tərəfdə gözqamaşdıran əfsanəvi zənginlik, o biri tərəfdə isə ürək yandıran səfalət hökm sürmüşdür. Məhəmməd Əmin Rəsulzadə liberal dövləti öz sisteminin məhsulu olan kapitalizmin meydana gətirdiyi böhranla mübarizədə aciz hesab edirdi. (19)

Məhəmməd Əmin Rəsulzadə liberalizmin mənfi cəhətlərini tənqid edərkən onunla müqayisə olunan kommunizmə də münasibətini bildirmişdir. O qeyd edirdi ki, məhz kapitalizmin yaranması nəticəsində meydana çıxan proletariat sinfi ona əsaslanan inqilabçı sosializm ideyasını yaradır. Məhəmməd Əmin Rəsulzadə kommunizmi hürriyyət və mülkiyyət prinsipləri üzərində qurulan mədəniyyəti bütün əsərləri ilə inkar edən radikal cərəyan hesab edərək bunun ən amansız nümunəsi kimi Rusiyadakı bolşevizmi misal göstərirdi. Liberalizmin mənfi cəhətlərini qəbul edən Məhəmməd Əmin Rəsulzadə Marksist məktəbin nümayəndələri kimi kommunizm inqilabı ideyasını dəstəkləmirdi. O, bu sistemin də liberalizmlə müqayisə edilməyəcək dərəcədə vasid bir sistem meydana gətirdiyini bildirmişdir. O, həmçinin pisliyin mənbəyinin hürriyyət və mülkiyyət prinsiplərində olmasını da qəbul etmirdi. Bütün bunlara əsaslanan Məhəmməd Əmin Rəsulzadə hər iki iqtisadi sistemə qarşı solidarizmi ön plana çəkirdi. O, “Milli təsanüd” məqaləsində yazırdı:

“… Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə dəinsanları mənliyindən çıxararaq bir kölə və maşın halına gətirən kommunizm əsarəti! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm! O halda: İkisini uzlaşdıran solidarizm (təsanüd). …” (19)

Məhəmməd Əmin Rəsulzadə solidarizmdən bəhs edərkən qeyd edirdi ki, bu sistemdə əsri mədəniyyətin əsasını təşkil edən hürriyyət, şəxsi təşəbbüs və mülkiyyət əsasları dəyişməzdir. Buna baxmayaraq dövlət mütləq liberalizmdə olduğu kimi fərdlər, siniflər və zümrələr arasındakı münasibət və mübarizələrə laqeyd deyildir. Bu sistemdə hürriyyət də mülkiyyət də mütləq deyil, şərtidir. Şərt isə hamının mənfəəti və dövlətlə millətin salamatlığıdır. Məhəmməd Əmin Rəsulzadə “Milli təsanüd” məqaləsində yazırdı:

“… Şəxsin olsun, zümrə və ya sinfın olsun hürriyyəti, topluluğun yüksək mənfəətləri və hürriyyətini pozmamaq şərtləri ilə çərçivələnmişdir. Liberalizm, bu hüdudu bir şəxsin hürriyyəti ilə digər şəxsin hürriyyəti arasında etibar edirdi, bunun üçün də dövlətin vəzifəsini sadə, bir polis və məhkəmə dərəcəsinə endirmək istəyirdi. Solidarizmdə isə, dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır. …” (19)

Bu surətlə solidarizm, hürriyyət və mülkiyyət müəssisələrində qoyulmuş təbii təşəbbüs və irəliləmə həmlələrini zədələmədən, kapitalizmin liberal sistemində ümumi mənfəət zərərinə işləyən ifratların önünə keçərək vəzifəsini dövlətə verir. Solidarizm cəmiyyətində fərdlər arasında həmrəylik hökm sürməli, onların ümumi maraqları üst-üstə düşməlidir. Cəmiyyətin maraqları fərdin maraqlarından üstün tutulmalıdır. Bu baxımdan solidarist cəmiyyət milli dövlətçiliyə xidmət etməlidir. Məhəmməd Əmin Rəsulzadə liberalizm və kommunizmi beynəlmiləl və kosmopolit adlandırır, solidarizmin isə milli olduğunu qeyd edirdi. Solidarizmdə dövlət həm fərdin, həm də cəmiyyətin maraqlarını təmin etməli idi. (19)

Məhəmməd Əmin Rəsulzadə solidarizmlə bağlı “Milli təsanüd” məqaləsində yazırdı:

“… Madam ki, milliyyətçiyik deyirik; madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit liberalizmə, nə də kommunizmə yönəlmə düzgün ola bilməz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir”.  (19)

 

 

 

 

İstinadlar

  1. “Hümmət və qeyrət vaxtıdır” məqaləsi. “Şərqi-rus”. № 19. 14 may 1903.
  2. “Xeyriyyə və maarif cəmiyyətlərimiz” məqaləsi. “Tərəqqi”. № 17 oktyabr 1908.
  3. “Hümmətür-rical təqləül-cibal” (Kişilərin hümməti dağları qoparar) məqaləsi. “Hümmət”. № 3, 1905. (Bax: “Açıq söz”. № 513. 5 iyul 1917.)
  4. “Milli bir vəzifə qarşısında” məqaləsi. “İqbal”. № 13 yanvar 1915.
  5. “Kooperativ cəmiyyətləri” məqaləsi. “Tərəqqi”. № 58, 65, 68. 22 və 30 sentyabr; 3 oktyabr 1908.
  6. “Rusiya əhvali-iqtisadiyyəsi və gömrük islahı” məqaləsi. “İqbal”. № 765. 16 oktyabr 1914.
  7. “Fəhləyə dair” məqaləsi. “İrşad”. № 103, 122, 133. 3 və 25 may; 7 iyun 1906.
  8. “İşçi məsələsi” məqaləsi. “Azərbaycan”. № 63. 12 dekabr 1918.
  9. “Əmələ məsələsi” məqaləsi. “Azərbaycan”. № 94. 24 yanvar 1919.
  10. “Tədbir gərəkdir” məqaləsi. “Azərbaycan”. № 100. 29 yanvar 1919.
  11. “Müharibə vergisi” məqaləsi. “İqbal”. № 756. 6 oktyabr 1914.
  12. “Bizdə kooperativ təşəbbüsləri” məqaləsi. “Açıq söz”. №258.14 avqust 1916.
  13. “Milliyyət və ticarət” məqaləsi. “Təkamül”. № 3. 30 dekabr 1906.
  14. “Bakı bəndəri” (Bakı limanı) məqaləsi. “Tərəqqi”. № 81. 21 oktyabr 1908.
  15. “Bugünki seçkilər” məqaləsi. “Açıq söz”. № 19. 25 oktyabr 1915.
  16. “Milli məsələlər. Azərbaycan Heyəti-Mürəxxəsi rəisi Rəsulzadə Əmin bəyin mühüm bəyanatı. “Yeni məcmuə”. № 54. 25 iyul 1918.
  17. Azərbaycan şairi Nizami. 8 aprel 1949. Ankara.
  18. “Milli mübarizədə sosial şüarlar” məqaləsi. Milli Azərbaycan Müsavat Xalq Partiyasının bülleteni, noyabr 1937, Berlin.
  19. “Milli təsanüd” məqaləsi. “Azərbaycan”. № 12. 1 mart 1952.

 

Ədəbiyyat

  • Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərləri. I cild (1903-1909)
  • Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərləri. II cild (1909-1915)
  • Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərləri. III cild (1915-1916)
  • Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərləri. V cild (1918- aprel 1920)
  • Milli birlik

Haqqında Əli Qurbanlı

Əli Qurbanlı

Həmçinin bax

moralbook

“Geridəqalmış cəmiyyətin mənəvi əsasları” kitabından bir hissə

“Geridəqalmış cəmiyyətin mənəvi əsasları” kitabı 1958-ci ildə nəşr olunmuşdur. Kitabın yazarı Edward C. Banfield araşdırma ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *